Güzgü almaq istəyən Sebastyana tövsiyələr – Eduardo Kyefferin hekayəsi

Güzgü almaq istəyən Sebastyana tövsiyələr – Eduardo Kyefferin hekayəsi

Eduardo Qudinyo Kyeffer (1935-2002) məşhur argentinalı yazıçı, 1960-cı illərin “Latın Amerika Ədəbiyyatı Bumu”nun nümayəndələrindən biridir. Roman, hekayə və esselərin müəllifidir, uzun illər jurnalist kimi də fəaliyyət göstərib. Əsərləri əsasında bir neçə film çəkilib. Kulis.az onun “Güzgü almaq istəyən Sebstyana tövsiyələr” hekayəsini təqdim edir.

Baxın, Sebastyan, bu, Xunkal küçəsidir. Gəlin, yaxınlaşın; nömrəni qulağınıza pıçıldayacam – heç kim bilməsə yaxşıdır, bəzi sirləri çox yaxşı qorumaq lazımdır – Əla. Butikə girib sinyora İpolitanı soruşursunuz. Orada olmadığını deyirlər. Amma təlaşlanmayın, Sebastyan. Ağıllı üz ifadəsi ilə sizi Mörfi xanımın göndərdiyini deyin. Oradakılar dərhal yaxınlıq göstərib sizi mağazanın arxa otağına ötürəcəklər. Çoxsaylı qızılı asılqanlarda hərəkətsiz, amma eyni zamanda canlı görünən parlaq geyimlərin arxasındakı gizli qapını açacaqlar. Bundan sonra güzgülü otağa daxil ola biləcəksiniz. Sizin kimi yöndəmsiz kişiləri xoşlayan sinyora İpolita siqaret təklif edəcək. Siqareti qəbul edin, Sebastyan, qəbul edin və ləzzətlə sinənizə çəkin. Çünki şübhəsiz bu içinə bir çimdik tiryək qatılmış Misir siqareti olacaq. Sonra yerində və təmkinlə fikirlərinizi söyləyərək güzgü kolleksiyasını diqqətlə nəzərdən keçirin. Heyrətlənsəniz də bunu yüksək səslə ifadə etməyin. Bir məsələdə isə xüsusilə diqqətli olun, heç vaxt, heç bir anda “sehirlidir” sözünü işlətməyin, axı onsuz da bütün güzgülərin, xüsusilə də sinyora İpolitanınkilərin sehirli olduğunu bilməlisiniz.

Ona baxın, Sebastyan. Hə, ona, gümüşü çərçivəli oval güzgüyə. Hər gün axşam saat altıda Rakelin ifasında möhtəşəm “Fedra”nı əks etdirir. İnanılmazdır, hə? Ya da bu biri, gümüşü şüşənin müəmması necə dərin, onu əhatələyən rokoko üslublu qıvrımlar necə zəngin görünür. Bunun gözəl olduğunu inkar etmirəm. Amma məsləhət görmürəm, çünki düz gecə saat on ikidə vampir sevgilisi tərəfindən öldürülən qrodnolu qusarı əks etdirir. Brrr! Sağınızdakı daha yaxşıdır; daha az ağrılı, daha səmərəli. Hətta öyrədicidir. Təsəvvür edin ki, səhər saat altıda bayraq tikən mendozalı xanımları görə bilərsiniz. Ola bilsin, bu, erkən oyanan güzgüdür, amma rəsmi bayramlardakı çıxışlar qədər vətənpərvərdir.

İstənilən halda… biz sinyora İpolitanın möhtəşəm kolleksiyası olduğunu qəbul etməliyik. Teatral, ehtiraslı, tarixi güzgülər… Gələcəyi əks etdirənlər də var, amma onları yalnız sağlamlığının yaxşı olması barədə ərizə göstərənlərə nümayiş etdirir, çünki bir dəfə N müəllimlə ciddi problemlər yaşanıb. Yazığın ürəyi xəstəymiş və… yaxşı, qalanını bilirsiniz, bütün qəzetlərdə çıxmışdı.

Ən əsası odur ki, Sebastyan, sizi ən çox maraqlandıran güzgünü ala bilərsiniz. Qiymətlər bir qədər şişirdilmiş gələ bilər, düzdür, amma belə şeylərə hər kəs sahib ola bilməz. Üstəlik indiki kimi gülümsəməyə davam etsəniz, yəqin ki, sinyora İpolita sizin üçün endirim edər, ya da başqa cür sevindirər. O, çox mehriban, həssas, bəzən də ana qayğısı ilə yanaşa bilən qadındır… Çox qırışmış olsa da… nə isə, əsas məsələdən uzaqlaşmayaq. İstədiyiniz güzgünü seçin. Ünvanınızı qeyd edin, onu səhər evinizə göndərərlər. Bir tövsiyə verim? Güzgünü qonaq otağına, yazı masasının yaxınlığına, ümumiyyətlə çoxlu insanların keçdiyi yerə qoymayın, çünki dostlarınız çox ənənəvi, çox burjua ruhludurlar, güzgü isə bəzən ləyaqətli insanlara yaraşmayan, qıcıqlandırıcı şeylər əks etdirə bilər. Tutaq ki, Paolo və Françeskanın güzgüsünü aldınız…

Hər bazar ertəsi kilsəyə gedən ana nənəniz nə deyərdi, Sebastyan? Diqqətli olmaq lazımdır, başqalarının inanclarına, əxlaqına hörmət etmək lazımdır. Təklif edərdim ki (bu cürətimi bağışlayın), güzgünü digər köhnə əşyalarla birlikdə çardağa qoyasınız. Bir də üstünə qalın örtük sərin. Və hər şeydən daha vacibi: sinyora İpolitanın güzgüləri dəqiqlik tələb edir. Hədsiz dəqiqlik! Lazımlı saatda yanında olmasanız, tamaşanı qaçıracaqsınız. Nə Rakelin çıxışını, nə qan içində qalan qusarı, nə bayraq tikən mendozalı xanımları, nə də zina edən Paolo ilə Françeskanı (bir daha üzr istəyirəm, bu sözlər elə də xoş səslənməyə bilər) görəcəksiniz. Geciksəniz, ancaq öz simanızı, Sebastyanının həmişəki kəskin bucaqlı, müəmmalı üzünü görəcəksiniz. Bu hələ harasıdır. Marağına məğlub olub güzgünün öz səhnəsini necə hazırladığını görmək üçün vaxtından tez gələndə daha ciddi şeylər baş verir. Bu, ölümcül də nəticələnə bilər, çünki güzgülərin marağını cilovlaya bilməyənlərə heç dözümü yoxdur. Beləcə ,örtüyü qaldıranda güzgünün heç nəyi əks etdirmədiyini görərsiniz, hətta güzgüdəki əksiniz belə yoxa çıxar. Təbii ki, əksiniz yoxdursa, deməli, artıq siz də yoxsunuz. Bu, platonik həqiqətdir. Şübhəsiz, özünüzü güzgüdə görməyəndə qorxu və heyrət içində əllərinizi başınıza aparacaqsınız. Amma özünüz mövcud olmadığınız üçün artıq əlləriniz də, başınız da olmayacaq. Qaçmağa çalışacaqsınız, yazıq Sebastyan, amma bunu da bacarmayacaqsınız, çünki ayaqlarınız da olmayacaq. Siz həmişəlik orada qalacaqsınız, boş güzgünün tələsinə düşüb içində həbs olunacaqsınız. Daha sonra bu güzgü yenidən ölümsüz sinyora İpolitanın kolleksiyasına qayıdacaq və sizin kimi gənc, yöndəmsiz başqa bir müştəriyə günəş batan anda, cəmi bir dəqiqəliyinə Sebastyanın tərki-dünya obrazını, qorxudan rəngi solmuş üzünü göstərəcək.

İspancadan tərcümə etdi: İlahə Əkbər

Sim-sim.az

Share: