Hədiyyəmi bəyəndinmi?..

Hədiyyəmi bəyəndinmi?..

Himayət Mahmudov- 75

Bəli, biz bəxti gətirən bir xalqın övladlarıyıq, həmişə güzəştimiz var. Uşaq vaxtı səhv edəndə deyirlər ki, hələ uşaqdır, gələcəyi qarşıdadır, başa düşər. Cavanlıqda suçumuz olanda deyirlər ki, hələ cavandır vaxt gələr anlayar, qocalanda isə, qocadı da, fikir verməyin- söyləyirlər…

Əgər başqa bir adam olsaydı, yəqin ki, bəhanə tapıb onu təbrik etməzdim. Müqəddəs peşə sahibidir- həkimdir. Bir də ki, sıradan bir yaşı deyil axı, 75-i başa vurur, əlamətdar günüdür…
Sovet hökuməti dağılandan sonra Bakıda məskunlaşmışdı. Bəlkə də heç iki il şəhərdə qala bilmədi, geriyə- doğma yurda qayıtdı.
Bir müddət Yardımlı rayon Mərkəzi Xəstəxanasına rəhbərlik edib, əhali arasında yaxşı hörmət qazanıb, nüfuzu var…
Deyir ki,- “Rayonda hara gedirəmsə hamı etiramla mənə yanaşır, hal-əhval soruşur, vəziyyətimlə maraqlanır. Bakıda isə milyonların arasında itib batmışdım. Nə salam verən var idi, nə də uzaqdan məni görüb görüşməyə tələsən. Mən axı buna öyrəşməmişdim, qərara gəldim ki, geriyə qayıdım…”
Fikirləşib təhlil edəndə düşünürsən- axı bu insanın rayonun tarixində elə də bir fövqaladə xidməti olmayıbsa, bu nüfuz onda hardandır? Məlum olur ki, nüfuz onun alın yazısıdır, qismətidir. Masanın harasında əyləşirsə əyləşsin, ora süfrənin başı olur…
İti zəkası var, hadisələri qabaqlamağı bacarır. Geniş təxayülə malikdir və mütaliyəsi güclüdür. Söz bazası zəngin, dünyagörüşlü adamdır. Həkim olsa da hər yerdən məlumatlıdır. Onunla elmin, həyatın bütün sahələrindən söhbət etmək mümkündür. Deyirlər ki, gəncliyində necə deyərlər, möhkəm yeyib içən olub, amma çoxdandır ki, ibadət əhlinə qoşulub. Həcci ziyarət edib, hacıdır…
Aydın Canın sözləridir, nə vaxtsa haradasa söyləyib: “Yardımlıya yolun düşübsə, əgər Hacı Himayətlə görüşməmisənsə, demək sən Yardımlıda olmamısan…”
Arif adamdır, uşaqla uşaq, böyüklə böyük kimi davranmağı bacarır. Elə xasiyyətdə adam yoxdur ki, onunla ünsiyyət qura bilməsin. Qonaq qarşılamağa meyillidir, necə deyərlər, qonağını ən əziz adamı kimi qarşılayıb yola salır. Müdrikdir, heç vaxt artıq danışmır, nəyi harada, nə vaxt, necə deməyi yaxşı bilir. Rayon əhalisi arasında sayılıb seçilən adamlardandır. Elin xeyir-şərindən heç zaman əskik olmur. Onu özünə ağsaqal bilənlər də az deyillər…
Nə isə, çox danışmayım, məqsədim onu yubileyi münasibətilə təbrik etməkdir…
Hörmətli, Himayət həkim, nədənsə 75 yaşı qocalığın cavanlıq dövrünün son çağları kimi anlayıram. Demək hələ qocalmamısan, qarşıda beş il də var.
İstədim ki, bu əlamətdar günündə əlahəzrət SÖZ-ün rənglərindən istifadə edib portretini çəkim ki, yubileyinə hədiyyəm olsun.
Hədiyyəmi bəyəndinmi?..
Çox yaşa!
Hörmətlə, Elman Eldaroğlu
P.S. Müstəqil.Az portalı olaraq biz də çox hörmətli Himayət İdris oğlunu təbrik edir, uzun ömür, can sağlığı arzulayırıq. Haqqında həmişə xoş sözlər eşitmişik, bir el ağsaqqalı kimi nüfuzuna hörmətlə yanaşmışıq. Bütün arzulara qoşulub ona çox yaşasın, xoş yaşasın, deyirik.
Hərmətlə, Faiq Balabəyli
Share: