Müstəqil.Az AZpress.AZ-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllinə dəstək” adlı layihə çərçivəsində “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-ə müraciət edənlərdən biri də 2-ci qrup şəkər xəstəsi əlili Xatirə Tağıyevadır. O, İB-in və “Əlillər Dünyası” qəzetinin Qaynar xəttinə zəng edərək səhlənkar bir həkimin naşılığı ucbatından sol ayağının dizdən yuxarı kəsilməsi ilə bağlı şikayətini bildirmişdir.
Layihə iştirakçıları Xatirə Tağıyevanın müraciəti ilə bağlı dəfələrlə onun evində olmuş, problemi ilə maraqlanmışlar. Xatirə xanım ayağındakı yara ilə əlaqədar Angeoloji Mərkəzdə Faiq həkimin qəbulunda olub. Dediyinə görə Faiq həkim ondan şəkər xəstəliyi ilə bağlı heç bir analiz götürmədən, heç bir tibbi müayinə etmədən və özünə demədən qəflətən sol ayağının baş barmağının yanındakı sümüyü çıxarıb və səhəri gün artıq çürümə getdiyi üçün Faiq həkim barmağın yarısını kəsib. Bundan sonra çox sürətlə – 10 gün ərzində ayağı qanqrena etdiyindən başqa xəstəxanada təcili surətdə əməliyyat edilərək sol ayağı dizdən yuxarı amputasiya edilib. Xatirə Tağıyeva bu hadisədən böyük sarsıntı keçirib, hazırda psixoloji vəziyyəti çox gərgindir.
Xatirə Tağıyeva “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-ə və “Əlillər Dünyası” qəzetinə müraciət edərək ona protez ayaq düzəldilməsində köməklik göstərməyi xahiş edib. Bununla bağlı hər iki təşkilatın rəhbəri Tahir Xudiyev Protez-Ortopedik Bərpa Mərkəzinin Baş həkimi ilə əlaqə saxladı. Baş həkim böyük məmnuniyyətlə sualları cavablandıraraq bildirdi ki, protez ayaq qoymaq üçün əvvəlcə xəstə xəstəxana şəraitində hazırlıq mərhələsi keçməlidir. Yenidən yara əmələ gəlməməsi üçün lazımı prosedurlardan sonra protez ayaq hazırlanıb xəstənin ayağına taxıla bilər.
Layihənin iştirakçıları 3-cü dəfə Xatirə Tağıyevanın yaşadığı evdə olmuş, bu barədə onu maarifləndirmiş, ayağının dizdən yuxarı kəsildiyinə görə çox böyük həyəcan, psixoloji gərginlik keçirdiyi üçün psixoloq Səidə Musayeva onunla psixoloji söhbət aparmışdır. 2-ci qrup əlil Xatirə Tağıyeva ona mənəvi və psixoloji dəstək olduqlarına görə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB və “Əlillər Dünyası” qəzetinin kollektivinə təşəkkürünü bildirdi.
2-ci qrup şəkər xəstəsi əlili Xatirə Tağıyevanın ittihamı ilə bağlı məsələyə aydınlıq gətirmək və qarşı tərəfin fikrini öyrənmək üçün Faiq həkimlə telefon əlaqəsi saxladıq. Həkim bildirdi ki, bu hadisə çoxdan olduğu və xəstələrim çox olduğu üçün xatırlamıram. Amma ola bilsin ki, Xatirə Tağıyevanın ayağında qanqrena getdiyi üçün mən ona ambulator olaraq ilk tibbi yardım göstərmişəm.
Təəssüf ki, bu, insanların səhhətinə və taleyinə biganə yanaşan bəzi həkimlərin səhlənkarlığı üzündən baş verən yeganə hadisə deyil… Ayağını itirən Xatirə xanım yeganə qız övladı ilə kirayədə yaşayır, dərman nədir, hətta ərzaq məhsulu almağa da imkanları yoxdur.
Onu da qeyd edək ki, xəstələrə, əlilliyi olan insanlara, əhalinin aztəminatlı təbəqəsinə yuxarıdan aşağı baxan, saymazyana, laqeyd münasibət göstətən həkimlərdən biri də Xətai rayonu 7 saylı poliklinikanın Baş həkimidir. Daxil olan şikayətlər əsasında bununla bağlı İB və “Əlillər Dünyası” qəzeti tərəfindən Səhiyyə Nazirliyinə 2 dəfə rəsmi müraciət edilib. Araşdırmalar aparılır.