(Ya da Özgəliyin şöhrətsevər yavruları)
Biz ayrı-ayrı çağlarda vurğu eləmişik ki, toplumun boynuna dırmaşıb hündür görünmək istəyən adamlar həmişə milli dirçəlişə zərər verirlər. Belə adamlar heç vaxt toplumsal dəyişikliklər yaratmırlar, baş verən toplumsal dəyişiklik ortamında çalışmaların hərəkətverici qüvvəsinin öncüllərindən biri kimi görünməyə çalışırlar.
Sadə toplumun daxili ehtiyaclarından doğan məsələləri yazılarda, çıxışlarda vurğulamaqla, onun (toplumun) sevgisini qazanmaq iştahı ilə, meydan sulamaq həvəsinə düşürlər. Bəzən onlar (bəlkə də ən çox hallarda) bilərəkdən, ya da bilməyərəkdən ölkədə bəlli senarilərlə iş quranların, proje həyata keçirənlərin alətinə çevrilirlər. Bu cür alətə çevrilməyin maddi qarşılığını alanlar da olur, sadəlövhcəsinə düşdüyü durumlardan xəbərsiz olanlar da. Biz dönə-dönə basın yayınlarında çıxış eləmişik, çağımızda “Türkçülük axımı” adına ortaya çıxanlar bölgədə, ya da yurdumuzda öz çıxarlarını ödəməyə çalışanların yalançı, zərərli Türkçülük təbliğatına uyurlar. Hər kəsi qırıb-çatıb Turan imperiyası qurmağa çağırış edənlərin üzdə olanları məqsədyönlü iş aparan dış güclərin buyruğunda hərəkət eləyənlərdir. Sovetlər dağılandan üzü bu yana, bir çağlar Avropamərkəzçiliyin Türkə atdığı “vəhşi türk” böhtanını sanki dirçəltməyə çalışırlar…
Yadlığa, özgəçiliyə türk, türkçülük donu geyindirib aranı qarışdıranlar dərəni xəlvət görüb, özlərinə şöhrət haləsi yaratmaq həvəsi ilə, milli mübarizə apardıqları görsənişi yaradırlar. Onlardan birinin adını bu yazıda vurğulayıb düşündüklərini hallandırmağı uyğun sayırıq.
Yaxın adamlardan biri Feysbukda yayınlanmış “Tarix yenidən yazılmalıdır başlıqlı bir yazıya baxış sərgiləməyimi önərdi. Yazı tanınmış yazar Yasəmən Qaraqoyunluya özgün idi. Öncələr də mən bu adama, Feysbuk üzərindən, danışdıqlarına, davranışlarına çəki-düzən verməsini önərmişdim. Ancaq deyəsən şöhrətsevərliyi onu bu önəridən uzaq tutur. Adam ciddi öyrənmədiyi, bilmədiyi məsələlərdən elə asan danışır, heç bir məsuliyyət daşımır. Alimlik diplomu alıb deyə, nə gəldi, necə gəldi danışmaqda özünü azad, sərbəst görür. Gözə almır ki, hər şey vaxtın, gələcəyin süzgəcindən keçir. Bu gün özünü ağıllı, bilikli göstərməklə Sabahın işığında böyük görünmək mümkün deyil. İndi ağıllı olmaq – ziyanın yarısından da qayıtmağı bacarmaqdır.
Öncələr bu xanıma sayğı duyardım. Bəzi yazıları, bəzi milli aydınların yanında görünməsi buna səbəb verirdi. İllər öncə Güney Azərbacanla bağlı bir toplanıtya qatılmışdım. Toplantının təşkilatçılarından biri Yasəmən Qaraqoyunlu idi. Oradan çıxandan sonra 4-5 nəfər birlikdə çay süfrəsinə oturduq. Aramızda ən çox danışan Yasəmən xanım idi. Ancaq ən çox da oxumadığı, öyrənmədiyi məsələlərdən danışırdı. Hətta “Avesta”nı, “Cavidannamə”ni oxuduğunu iddia edirdi. Ona bunların Azərbaycanda olmadığını bildirəndə “ola bilər onların haqqında oxumuşam” dedi. Onun şöhrətsevərliyi üzündən yalan danışması, özünü gərəksiz yerə bilikli göstərməyə çalışması, açığı ona qarşı sayğımı azaltdı.
Yasəmən Qaraqoyunlu son çağlar daha çox özünü ifşa yolu tutub. Gah siyasətçi kimi çıxış edir, gah tarixçi kimi, gah da filosof kimi görünməyə çalışır. Adı çəkilən sahələrin hər birində də naşılığı açıq şəkildə görünür. Bir çağlar indiki hakim rejimə qarşı sərt baxışlar sərgilədiyi halda, bu yaxınlarda rejimin ikinci şəxsinin – Mehriban Əliyevanın dövlət başçılığına uyğun aday olacağını təbliğ etməyə başlamışdı. Yanılmıramsa, Azərfredom TV-də onun bu təbliğinə qarşı tənqidi baxışlar da sərgiləndi. Söz yox, heç kim tənqidə qapalıı, toxunulmaz deyil. Söhbət millətçi kimi görünən bir adamın kəskin mövqe dəyişikliyi sərgiləməsindən, sağ-sol getməsindən gedir.
Adam özünü millətçi kimi tanıtmağa çaışır, ancaq milli dəyərləri tanımır. Belə demək olar, ya öyrənməyib, ya da dərk eləməyib. Məsələn, hürufiliyi kabalizmlə eyniləşdirib dışlayır. İndi də Məhəmməd peyğəmbərin türk soyundan olduğunu isbatlamağa çalışır. Birincisi, ərəb dini, dili, imperiyası yaradan bir şəxsin türk olması nə anlam daşıyır, bunu anlamır. Bu gün İranda milli düşünərləri dara çəkdirən Xomeneyinin də canı-cəmdəyi türkdür, – türklüyün ləyaqətini işğal eləyən komprodor bir bioloji varlıq. Yəqin 200 il sonra yeni Yasəmən Qaraqoyunlular ortaya çıxıb, Xomeneyi ilə qürur duymaq üçün, şöhrət dağarcığı düzəldib xalqa sırımağa çalışacaqlar. İkincisi, bu adam, bütöv bəşəriyyətə örnək olan, hürufi baxışının insana verdiyi dəyərləri gözardı edərək, acığının astarı ilə kəskin şəkildə sola burulur. Kəskin burulması ilə kəskin də şübhələr doğurur. Doğrudur, Yasəmən Qaraqoyunlunun öyrənmədiyi nəsnələrdən danışmağa alışqanlığı var, ancaq hürufiliyin Tövratdan öncəki yəhudi baxışına dayandığını iddia eləmək tək savadsızlıq məsələsi deyil…
Bu şübhəni bir az da son yazılarından biri möhkəmlədir. Belə ki, “Tarix yenidən yazılmalıdır” başlıqlı yazısında sanki özünün yad buyruqlara axıcı olduğunu açıb göstərir. O bu yazısı ilə “Düzgün Atalıya cavab” verdiyini vurğulayır. Bununla da “torbada pişiyin olduğunu”u göstərir. Axı Düzgün bəyin statusunda bu xanımın adı çəkilməyib. O yazıb ki: “Bəzi özünü millətçi sayan elm, qələm adamları Ocaqnejatın layihələrində yer alırdılar”. Status sözbəsöz belə deyil, ancaq məzmunu budur. Eldə məsəl var, deyilir: “Soğan yeməmisən, için niyə acıyır?!”. İkinci bir yandan, axı sən Düzgün Atalıya cavab vermirsən, Asif Atanı ələşdirməyə girişirsən. Bununla da baxışları əsas məsələdən yayındırmağa çalışırsan. Məchul bir orbit cızmağınla yenə unudursan ki, Asif Atanın dayandığı yüksəklikdən danışmağa sənin çapın, gücün yetməz. Nədən bu qədər çox tıncıxırsan?! Axı anlamsız çabalar göstərdikcə özünü daha çox ifşa edirsən. Nə üçün ağlını diziyin gücü çatmayacaq yoxuşlara sürürsən?! Az-çox hörmətin vardı, boşuna tükətmə, Yasəmən Qaraqoyunlu.
Baxın, Yasəmən Qaraqoyunlu nə yazır: “Düzgün Atalı bizə yazır ki, Türk millətçiləri Ocaqnejatın layihəsində iştirak edirlər. Bilirəm ki, bu fikri biz islamı inkar etmədiyimiz üçün, Asif Atanın uydurduğu cəfəng Mütləqə İnam ideyasına uymadığımız üçün deyir. (Stalin də, kommunizm də özünü mütləq elan etmişdi. Heç bir ideologiya, din, fəlsəfə və insanın yaratdığı düzən mütləq deyildir. Hər şey axır, hər şey dəyişir. Yalnız Evrenin, Doğanın qanunları mütləqdir)…”
Çox ilginc görsənişdir, mən bu xanımın oyunbaz olduğunu heç düşünməmişdim. Sözü fırlayır, oynadır, açıq görünür ki, nələrisə gizləməyə çalışır. Hər şeyi bir-birinə qatıb-qarışdırır ki, baxışları çaşdıra bilsin. Onun bu manevrindən görünən odur ki, bu xanım gerçəkdən Ocaqnejatların kölgəsindədir, işığa çıxmağa dartınır. Axı adı çəkdiyi məsələlər tamam fərqli-fərqli məzmun daşıyan məsələlərdir. Düzgün Atalı da bu məsələlərin heç birinin adını çəkib hallandırmaq üçün səbəb vermir. Sadəcə Yasəmən xanım, yuxarıda dediyimiz kimi, özünü gizləməyə çalışır. Filosofluğu da bacarmadığı üçün primitiv bir siyasətçi kimi davranır. Özünün “nal-mıx” davranışlarına da yandaş toplamaq üçün mollalıq həvəsinə düşür. Yandaşlarına özünün əzabkeş, təqib olunan, hücumlara uğrayan obrazını quraşdırıb sırımağa çalışır. Anlaya bilmir ki, onun bu davranışları kiçikliyin bəraəti üçündür. Düşünmür ki, az-çox sözü tanıyan adamlar oyunlardan baş çıxarır. Kimdir səni sıxışdıran, təqib edən – Asif Atanın 3-5 yoxsul, heç bir maddi, fiziki etkisi olmayan Ocaqçılarımı?! Sən təqib oluna bilməzsən, çünkü şərlə döyüşmək gücünə sahib deyilsən. Asif Atanın adını sevgi ilə, sayğı ilə tutanlardan yalan yerə özünə rəqib uydurma, ayıbdır. Asif Ataya tünd pərdə arxasından baxırsan, elə bilirsən üstünə ordu göndərir. Özünü bunca uydurmaq kimi yazıqlığın bundan ötəsi yoxdur.
Mütləq heç nə yoxdur deyirsən, hər şey axır, dəyişir. Bunu da öz “axıcılıq” qabiliyyətinə bəraət kimi yazırsan. Əgər hər şey dəyişkəndirsə, mütləq – bütöv heç nə yoxdursa, deməli, sənin millətsevərliyin də, vətənsevərliyin də dəyişkəndir. Deməli, ora-bura yüyürməyinizdə, nala-mıxa vurmalarınızda da qəbahət yoxdur, çünkü sənin dilinlə deyilir, hər şey dəyişkəndir.
Ömründə bir yol bir şeyi sonacan öyrən, sonra danış. Asif Atanın da bircə kitabını götür, oxu. Onda bəlkə anlaya bildin, Asif Atanın Mütləq dediyi nədir, Dəyişkən dediyi nə.
Yazırsan ki, Asif Ata rəqiblərinə cavab vermirdi, linc edirdi. Yasəmən Qaraqoyunlu, öncə bilməyin gərək, Asif Atanın rəqibi yox idi. Çünkü o, şərlə döyüşürdü, rəqibliyə enəcək qədər adi deyildi. Yəqin ki, “Alabaş Nəzərli”ni, ya da alabaş nəzərliləri nəzərdə tutursan. Alabaş Nəzərlilər şərin nökərləri idilər. Asif Atanın ideya bağçasında alaq kimi görünməyə çalışırdılar, Asif Ata da onları qoparıb tarixin zibil qutusuna atırdı. Sənə də önərim, elələrinə bənzəmə.
Çox tez-tez fəlsəfi, ədəbi anlayışlar (terminlər) sadalayırsan. Eləcə də bir sıra bilginlərin adlarını sadalayırsan, söz güləşdirdiyin adamlara onları oxumağı önərirsən. Yasəmən Qaraqoyunlu, onu-bunu bilmək bilikli olmaq anlamına gəlməz. Bir az da özündən bilik ortaya qoy.
Sonra da ayrı-ayrı fatehlərin adını sadalayıb milli dəyər kimi tanıtmağa çalışırsan. Bilməyin gərək, tarixə hökm edənlər milli tarix yaratmırlar, bir dönəmdə qol-güc olayları yaradırlar. Bu zaman milli dəyərlərə də zərbə vururlar. Sən fəlsəfə diplomu alıbsan (ya da veriblər). Ancaq keçmişə də, gələcəyə də fəlsəfi açıdan deyil, hərbi açıdan yanaşıb mənəvi-ruhani dəyərlərimizə arxa çevirirsən. Söz yox, fatehlərin, qan hərislərinin gücünü öz ürəyinin səadəti saymaq, onunla öyünmək, onunla məhdudlaşmaq ruhaniyyatı anlamağa tərsdir.
Biz dövlətçilik tariximizdə əməyi olanların əməyini alqışlayır, təqdir edirik. Ancaq milli varolmanın özülü, özəyi saymırıq. Özül – İnsanilikdir, Mənəvilikdir, Ruhanilikdir. Gücə pərəstiş eləmək, ruha, mənəviyyata arxa çevirmək heç kimə baş ucalığı gətirməz.
Tez-tez Türk-islam sivilizasiyası sözü işlədirsən. Bugününə bax, toplumun durumunu araşdır, Osmanlının son durumunu öyrən, gör millət olaraq, nə əldə eləmisən, gələcəyə nə ilə gedirsən?! Atatürk olmasaydı, Osmanlıdan heç nə qalmayacaqdı, Türkiyə belə olmayacaqdı. Ancaq by gün sənin də pərəstiş elədiyin Ərdoğan Atatürkə qarşı nə qədər hürüşlər yaratdı. Ən ağır təhqirlərə uğradı Atatürk, abidələrinə od vuruldu. Kim elədi bunları – Ərdoğanın “imam xatibləri”, meydan verdiyi “islam fədailəri”.
Mollaqafalı yazarları oxumağı önərirsən?! Sən də bizləri (xalqı özümləşdirməyə çalışanları) oxumursan, heç olmasa, bir az “NUTUK”u oxu, Nihal Atsızı oxu, islamdan öncəki Türk Törələrinin sistemini öyrən. Onda özünü heç kimə sırımağa çalışmayacaqsan, gerçəkdən Milli dəyərlərin, Millət sevgisinin, İnsan sevgisinin nə demək olduğunun MÜTLƏQ səviyyəsini anlamağa başlayacaqsan. Hərçəndi sən “mütləq” heç nə yoxdur deyirsən…
Sənə uğurlar diləyirəm, Yasəmən Qaraqoyunlu!
Yönünü, yanını (tərəfini), davranışını doğru bəlirləməyə çalış. Yox, yox, yanlış anlama, səni Asif Ataya “uymağa” çağırmıram. Milli dəyərləri doğru öyrənməyə çağırıram.
Bu işdə ürəyinə qüvvət diləyirəm.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
27 Xəzan Ayı, 43-cü il. Atakənd.
(oktyabr, 2021. Bakı).