Həmin “bizim qız” kimdir? — Video

Həmin “bizim qız” kimdir? — Video

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana rəsmi səfər edib. Naxçıvandakı rəsmi tədbirləri işıqlandıranlar arasında türkiyəli jurnalist Fulya Öztürk də olub. Türkiyə Prezidenti xanım jurnalistlə qarşılaşan zaman təəccüblənib və ona “Fulya, haradan gəldin bura?” sualını verib. Prezident İlham Əliyev isə bu zaman “Bu qız bizim qızdır” deyib.

Bəs həmin “bizim qız” kimdir?

“Qafqazinfo” Fulya Öztürk barədə məlumatı təqdim edir:

Türkiyəli jurnalist, CNN Türk telekanalının müxbiri və televiziya aparıcısı Fulya Öztürk 1989-cu il yanvarın 5-i Türkiyənin Adana şəhərində anadan olub. Onun televiziya karyerası 2006-cı ildə Marmara Dövlət Universitetinin Radio və Televiziya fakültəsində oxuduğu birinci kursdan başlayıb. Peşəkar karyerası isə 2008-ci ildə CNN TÜRK Proqramlar Departamentində işlədiyi vaxtdan nəzərə alınır. 

F. Öztürk “İlin reportyoru” və “Ən yaxşı xüsusi xəbər” nominasiyalarında onlarla mükafata layiq görülüb. O, TEDx-də məruzəçi kimi çıxış edib. 2021-ci ildə FOX TV-yə transfer olunan jurnalist 1 il sonra yenidən CNN Türk-ə qayıdıb.

Fulya Öztürkü “bizim qız” edən isə onun 44 günlük Vətən müharibəsində öz xidməti vəzifələrini operativ, obyektiv, vicdanla yerinə yetirməsi olub. F. Öztürk operator Halil Kahraman ilə Gəncə və Bərdə terroru zamanı operativ canlı yayımlarla reportajlar hazırlayıb, Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çalışıb.

F. Öztürk 2021-ci ildə Azərbaycanın qələbəsi ilə yekunlaşmış İkinci Qarabağ müharibəsi haqda sənədli film hazırlayıb. Filmdə 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycan xalqına qarşı hərbi cinayətindən, düşmən tərəfindən Gəncə, Bərdə və Tərtərə raket zərbələrindən xronoloji ardıcıllıqla bəhs olunub. Orada jurnalistin  əsasən müharibə zamanı işğaldan azad olunmuş ərazilərdən hazırladığı reportajlara yer verilib.

2021-ci ildə Azərbaycan və Türkiyənin müştərək istehsalı olan “Fulya” sənədli filmi hazırlanıb. Filmin təqdimatı zamanı F. Öztürk cəbhədə baş verən hadisələri xatırlayarkən deyib: “Biz kameraman Halil ilə birlikdə 44 gün ərzində tarixdə heç zaman unudulmayacaq dəhşətli hadisələrə şahidlik etdik. Əslində heç istəmədim filmə mənim adım verilsin. İkinci Qarabağ müharibəsində çoxlu cəsəd, ölən, yaralanan insanlar gördüm. Bu torpaqlarda o qədər çarəsiz qalan körpə, uşaq, ana gördüm ki, çox güclü xarakterim olsa da həyatımda bu qədər stress yaşamamışdım. Gəncə şəhərində yaşadığım o qətliamı, o körpənin cəsədini heç zaman unutmayacağam”.

Qeyd edək ki, bu il İstanbulda keçirilən “Teknofest” aerokosmik və texnologiya festivalında da Azərbaycan Prezidenti İlham Əliyev jurnalistə demişdi. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi festivalda İ. Əliyev Fulya barədə “O, ikinci Qarabağ müharibəsində ən təhlükəli yerlərə getdi. Bizimlə ağladı, bizimlə sevindi, bizimlə qeyd etdi. Bu qız bizim qızımızdır” söyləmişdi.


Share: