Gürcüstanın azərbaycanlı icmasının üzvləri Xocalı faciəsinin soyqırımı kimi tanınması çağırışı ilə müraciət qəbul edib.
Müstəqil.Az Report-a istinadən xəbər verir ki, sənədi azərbaycanlıların təmsil olunudğu 55 təşkilat və ictimai xadim imzalayıb.
Faciə barədə ətraflı məlumat təqdim edən müəlliflər Xocalı qətliamını ötən əsrin ən dəhşətli faciəsi adlandırıblar.
Sənəddə qeyd olunub ki, dünyanın bir neçə ölkəsi tərəfindən Xocalı soyqırımı normativ-hüquqi aktlarda xatırlanıb və tanınıb:
“Gürcüstanın aidiyyəti qurumlarının müraciətimizi nəzərə alacaqlarına böyük ümid bəsləyirik. Demokratiya, ədalət və insan haqları üzrə dünyanın irəlidə gedən ölkəsi kimi Xocalı soyqırımının parlamentdə müzakirəyə çıxarılmasına çağırış edirik. Parlamentdə bu müzakirə ədalət naminə sülh qərarı olacaqdır. Əminik ki, rahat və firavan dünya naminə günahsız insanların, mülki əhalinin ölümünə səssiz qalmayacaqsınız və Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi üçün müvafiq addımlar atacaqsınız”.
Müraciəti imzalayanlardan biri “Borçalı-İrəli” İctimai Birliyinin İdarə Heyətnin sədri Məhəbbət İmanov sənədin Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir Giorgi Qaxariya, parlament sədri Arçil Talakvadzeyə, Ombudsman Aparatına, Gürcüstanın Xarici İşlər Nazirliyinə və həmçinin Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndiliklərə də göndərildiyini bildirib.
Müstəqil.Az