Kulis.az Aqil Abbasın yeni yazısını təqdim edir.
Yanıma 25-26 yaşlı bir gənc gəlmişdi. İş axtarırdı, kömək istəyirdi.
– On səkkiz yaşım vardı, əmim oğlu elə öz həyətimizdə atamı döyürdü. Atamı onun əlindən almaq istədim, məni də saldı şillə-təpiyinin altına. Gördüm gücüm çatmır bıçaqla vurdum. Altı il on bir ay iyirmi yeddi gün həbs cəzası aldım. Altı ilini yatdım, sonra prezident məni əfv elədi. İndi neçə vaxtdı həbsxanadan çıxmışam, iş axtarıram. Hara gedirəmsə deyirlər məhkumluğun olub. Gəmidə fəhlə işləmək istədim, məhkumluğa görə götürmədilər. Oteldə işləmək istədim, yenə dedilər məhkumluğun var.
Oğurluq etməmişəm, quldurluq etməmişəm, cavan olmuşam qanmamışam. Öz əmim oğlunu bıçaqlamışam. İndi mən neyləyim? Harda yaşayım, necə yaşayım? Moskvada bir qardaşım yaşayır, iyirmi üç ildi, deyir borc-xərc tap gəl yanıma, burda bir iş taparıq. Camaat indi Ursetdən qaçır, mənim Moskvada nə itim azıb? Harda olsa işləyərəm, özüm də yaxşı malyaram, həbsxanada öyrənmişəm. Qul bazarına da gedirəm, o da həftədə bir iş ola-olmaya. Nə olsun məhkumluğum var, axı mən cəzamı çəkmişəm.
Məhkumluğu var! Buna görə bu gənci heç kim işə götürmək istəmir. Yenidən ona məhkumluq həyatımı yaşatmaq istəyirsiniz? Və yəqin ki, bu təkcə bu gəncin başına gəlməyib. Həbsxanadan çıxan nə qədər insana «məhkumluğun var» deyə qapını göstəriblər. Və nəticədə işsiz-gücsüz qalmış bu insanlar yenidən bilərəkdən hansısa bir cinayətə yol verib qayıdıblar həbsxanaya ki, heç olmasa orda gündə üç dəfə müftə yemək verirlər.
Mənfur Sovet hökumətində həbsxanadan çıxan adamları məcbur edirdilər ki, işləsin, yoxsa tüfeyli kimi yenidən həbs oluna bilərdilər. Cinayət Məcəlləsində belə bir maddə də vardı. İş tapa bilməyənlərə dövlət özü iş tapırdı, zavodda, fabrikdə, tikintidə, kolxozda-sovxozda… nə bilim. Bizdəki həbsxanalar islah əmək düşərgələri adlanır. Adından göründüyü kimi, bura düşən insanlar islah olunurlar. Həbsxanadan da çıxanda artıq islah olunmuş sayılırlar.
Bundan başqa islah əmək düşərgələrində peşə məktəbləri də fəaliyyət göstərir. Əlində sənəti olmayanlar burda hansısa bir peşəyə yiyələnirlər.
Bir dəfə gərək ki, 6-cı islah əmək düşərgəsində bir sərgiyə dəvət olunmuşdum. Dustaqların əl işlərinə baxanda çaşıb qaldım. Elə bil zərgər kimi işləmişdilər – müxtəlif gəmi modelləri, nərdtaxtalar, şahmat, geyim əşyaları, suvenirlər, çəkdikləri rəsmlər. Day nə bilim, o qədər əl işləri nümayiş olunurdu ki, hamısıyla tanış olmaq iki-üç saat çəkdi.
Mənə bir şahmat bağışlamışdılar adamın oynamağa heyfi gəlirdi. Türkiyədən bir yazıçı dostum ailəsi ilə bizə qonaq gəlmişdi, yazıçının məktəbdə oxuyan oğlu necə heyranlıqla şahmata baxırdısa bağışladım ona. Yazıçı dostumla hərdən telefonla danışıram, deyir ki, oğlum şahmatı bütün dostlarına göstərib, heç biri inanmır ki, bunu həbsxanada düzəldiblər.
Heç olmasa belə gözəl əl qabiliyyəti olanlar üçün iş adamları bir sex aça bilər, ya dövlət bir tədbir görə bilər ki, işsiz qalmasınlar.
Həbsxanadan çıxan adamlara insan kimi baxın, keçmiş məhkum kimi yox.
Bu gəncə ürəyim ağrıdı. Və bu yazını yazdım. Niyə yazdım, nəyə lazımdı bu yazı, nə xeyiri var? Bu gənclərə kim sahib çıxacaq?
Yazdım da. Mirzə Cəlil deyir ki, sözünü o kəslərə deynən ki, onlar səni eşitmirlər. Deyirəm, bəlkə, eşidən oldu.