Azərbaycanda iki sahənin – jurnalistikanın və poeziyanın nə özü, nə təmsilçiləri gün görəcək. Baxmayaraq ki, bu sahələr müqəddəslik mahiyyətindədi və kifayət qədər nüfuzlu təmsilçiləri var, ancaq yenə də urvatsız olacaq! Olub və olacaq da…
Nizami Gəncəvisi sultanın 16 para kəndin üstündə verdiyi kənizi ilə evləndi!
Yerlə-göylə əlləşən Füzulisi 9 axçanın həsrəti ilə öldü!
Nəsimisi Hələbdə soyuldu, Xaqanisi didərgin düşdü, Seyid Əzimi Şirvanda qapı arasında öldürüldü, Sabiri vərəmlədi, Hüseyn Cavidi sürgün olundu, Həsən bəy Zərdabisi, Əli bəy Hüseynzadəsi, Əlimərdan bəy Topçubaşovu, Məhəmməd ağa Şahtaxtinskisi var-yoxlarını qoydular qəzet üçün.
Söz İlahidəndi, mayası Ondandı, bizim Sözü İlahidən deyənlərimizi mayadan saymadılar… əvvəldən!
Nə poeziyasında Safını, Xasını deyəni yaşatdılar, nə də qəzet çıxandan sonra qəzet(də) sözünün qeyrətini çəkənləri.
Çəkməyəcəklər də!
Qorumayacaqlar da!
Ən pisi də odu ki, qoymayacaqlar da!
Çünki öyrəşdirdilər İlahidən Söz Müqəddəslərini satın almağa – Şahımız da belə etdi, Birinci Katibimiz də, Prezidentimiz də!
Hər şeyin – neftin, pambığın, üzümün, qızılın, kürünün, kələmin, hətta… xiyarın da Sahibi olduq, təkcə Torpağımızın, Sözümüzün və İnsanımızın Sahibi olmadıq!
Hər kəsi, hər kəsimizi, hər şeyi, hər şeyimizi satın aldıq, amma və lakin… düşməndən torpağımızı və düşmənimizi satın ala bilmədik – töycü verdik! sözümüzü də üstəlik!
Torpağımızı silahımızla ala bilməyəndə, xilası da bir “sən öl”ü padşah fərmanı olan xalqı qurtarmaq üçün gah rusa, gah ingilisə, gah ərəbə Söz(ümüzü) vermək də gördük, təki…
Günümüz bu!
Bu gün bədii söz iflic halındadı! Bizim Viktor Hüqomuz yoxdu! Halbuki məhz Viktor Hüqo lazım idi!
Bu gün qəzetimiz yoxdu – ola biləcək qəzetimiz də iflic olub, halbuki AZADLIQ olmalıydı… azadlıq naminə!
Hələ çox müsibətlər çəkəcəyik və əminəm ki, heç vaxt bizim nə bədii sözümüz olacaq, nə qəzetimiz, nə də torpağımız – arada göydə ulduzlar parlayan kimi nəsə görə bildik, görə bilərik, görə bilərlər!
Sözə sahiblik ilk növbədə torpağa sahiblik edə bilmək üçündür, Söz elə Torpaqdır!
Və mən bu fikirləri Zahir Xanoğlan oğlu Rəhimovun özü, sözü və sayt(lar)ı haqqında düşünərkən yazıram!
Zahir Əzəmət hər iki sahənin – Sözün və Jurnalistikanın təmsilçisidi!
Özü də sözə və jurnalistikaya o vaxt gəlib ki… Sözün sovet dövründə parazitliyə öyrəşdirilmiş “müstəmləkə kölələri”nə qarşı səlib yürüşü başlanmışdı! Nəticə isə o idi ki, bu yürüşə başlayan “müstəqillik cəngavərləri” mahiyyətcə “müstəmləkə kölələri”ndən daha parazit idilər, necə ki, SSRİ “xalqlar həbsxanası” çar Rusiyasından mahiyyətcə fərqlənmirdi!
Onda Zahir Əzəmət qəzet satırdı… qəzetlərdə, jurnallarda, qəzetlərin ədəbiyyat səhifələrində durmadan, dayanmadan çalışır, yazır, qonorar alırdı, parazitə çevrilmirdi, parazitlik edənləri düşünür, özünü qurban verir, sayt açır, forumlar yaradır, əməkdaşlığa cəlb edir, dəyərli bildiklərini imkanlı adamlarla görüşdürür, şərait yaradırdı və özü… şəraitsiz, imkansız durumda öz həyatını tənzimləyirdi, gələcəyinə təməl atırdı!
Zahirin imzasını təxminən 18 ildi tanıyıram, 16 ildi də özüylə yaxınam. Ərklə zəng edirəm, ərklə giley edirəm, ərklə dalınca danışıram, ərklə oxuyuram və ilk növbədə onu mənə sevdirən odu ki, ərklə şeirlərinə, yazılarına, publisistikasına sığınıram!
Bu gün bu fikri cəsarətlə yazıram: Zahir ədəbiyyat adına çox cəfakeş bir imzadı! Onun sosial şəbəkənin verdiyi imkandan yararlanaraq açdığı forum bu gün ortada olan əksər imzalara meydan açdı, cəsarətləndirdi, özgüvən yaratdı. Mən heç kimin boynuna minnət qoymaq fikrində deyiləm ki, bax bu imzaları Zahir Əzəmət forumdan foruma daşıdı, qəzetdən qəzetə apardı, “Alma”nı tribuna elədi, kult.az-ı meydan elədi, qaynarinfo-nu döyüş poliqonuna çevirdi. Yox, Zahirin əvəzinə də bunu demirəm, Zahiri də bununla ƏZƏMƏTLİ saymıram.
Zahirin zahiri və batini bir Əzəməti var: qəlbən, ruhən, əqlən, əmələn safdır!
Əsl və xas Söz Adamıdır! Nə doğru sözü deməyə əziyyət çəkər, nə də doğru sözdən inciyər!
Kəmhövsələ və kəmfürsət adamlar üçün deyim: jurnalistlərə ev paylananda “unudulmuş”,”görməzlikdən gəlinən” bir neçə imzanın haqqının təntənəsi üçün ayağa qalxdı və rəsmi şəkildə nəticə əldə etdi! Bu gün sosial şəbəkədə “jurnalistlərə satıldıqları üçün ev verildi” ittihamı səslənəndə qıcıq oluram: axı, mən şahidəm ki, nə Hüseynbala Səlimov, nə də Azər Rəşidoğlu heç ərizə yazmamışdılar və məhz Zahir Əzəmətin çabaları hesabına hər ikisinə xəbər göndərildi və ev verildi!
Bu Zahirin qəlbən – batini Əzəmətinin mən bildiyim yüzlərlə faktından biridir! Sadəcə, Zahirin dostluğa, xeyirxahlıqlara və Sözə gətirdiyi şərəfə, əzəmətə tam əksəriyyəti nadancasına, nankorcasına xəyanət etdiklərinə görə, ad çəkmirəm – çünki bunu Zahir Əzəmət heç vaxt dilinə gətirməyib və istəməyib də ki, dilə gətirilsin!
Zahir Əzəmət, doğrudan da, Söz dünyasına gələndən Sözə çox ləyaqətlə yanaşan, Söz meydanına sözlə çıxan, dostlarını, həmkarlarını, işçilərini Sözlə qoruyan, qorumağı bacaran və bunu doğru bilən bir imzadı!
Çoxları bilmir ki, Zahir Əzəmətin söz dünyasından başqa da bir dünyası olub və… bəzi digər yazarlardan-şairlərdən fərqli olaraq, sakitcə gedib əsgərliyini çəkib də qayıdıb! Amma gəl sən onunla üz-üzə otur və danışıq tərzinə fikir ver, bir “abicim” deyəndə beş də ağzından tökülür, indi gəl sən onun əlində olan faktlarla rəftarına, mərhəmətinə bax, indi gəl sən onunla kəsilən duz-çörəyə hörmətə bax, indi gəl sən onunla düşmənçilik edənlərlə, ona xəyanət edənlərlə səbrinə bax!
Zahir Əzəmət həmişə mənimlə pərdəli davranıb, məsafə saxlayıb, rəğbətini gizlətməyib. Hətta mənim yadımda belə saxlamadığım uzun illər əvvəlki epizodik “xeyirxahlıq” jestimi məclislərdə səsləndirib.
Zahir, “Söz Torpaqdır” düşündüm Sənin haqqında fikirləşərkən! Sən həm də mənim Torpağımsan! Torpağımın Sözüsən! Əzəmətli Sözü!
Bu gün söz (ədəbiyyat anlamında) və jurnalistika (qəzet anlamında) meydanında bir-birləri haqqında xoş sözləri həzm edə bilməyən o qədər kələ-kötür xislətli adamlar var ki, bunları da əlavə edirəm: Sənin Zahiri Əzəmətin onlayn və print layihələrində, yaratdığın forumlarda, yazdığın şeirlərdə və esselərdə, hekayələrdədi. İlk növbədə isə Şəxsiyyətində. Batini Əzəmətini çatdırmaq üçün böyük məmnuniyyətlə sənin ədəbi mühitdə saçdığın işığa gözəl bir mağar qurardım, aşıqsayağı dastan deyərdim, hesab edirəm ki, Sənin buna ehtiyacın yoxdu, Sən o işığı ardınca gələnlər işığı görsünlər, işığa çıxsınlar deyə atmısan, təşəkkür və mükafat gözləmədən! Və həm də mədh olunmaq üçün yox!
Təbrik edirəm, Səni də, YavruNu da – qaynarinfo-nu, həmişə işıq saçmağınla SEZilsin AY kimi qaranlıqlardan boylanan Əzəmətin!
Jurnalistikanın, Sözün XAN OĞLANI – özünü qoru!
SÖZARDI: Sosial şəbəkələr həm də onunla gözəldi ki, içixıltlı adamlar kinini çox rahat püskürür və mən ürəkləri soyusun deyə yazıram: Asim Mollazadədən üzübəri kim Zahir Əzəmətə qəzet buraxmaq, sayt işlətmək üçün nə verdisə, Zahir Əzəmət onu öz evinə, uşağına xərcləmədi, barlarda-restoranlarda dağıtmadı, qəpiyinə kimi təyinatı üzrə xərclədi! Nəticə ortadadı! Etirazı olmayan vicdanlı adamlar sakitcə təbrikə qoşula bilər!
P.S. Zahir Əzəmətin özünün naqolay (42) yaşında, saytının qoşa 1-li mərhələsində (11) bu yazını həm də ona görə yazdım ki, qələmə aldığım düşüncələrin ünvanını tapdım, ayrı kimin haqqında yazanda belə sərbəst ola bilərdim ki?
YADDAŞ ÜÇÜN:
Zahir Əzəmət 1975-ci il aprelin 25-də Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olub. Burada kənd orta məktəbini bitirdikdən sonra Mingəçevir Politexnik İnstitutunun iqtisadiyyat fakültəsində təhsil alıb (1991-1996). Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirib (1998-2000). 2000-ci ildən Bakıda yaşayır və fəaliyyət göstərir. Fərdi yaradıcılıqla məşğuldur. Gənclərin “Nəfəs” ədəbi qrupunun təşkilatçılarından biri olub (2001-2002).
Yaradıcılığa 12 yaşından başlayıb. İlk şeirləri 1990-cı ildə “Lənkəran” qəzetində dərc olunub. Tələbəlik illərində bir neçə dəfə “Mingəçevir işıqları” qəzetində dərc olunub. 2000-ci ildə Bakıya köçəndən sonra şeir və məqalələri “Mərkəz”, “Palitra”, “Yeni Azərbaycan”, “Ədalət”, “Azadlıq”, “Ekspress”, “Kino+”, “Kaspi”, “Sənət qəzeti”, “Alma”, “Yazar” qəzetlərində, “Ulduz”, “Söz”, “Mars”, “Yazı” jurnallarında dərc olunub. 2002-ci ildə Gənclər və İdman Nazirliyinin təsis etdiyi “İlin ən yaxşı şairi” mükafatını alıb. Şeirləri gürcü, rus, ingilis dillərinə tərcümə olunub. Xarici ölkələrdən Gürcüstan, Rusiya, Türkiyə və İranda dərc olunub. “Divar yazıları” (Bakı: “Adiloğlu”, 2006), “Balaca adam” (Bakı: “Qanun”, 2014) kitablarının müəllifidir!
Aydın Canıyev
Miq.Az