(Həkim-yazar Faiq Aşurovun şeir dünyası)
Şeir yazmaq, şairlik eşqinə düşmək həlhəvəs məsələsi deyil, ortabab bir mənzum parçanı qoşub-düzmək üçün də yaxşı oxucu olmaq gərəkir. Amma bu da kifayət etmir, içdən gələn ağrı olmasa, deyim də zəif alınır.
Tərənnüm də ürəyin tərpənişindən doğur, hisslərin təlatümündən törəyir. Bəzən şairi yaxşı tanımırsan, küçədə-bacada da rastına çıxmayıb, ancaq yazdıqları yaddaşını qıdıqlayır, səni düşündürür, fikrə qərq edir, özünə çəkir, elə bilirsən ki, doğulduğun gündən bu adamı tanıyırsan.
Faiq Aşurov ixtisasca həkimdir, necə deyərlər, ağrılar-acılar dünyasının şahididir, sənəti ilə bağlı insanların kədərli yaşantılarına şərik olur, çətin anlarında onların təsəlli yerinə dönür. Azərbaycan Tibb Universitetini bitirib, Mərkəzi Neftçilər Xəstəxanasında və Respublika Diaqnostika Mərkəzində həkim kimi çalışır. Həkim işlədiyi yerlərdə həyatla ölüm arasında mübarizə aparan yüzlərlə insanın dərdinə şərik olub. Faiqi şeirə çəkən bəlkə də bu incə, kövrək məqamlardır. Peşə təsiri “Anesteziologiya” şeirində daha aydın görünür:
Bitir artıq güc-taqətim,
Keyiyirəm narkoz ilə.
Sənə olan məhəbbətim,
Bitməz artıq ‘’Fentanillə’’.
Sevofluran da pis deyil,
Hiss edirsən nəfəsinlə.
Ciyərlərə nəfəs verir,
Azot ilə, Oksigenlə.
Arduan da relaks verir,
Əzələlər istirahət edir.
İnotrop dəstə altında,
Ürək sakitcə məşq edir.
İntubasiya maskasıyla,
Dərindən nəfəs alırsan.
Hava üfürən boru ilə,
Sən həyatdan həzz alırsan.
Əslində, bu şeir oxucusuna tibbi bilik də verir. Amma Faiqin həkimlik peşəsi ilə bağlı çox az şeiri var. Onun şeirlərinin çoxu dünyanı gözəlliyi ilə bəzəyən qadınla bağlıdır. Hər bir insan üçün ən müqəddəs qadın anadır:
Gecə layla oxuyan,
Mənə corab toxuyan,
Gül ətrini qoxuyan,
Ən gözəl anam mənim.
Sonaların sonası,
Anaların anası,
Bir gözəllik siması,
Ən gözəl anam mənim.
Ana dünyasını dəyişibsə, ona olan məhəbbətin şəkli başdaşına, sinədana düşür:
Daha məzarlığın yolunu billəm,
Darıxsan yanına özüm gələcəm.
İpək saçlarını darayıb bir-bir,
Salıb ətəyinə özüm hörəcəm.
Şair üçün anadan sonra əziz olan ikinci insan sevdiyi qadındır. Qadın nəinki şeirin, ümumilikdə ədəbiyyatın baş qəhrəmanıdır. Klassik ədəbiyyatda əğyara tuş gələn qadın obrazı tüğyan edirdisə, çağdaş poeziyada vəfasızlıq, etibarsızlıq, inamsızlıq haqqında şeirlər at oynadır. Səbəb nədir? Ənənə, ədəbi varislik, yoxsa real münasibətlərə söykənən fikirlər aparıcıdır? Hər halda, mövzu həyatdan gəlir. Misraların arasında şəklini gördüyümüz şairin çəkdiklərinin əksidir. Faiq Aşurov “Qadınlar” adlı şeirində bu mövzuda öz fikirlərini daha yaxşı ifadə edir:
Dünyanı bəzəyib gözəlliyilə,
Anadır, bacıdır bizə qadınlar.
Zəhmətə öyrəşib bir ömür boyu,
Vurmaz ki, heç zaman üzə qadınlar.
Çəksən də nazını bir ömür vallah,
Gülüşü məst edib könlü, maşallah,
Onları mələk tək yaradıb Allah,
Sığmaz nə qəzələ, sözə qadınlar.
Gündüzün günəşi, gecənin ayı,
Yoxdur bu cahanda bənzəri tayı,
Bizə ilahidən məhəbbət payı,
Qəlbində bir sevgi gəzə qadınlar.
Şeir üçün mövzunu seçmirlər, hər şey maraqlardan doğur, maraqlar şeirin səviyyəsini də müəyyən edir. Şairin ömrünə qonaq gələn mələyin məhəbbəti küləkdən betərdir, onun qəlbinə hakim kəsilən, ömrünü yeyən bu mələk hamıyla can deyib-can eşidir, amma onu dəlicəsinə sevənə biganədir:
Kənardan oxumaq, kövrəlmək asan,
Nələr çəkdiyimi anlamaq çətin.
Gördün ki, özünə xeyir vermədi,
Özün tək qərarsız bir xasiyyətin.
Qadın obrazı Faiqin qələmində fərqli təsvirlərlə diqqəti çəkir:
Qadın var ki, məhəbbətin aynası,
Qadın var ki, ciyərinə nəfəsdir.
Qadın var ki, bir ömürlük sevdandır,
Qadın var ki, bircə günlük həvəsdir.
Sevgi yaşantıdır, sevmədən yaşamaq çətindir. Ömür uzadan, ömür-gün yeyən sevgi də var:
Bu payız ömrümün astanasında,
Neçə yarpaq düşdü xəzəl ömrümdəm.
Mən sevgi yaşadım acıdan-acı,
Bir divan yarandı qəzəl ömrümdən.
Həkimdən bəd taleyinə dərman yazmağı xahiş edən şair sevdiyi qadınla bağlı dərdlərini unutmaq istəyir, eyni zamanda hisslərinin qısasını almaq fikrindədir:
Həkim! Ürəyimə gəl bir əlac et,
Unutdur keçmişin ağrısın,acın.
Mənəm bu dərdləri çəkən bir xəstə,
Mənəm əməlinə sənin möhtacın.
Bir dərman yaz mənim bəd taleyimə,
Onu unutmağın əsası olsun.
Bütün sevgiləri yolundan etsin,
Mənim hisslərimin qisası olsun.
Şairin qadınla münasibəti həmişə belə gərgin notlara köklənmir, gözlərinin aynası, yuxularının laylası olub ona şeir yazdıran qız da var:
Gözlərimin aynasıdı,
Yuxuların laylasıdı,
Ürəyimin parasıdı,
Mənə şeir yazdıran qız.
Güllərin ən gözəlidi,
Bir az duzlu, məzəlidi,
Məhəbbətin qəzəlidi,
Mənə şeir yazdıran qız.
Baxışların bir incidi,
Ürkək qəlbin sevincidi,
Qələmimdə bir incidi,
Mənə şeir yazdıran qız.
Yaşamağa verib həvəs,
Onsuz hər yan mənə qəfəs,
Ürkək baxış, titrək nəfəs,
Mənə şeir yazdıran qız.
Faiq Aşurovun müxtəlif mövzularda yazdığı şeirlərin içərisində şəhidlərə aid nümunələr də maraqlıdır. Bir ocağın işığı sönür, amma bu şəhadət bir eli nura boyayır. Bir ümidin sabahı şəhidlə birlikdə “gedir”, arzuları “əriyir”, amma Vətənin sabahı Günəşə boyanır:
Bir Ana fəryadı, bir Ata səsi,
Bir şəhid övladın canından keçdi.
Azadlıq yolunda sipər edərək,
Torpağı uğrunda qanından keçdi.
Faiq Aşurov bir şair kimi axtarışdadır, hələ qafiyələrin arasında vurnuxduğu məqamlar da var, amma yazdıqları onun tezliklə uğur qazanacağına inam yaradır. Şeir misra-misra doğulur, şair şeir-şeir ucalır. Faiq hələ bu yolun başlanğıcındadır, yolun başlanğıcı isə həmişə çətin keçilir. Çətinliyi sınaq bilənlərin uğuru qaçılmazdır. Faiq Aşurov şeirdən şeirə bu uğura doğru can atır. Yolun hamar olsun, həkim-şair!
Bilal ALARLI (Hüseynov),
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü