Saray qəsəbəsində yerləşən xəstəxanadan xəstələr şikayətçidir. bu haqda Sosial şəbəkələrdə paylaşılan yazılardan da məlumdur.
Müstəqil.Az-ın elektron poçtuna daxil olan şikayət məktubunda deyilir:
Saray qəsəbəsində xəstəxananın yalnız boş binadan ibarət olduğunu bir neçə dəfə qeyd etmişdim. Yanvardan qeydiyyata düşdüyüm xəstəxanada heç bir analizin cavabı mənə çatmayıb hələ. Həkimin üzünü bircə dəfə görmüşəm. USM aparatı işləmir. Nə səsi yoxdur aparatın, nə də kağız verilmir. Həkimi olmayan xəstəxanadansa hər ay zəng vurub xəstəxanaya çağırırlar. “Gəlin sizə kağız yazaq gedin Xırdalanda müayinə olunun. Bizdə həkim yoxdur.”-deyirlər.
Başa düşə bilmirəm həkimi olmayan xəstəxana kimin nəyinə lazımdır? İkinci problem əgər mənə yaxın olsa, dərdimə məlhəm olsa elə əvvəldən Xırdalanda düşərdim də müayinəyə. Nəyə görə Sarayda yaşadığım halda km-lərlə uzağa Xırdalana xəstəxanaya getməliyəm, özüdə məcburi?
Hər dəfə zəng vuranda izah edirəm ki, mən Xırdalanda müalicə olunmaq istəmirəm. Mənə uzaqdır. Mənim o qədər büdcəm yoxdur, hər dəfə taksilərə pul töküb Xırdalana xəstəxanaya gedim. Məlum məsələ karantinin, işsizliyin gətirdiyi problemlər azmış kimi bir də xəstəxananın əsəbini çəkməliyəm də mən.
Təsəvvür edin, qəfil ağrıları tutan bir xəstə, həkimi olmayan xəstəxanada canıyla əlləşir, götürüb kağız yazırlar ki, bizdə həkim yoxdu gedin Xırdalana. Bəs o xəstə elə yoldaca həyatla vidalaşsa məsuliyyəti kim daşıyacaq. Axı həkimi olmayan bir xəstəxana binası kimin nəyinə gərəkdir?
Hər gün karantinlə bağlı insanların əsəbləriylə oynayan Təbib niyə bu məsələlərə də nəzarət etmir axı?
Adətən filmlərdə görmüşük ucqar kəndlərdə xəstəxana problemi yaşayan vətəndaşlar xəstəxanaya gedərkən yolda canını tapşırıb. Biz neçənci əsrdə yaşayırıq ki, Bakının qəsəbəsində ciddi xəstəxana problemi olsun? Ölkəmizin hər gün inkişaf etdiyi, yeniliklərlə xariciləri heyran etdiyi bir dövrdə öz vətəndaşlarımız niyə bu qədər əziyyət çəkməlidir axı?
Esmira Günəş