Bu gün Azərbaycanın İrandakı səfirliyinə “Kalaşnikov”la basqın edən terrorçuya hansı cəzanın veriləcəyi maraq doğurur.
Hüquqşünas Ələsgər Məmmədli “Qafqazinfo”ya bildirib ki, Azərbaycan tərəfi Yasin Hüseynzadəyə İranda veriləcək cəzadan narazı qalarsa, onu gələcəkdə İnterpol vasitəsilə beynəlxalq axtarışa verə bilər və İrandan kənara çıxdığı halda həmin şəxsin tutularaq Azərbaycanda məsuliyyətə cəlb edilməsi mümkündür:
“Beynəlxalq hüquq çərçivəsində bir dövlətin vətəndaşı, əgər o, Azərbaycan vətəndaşı deyilsə, İran vətəndaşıdırsa, öz ölkəsində Azərbaycana qarşı cinayət törədib və orada tutulubsa, İran həmin şəxsi Azərbaycana verməz, özü mühakimə edəcək. Həmin şəxsə cinayət işinin açılması təbiidir, çünki hadisənin baş verdiyi səfirliyin ərazisi, həmin yer Azərbaycan ərazisi sayılır. Şəxsin gətirilməsi məsələsinə gəlincə, hər ölkənin vətəndaşı törətdiyi cinayət əməlinə görə həmin ölkədə tutulubsa, orada mühakimə edilir. Əgər terrorçu Azərbaycanda tutulsaydı, burada mühakimə edilə bilərdi”.
Ekspert qeyd edib ki, indiki mərhələdə İranın onu Azərbaycana verməsi mümkün görünmür: “Əgər hadisəni törədən şəxs Azərbaycan vətəndaşı olsaydı, onun verilməsi mümkün görünərdi. Məsələn, biz bunu Ramil Səfərovun Macarıstanda tutulub məhkum edildikdən sonra Azərbaycana qaytarılması nümunəsində gördük. Yasin Hüseynzadə İranda Azərbaycan qanunvericiliynə zidd olaraq törətdiyi əmələ görə daha az cəza alarsa və ya digər açıq məsələlər qalarsa, Azərbaycan dövləti onun yaxalandığı yerdə həbs edilməsi, həmçinin İnterpol vasitəsilə beynəlxalq axtarışa verilməsi məsələsinə baxa bilər. Belə olan halda həmin şəxs İrandan kənara çıxdığı halda onun yaxalanaraq Azərbaycana verilməsi mümkün olar”.
Xatırladaq ki, artıq Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı Azərbaycan Cinayət Məcəlləsinin 12.2, 120.2.1, 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1, 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci maddələri ilə cinayət işi başlanılıb.
Bu cinayət işlərinin mahiyyəti ilə qeyd edilən linkə daxil olaraq tanış ola biləsiz.
Xain hücum nəticəsində həlak olan səfirliyin mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Rizvan oğlu Əsgərovun Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə edilmiş hücumlar və digər insidentlər nəticəsində həyatını itirən ilk rəsmi şəxs olduğu bildirilir.
Nizam Rza