HƏMİŞƏ İNCİTMƏYƏN ƏZAB… və yaxud

HƏMİŞƏ İNCİTMƏYƏN ƏZAB…  və yaxud

Kitabların içində yaşayan Aygün Adıgözəlovanın “Düşüncələr”i haqqında düşüncələr

 

… Desəm ki, bu kitabı birnəfəsə oxudum, yalan olar (heç siz də birnəfəsə oxumayacaqsınız). Əslində belə kitabları birnəfəsə oxumaq da mümkün deyil. Az qala hər cümlənin yanında ayaq saxlayıb düşünürsən, heyrətlənirsən, yazarın düşüncələrinə  heyran qalırsan.  Bu heyran qalmağı heç də həmişə tərif kimi başa düşməyin. Düşüncə heyrətləndiricidir –  doğrudur, yanlışdır, – bir başqa söhbətdir.

Şəmkir rayonunda yaşayıb-yaradan Aygün xanımın (Aygün Adıgözəlovanın) “Düşüncələr” kitabından danışıram… Kitabın son səhifəsində verilən qısa annotasiyada qeyd edildiyi kimi, “Düşüncələr” müəllifin  yazdığı esselərdən bağlanmış ilk kitabıdır.  Neçə illərdir qələmə aldığı  bu yazılarda bəzən həqiqi, bəzən də xəyali düşüncələri öz əksini tapıb. Elə bununla da yekunlaşdırmaq olar yazını. Çünki kitabı tapıb oxumaq istəyənlər üçün bu məlumat kifayət edər. Amma…

Amma, mən də bir oxucu olaraq tapdım kitabı, oxudum və sözün gerçək mənasında Aygün xanımın ətrafında cərəyan edənlərə, dünyanın işdəklərinə, insan xüsuysiyyətlərinə yanaşma tərzi maraqlı gəldi. İlk olaraq demək lazımdır ki, esselərin hamısı, birmənalı olaraq istedadlı qələmin məhsuludur. Aygünün yanaşmalarından bir az nələrisə dərk etməli, nələrisə öyrənməli  olursan. Elə özü haqqında TANIŞLIQda yazdığı ön sözdən bəlli olur: “Məndən soruşsalar ki, hansı yaşdasan,  cavab verərəm ki, mən həm uşağam, həm gəncəm, həm yetkin, həm də  çox qocayam. Ruh halım elə tez-tez dəyişir ki… Bir ruhda hər yaş dövrü, hər düşüncə, hər cür hiss mümkün ola bilər”.

Aygünə görə xəyal nədir… Bunun ən yaxşı cavabı kitabdakı “Xəyal” essesindədir: “Mən baharda yağışdan sonra  çiçəklərin havaya yayılan xoş qoxusuyam. Mən ilk sevginin  həyəcanıyla döyünən ürəyəm.  Mən körpə dünyaya gətirən anaların  sevinc dolu göz yaşlarıyam. Mən sevgilisinə həsrətlə baxan baxışam, mən körpələrin qəhqəhəsiyəm.   Mən payızda ağacda qalmış, saralmış son yarpağam”.

Qeyd edim ki, ilk dəfədir təxminən yetmişə yaxın essenin toplandığı bir kitabı fasilələrlə oxuduğum zaman araya heç nə qatmadım. Mənə elə gəlirdi ki, bu esselərin hər biri bir detalı təşkil etməklə müəllifin MƏNini formalaşdırırdı. Daha çox da “MƏN”İMİZİN SƏSSİZ SƏSLƏRİ: “Bəzən üşümək istəyirik, bəzən kədərlənmək istəyirik yağışla bərabər. Yağışın ruhunda bir kimsəsizlik var, bir əzab var. Amma bu əzab hər zaman incitmir. Bəzən bu kədərdən doğan əzabda  incə bir zövq var, həzz var – göz yaşlarında olduğu kimi. Yalnız günəş bizə sevinc verməz. Gecələr də sehirli, cəlbedici olur. Xoşbəxtlik yalnız gülüşlərdə olmur, həm də göz yaşlarında olur. Çoxluğun içində insan kimsəsiz olur, təklikdə çoxala bilir… Bəzən başqalarına  görünən “mən”imizi aşmaq istəyirik. Ağıllı olmaqdan yoruluruq, çılğın olmaq istəyirik”.

…Bəzən gerçək sandıqlarını yuxuda, yuxu sandıqlarını gerçək həyatda yaşamalı olursan.  Eynən “Həqiqətdə yuxular” essesində olduğu kimi: “Gözlərimi açanda yuxuya dalıram sanki. Oyanmağımla yuxuma davam edirəm. Ən real hiss ağrıdı. Ağrı yuxuda da, xəyalda da ağrıdı”. Müəllifin qənaəti əslində doğrudur. Bəzən yuxuda görünənlə  real həyatda baş verənlər arasında bir yaxınlıq olur. Nədən pərvəriş tapdığını bilməsək də, şahidi biz oluruq. Yuxunu görən də, səhəri real həyatda baş verənlərin sanki yuxuda görünənlərin davamı olduğunu düşünən də bizik. Əslində Aygün Adıgözəlova sadəcə Aygün olaraq özünün düşündüklərini yazır, Amma təkcə Aygünü yazmır… Səni, məni, onu…bizi yazır. Çox vaxt da yuxuda görünənlər real həyatda olanlarla əkslik təşkil edir. Bir şeirdə olduğu kimi:

Gözümü yumuram, açılır səhər,

Tezcə oyanıram, hələ gecədir.

Kitabda toplanan “Mənə bir Vətən verin”, “Yalanların həqiqəti”, “Öyrənməyi öyrənmək”, “Dörd divar arasındakı qəlb”, “Bir az da insan haqqında”, “Özümlə görüş”, “Mən niyə varam”, “Uzaqlarda”, “Üç nöqtə”, “Boşluğun əks-sədası”, “Gecənin o biri üzü”, “Qəlbindəki pəncərə”, “Viranə dünya”, “Yorğunluğun adı”, “Yalnızlıq”, “Səssizliyin musiqisi” və  digər esselərdə maraqlı məqamlar nə qədər desən var… Həqiqətən də  dünyada, ətraf mühitdə baş verənlər heç də həmişə bizim arzularımızın reallaşması naminə və yaxud əksinə deyil. Bəzən bizdən asılı olduğu kimi, əksər hallarda bizdən asılı olmayaraq var olur, dəyişir çox şey…

Aygün xanım kitabına yazdığı SON SÖZdə özü haqqında  maraqlı fikirləri qələmə alıb: “Mən oxuduğum kitabların  içərisində yaşayırdım. O qəhrəmanlar mənim sevincim və kədərim  olurdu. Mən kitablardan öyrənirdim həyatı, insanları. Mən kitablarla dostlaşdıqca insanlarla aramda uçurumlar yaranırdı. Mən artıq özümlə darıxmırdım. Kitablar məni böyüdürdü”. Əslində zamanında oxuduğu kitablar Aygün xanımın azad düşünmə eşqinə təkan verirdi. Məhz buna görədir ki, “Düşüncələr”  adlı ilk kitabında toplanan esselərdə  toxunduğu məsələlərə sərbəst şəkildə, yaradıcı şəkildə toxuna bilir.

Hə… Müəllif haqqında deməyi də unutdum. Aygün Aydın qızı Adıgözəlova 7 iyun 1984-cü ildə Şəmkir rayonunun Dəllər qəsəbəsində anadan olub. Hazırda  Z. Abbasov adına Dəllər qəsəbə orta məktəbində  ingilis dili müəllimidir.

Aygünün DÜŞÜNCƏLƏRİ “Ağac” Yayınları tərəfindən işıq üzü görüb. Bu dəyərli kitabın araya-ərsəyə gəlməsində zəhməti keçən hər kəsə sayğılarımızı bildiririk.

Fikirlərimi elə Aygün Adıgözəlovanın fikirləri ilə tamamlayıram: YAŞAMAQ GÖZƏL SÖZLƏRDİ, GÖZƏL BAXIŞLARDI, GÖZƏL DÜŞÜNCƏLƏRDİ…

Düppədüz vallah!

Vasif SÜLEYMAN

Share: