“Həqiqi şeir yoxsa lənətə gəlmiş zövq?” – Fuad Səyyah yazır

Demək,bu yaxınlarda sosial şəbəkələrin birində,öz “kruq”u tərəfindən yetəri qədər şişirdilmiş,hətta “şair”statusuna qədər yüksəldilmiş bir adamın postmodern şeir adı altında soxuşdurduğu və sadəcə qulağa xoş gələn söz yığınından ibarət yazısı rastıma çıxdı.Yazının sosial şəbəkədə aktivliyi qorumaq məqsədilə yazıldığını düşünsəm də,oxuduğum digər “şeir”ləri məni düşüncəmdə yanıltdı.
Və işin ən maraqlı tərəfi də bir neçə normal yazıları olan şairə dostumun o yazıya çox yüksək fikir bildirməyi idi.Gözlərimin məni aldatdığından şübhələnib və öz fikrimi dəqiqləşdirmək üçün şairə dostumdan bu qədər dayaz yazılmış bir yazının məhz hansı özəlliyini təriflədiyini soruşmaq qərarına gəldim.Aldığım cavab çox bəsit və can qurtaran oldu.
– Zövqlər müxtəlifdir…
Hansı zövq?
Şeirin oxucu tərəfindən zövqlə müəyyənləşdirilməsinə,hardasa,göz yummaq olar.Ancaq şair və yazarların bu qədər üzdən yanaşması və hər söz yığınına “əhsən”,”möhtəşəm” deməsi,ədəbiyyat üçün,həqiqətən,əziyyət çəkən adamların “oxucu korluğu” şikayətini qüvvədən salır.
Zənnimcə,istər oxucu,istərsə də yazar tərəfindən “şeir zövqü” şeirin mövzusuna görə dəyişə bilər:sevgi,fəlsəfi,dini,vətənpərvər mövzular və s.
Ancaq şeirə verilən qiymət məhz şeirə verilən qiymət olmalıdır.Buna nə “kruq” dəstəyi,nə yazara olan simpatiya,nə də “bu adamın filan şeiri çox xoşuma gəlmişdi bunu da onun xətrinə” düşüncəsi,nə də yazıçı populyarlığı təsir etməməlidir.
Şeir zövq deyil.Şeirə olan yanaşmasıyla oxucunun daxili dünyasının zənginliyini və yaxud kasadlığını müəyyənləşdirmək olur.
Bir də bu şəxsiyyətə pərəstiş problemi var.
Heç bir məna yükü olmayan,ağlına gələn iki misranı qeyd et və imza yerinə Ramiz Rövşən yaz.Ondan sonra otur uçuşan “like”lərdən və “çiçək-böcək” oxucu fikirlərindən həzz al.Və yaxud da əksinə.Ramiz bəyin yeni yazdığı və məhşur olmayan şeirini paylaş,imza yerinə reklamı olmayan istənilən şairin adını yaz və durğunluğu müşahidə et.Kimsə ağıllı tərpənib,bu sadəcə sosial şəbəkədir deyə bilər.Razıyam.Sosial şəbəkə ədəbiyyat demək deyil.Ancaq danılmaz faktdır ki,günümüzdə ədəbiyyatın 90 faiz taleyini sosial şəbəkələr həll edir.
Zənnimcə,bu kimi problemlər əvvəllərdə olsa da,bu qədər çoxalmağının səbəbi postmodern şeir növünün ədəbiyyatımızda tapdığı rahatlıqdır.Özüm o tipdə şeir yazmasam da,o növün varlığını təkzib etmirəm.Heç bir əziyyət tələb etməyən şeir quruluşudur.Səninlə nə bəhr,nə vəzn,nə də həmqafiyə davası edən olmayacaq.Sadəcə qulağa xoş gələn sözlərdən mətn yaz və bunu alt-alta düz.Al,bu da sənə şeir.Bəli,bu bir şeir növüdür və bu növdə də şeir yazmaq olar.Ancaq klassik şeir üslublarında yazmağı bacarmayıb,vəzndən,bəhrdən,təfilədən,həmqafiyədən anlayışı olmadan asan yolu seçərək sırf postmodern şeir yazanlara “şairlik Allah vergisidir” sözündən pay düşmür.
Əgər ədəbiyyatın sağalması üçün bir şey etmiriksə,ən azından yarasını dərinləşdirməyək.Şeirə şeir kimi qiymət verək.Bu dostumuzun,qardaşımızın xətrinə dəysə də, ədəbiyyat naminə bunu etməliyik.
Tamam.Münasibətlərimiz ədəbiyyatdan önəmlidirsə,heç olmasa, fikir bildirməyək.Ən azından həqiqi şeir yazanların və ən əsas da “möhtəşəm” sözünün haqqına girməmiş olarıq.
Fuad Səyyah
Müstəqil.Az
Share: