Həmişə sonda ölür ayrılıqlar… – Şahnaz Şahinin şeirləri

Həmişə sonda ölür ayrılıqlar… – Şahnaz Şahinin şeirləri

Kulis.az Şahnaz Şahinin şeirlərini təqdim edir.

Yaylıq

Yaylığını gətirmişəm özümlə,

Üstüm,başım ətirinə bulaşıb.

Dolayıram boğazıma soyuqda,

Bilsən məni necə isti saxlayır..!

İşə gedir,gücə gedir mənimlə,

Toxunuram,baxışları süzülür.

Sevinirəm,sevincimə şərikdi,

Qəmlənirəm,incə qəlbi üzülür..

Yaylığınla danışıram arabir,

Söhbətimiz yaman tutur ,biləsən..

Hərdən elə səninçün də darıxır.

Qəhərlənir,gözü dolur deyəsən…

Hərdən açıb başım üstə uçuram..

Kəpənəklər çiçəklərə yığışır..!

Sığallayıb sinəm üstə sıxıram,

Neçə istək bir-birinə qarışır…

Evimizin baş ucundan asmışam,

Yaylığınla çəkdirdiyim şəklimi…

Hər gün məni qarşılayır,ötürür-

Yaylığınla ovuduram təkliyi…!!

Sən gəldin

Sən gəldin dünyamın qarışan vaxtı

Gözləyib getmişdi arzularım da.

Nə bir işıq vardı tutub getməyə

Nə bir kölgə yoxdu daldalanmağa.

Eləcə günəş ta yandırıb yaxdı

Qəfildən Ay düşüb əlimi sıxdı.

Havalar da birdən soyudu onda

Uşaqlar elə tez böyüdü onda..

Gəlişi gözəldi,nə olsun dərddi

Nə olsun qadadı,qada alan yox.

Sağımda dəli bir inam var idi

Solimda sən vardın,görən bilən yox..

Açarı itmiş bir qapı kimiydim

Suları bulanmış çay idim Allah

Cismi didik-didik şəhid misalı

Ruhu ucalara tay idim Allah

Sonra ta sən gəldin,qarışdı aləm

O yanda Leylaya faş oldu naləm..

Bu yanda Şirini qınaq etdilər

Hə bir də Allaha bəlliydi halım..

Sonra da sonra da..eh daha heç nə

Nə gördü gözlərim nə gördü..saxta

Nə bir iz qalmışdı çıxıb getməyə

Nə də qayıtmağa bir yol yox idi


Payız

Özünü qapımdan asıb getdi payız..

Qış dəfn edəcək heyif,

nəm tutan yarpaqları…

Boz sərçələr ağlayacaq ,

bumbuz əllər dikəldəcək

başdaşlarını…

Salxım söyüdlər də qocaldı

kölgəsində görüşən sevgililər kimi…

Ara-sıra

boyat xatirələr tökülür

vitrindən indi….

Daha sahilə yaxın

uçmur balıqlar….

Üzünü yumur dalğalar,

dili batmış dənizlərin …

Eh…Həmişə sonda ölür

ayrılıqlar…

İki şəkil

Şəkil-şəkil böyütdüm səni gözlərımdə

Sonra götürüb asdım başım üstdən,..

Başım üstdə iki şəkil var indi

Biri Allahımdı,o biri də sən..

Biri yaxındadı ,biri uzaqda

Biri istidədi, biri ayazda

İndi nə soyuqdan qorxum var

Nə çəkirəm payzdan..

Hələ də kürəyimi yay yandırır

Sinəmdə qış şaxta qovurur..

Hələ də yaz gəlməmiş

Küləklər küləş sovurur..

Hələ də çərçivəsizdi şəkliniz..

Sənin də Allahın da..

Hələ də insaf gözləyirəm

Səndən də …Allahdan da.

Sənin üçün

Təkəm yenə bu axşam.

Sən də hardasa təksən…

Musiqi dinləyirəm,

Musiqi dinləyirsən…

Bəlkə də ayrı-ayrı

Şopeni dinləyierik.

Biz zamandan qopmuşuq

Zamanı neyləyirik…

Nə məni tanıyırsan,

Nə tanıyıram səni…

Bəlkə məndən böyüksən

Bəlkə kiçik…

nə bilim..!

Bəlkə doğulmamısan

Heç..

Tanrı yanındasan..

Bəlkə yad bir adamın

Soyuq qucağındasan..

Hər sabah ümid doğur

Axşam ölür içimdə..

Hər gün kədər şumlayıb

Ağ gül əkir saçımda…

Bu gün də sənsiz keçdi

Yenə görüşmədik biz…

Ömrümüz bir teatr,

Tamaşa gedir səssiz…!

Share: