Həkimə və ya polis nəfərlərinə təqdim edilən güllər…

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) əməkdaşlarının və Boyukmillet.com xəbər portalının dünən keçirdikləri Azərbaycan polisinə və həkimlərinə dəstək aksiyasının videogörüntülərini mən də qürur və məmnunluq hissilə izlədim.

Sözügedən qurumların əməkdaşlarının xidmətdə olan polis əməkdaşlarına və həkimlərə yaxınlaşaraq, onlara bayraq və gül hədiyyə etmələri sözün əsl mənasında həmrəylik nümunəsi idi. Hazırki həssas durumda, pandemiyanın təhdidləri üz-üzə qaldığımız bir zamanda cəmiyyətimizdə belə bir həmrəyliyə hava-su kimi ehtiyac var.

Həkimlərə və polislərə gül bağışlanılması ilk baxışdan simvolik bir aksiyadır, rəmzi xarakterlidir. Ancaq bu aksiyanın dərin mənəvi-psixoloji təsir gücü danılmazdır. Həkimə və ya polis nəfərlərinə təqdim edilən güllər bu ağır karantin günlərində onların zəhmətinə, fədakarlığına verilən ictimai dəstək və qiymətdir. Polislər və həkimlər vətəndaşlardan sevgi və sayğı gördükcə öz missiyalarını daha da böyük məsuliyyət hissilə və şükranlıq duyğusu ilə yerinə yetirməyə çalışacaqlar.

Görülən hər bir iş, göstərilən hər bir xidmət cəmiyyət tərəfindən mütləq öz layiqli qiymətini almalıdır. Gül bağışlama aksiyası da məhz bu qiymətin təsdiqidir. Mən həm xidmətimizdə dayanan polislərimizə və həkimlərimizə, həm də dəyərli dostumuz Samir Adıgözəlli başda olmaqla, gül aksiyasını təşkil edən bütün insanlarımıza öz təşəkkürlərimi bildirirəm. Var olun!

Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Share: