Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneulidə Novruz bayramı münasibətilə təntənəli bayram şənliyi təşkil olunub.
-nın Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Ombudsman Levan İoseliani, barışıq və vətəndaş bərabərliyi dövlət naziri Tea Axvlediani, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, eləcə də Gürcüstan parlamentinin deputatları, digər dövlət və hökumət rəsmiləri iştirak edirlər.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze əvvəlcə müxtəlif stendlərə baş çəkərək azərbaycanlılara məxsus mədəniyyət, incəsənət, kulinariya nümunələri ilə tanış olub. Daha sonra rəsmilərin iştirakı ilə bayram tonqalı alovlandırılıb.
Bayram münasibətilə azərbaycanlılara sülh və əmin-amanlıq arzu edən Baş nazir gürcülərlə azərbaycanlılar arasında möhkəm dostluq əlaqələrinin olduğunu vurğulayıb. O, Gürcüstanda möhkəm həmrəyliyə və birliyə nail olunduğunu qeyd edib.
Rəsmi hissədən sonra bayram şənliyi musiqili hissə ilə davam edir. Tədbirdə Azərbaycandan dəvət edilmiş incəsənət xadimləri də iştirak edirlər.