Həqiqi hərbi xidmətə çağırış başladı

Azərbaycan Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, aprelin 1-dən ölkəmizdə müddətli həqiqi hərbi xidmətə çağırış başlayıb.

Müstəqil.az xəbər verir ki, aprelin 30-dək davam edəcək çağırış prosesində gənclər hərbin sirlərinə dərindən yiyələnmək, Vətənin keşiyində əzmlə dayanmaq kimi şərəfli borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə yollanacaq.

Sərəncama əsasən, 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Həmin sənədə uyğun olaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2019-cu il aprelin 1-dən 30-dək ehtiyata buraxılırlar.

Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 28-də Azərbaycan vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasında 2019-cu ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə göndərilən çağırışçılar təyin olunduqları xidmət yerləri barədə martın 25-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  (SHXÇDX) tərəfindən SMS vasitəsilə məlumatlandırılıblar.

Bununla yanaşı vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növü barədə məlumatı SHXÇDX-nin rəsmi internet saytının “Elektron xidmət” bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə və ya mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə məlumat ala bilirlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.

Share: