(hekayə)
Arzuuuuuuuu………….
– Arzu, qalx. Şəkər bayaqdan çağırır, gəlib görsə yatmısan səni birtəhər edəcək.
– Mama, səhər açılıb ki?
– Əlbəttə, açılıb. Sən hələ yatırsan? Bayaqdan boğazım cırılıb səni çağırmaqdan – Şəkər başımın üstünü kəsdirmişdi, qarabasmaya bənzəyirdi.
– Nolub, Şəkər?
– Tez elə, papam Leninqraddan gətirən paltonu geyin, mən də onu geyinirəm.
Gözəl palto idi. Məhəmməd dayım ikimizə də eyni rəngdə gətirmişdi, çiyinlərində paqonları da var idi, boy-buxunumuza o qədər qəşəng yaraşırdı ki, geyinəndə hər kəs bizə baxırdı. Qoşa gedəndə xüsusi təyinatlılara oxşayırdıq.
– Qalın əlcək götür, gedirik sərhədləri sökməyə.
– Nəyi sökməyə?
– İranla aramızdakı sərhədləri, eşitmirsən?
– Bəs balta-mişar götürməyim?
– Yox, yandıracayıq.
– Nəyi yandıracağıq?
– Sərhədləri.
– Dayan heç olmasa bir lom götürüm.
– Dedim axı lazım deyil, yandıracağıq.
– Bu havada da sərhəd yanar? Göydən buz yağır, 10-15 dərəcə şaxta var. Mamam haradadır, gəlsin çayımı versin. Heç olmasa bir stəkan çay içim.
– Maman avtobusdadır.
– Avtobusdadır? Necə yəni? İndicə burda idi axı. Sağ ol, ay mama.
– Tez elə, dur cəhənnəm ol, artıq hamı yığışıb, papam avtobusu sürüb gedəcək, saat 6 oldu.
– Heç səhər 6-da da qış səhəri olar? Sən elə indi getmişdin ki bizdən, nə tez yatıb durdun, yuxu gözümdən tökülür. Bezdirdin məni, sənin üzündən üç gündür ki, yata bilmirəm.
– Dünən yatıb dincələrdin də.
– Qoydun ki? Yıxılıb yatmışdın yerimdə, yatmağa yer tapa bilmirdim.
– Gedib yatardın bizdə, mənim yerimdə.
– Sizə gedib çatana qədər səhər açılacaqdı, gəlib başlayacaqdın banlamağa.
– Yekəbaş..
– Baş neynəsin, sənin səs-küyündəndi dəəə, şişib yekəlib.
Doğrudan da avtobus ağzına qədər dolu idi. Bütün məhlə arvadları yaylığını, çadrasını başına atıb hamısı bir nəfər kimi ayaq üstdə, avtobusa çatan çatmışdı, çatmayanlarsa qaçaqaçda idi. Deyəsən elə ən gec qalan mən idim. Məhlə kişiləri isə çoxdan sərhəd qırağında idilər. Arvadların narazı baxışları, Şəkərin danlağı məni günahkar bir görkəmə salmışdı. Yüz illərin o tay-bu tay həsrətinin götürülməsini ikicə dəqiqə gecikdirdiyim üçün yaman qınağa çəkilmişdim. Bilmədim illərin həsrətininmi və ya hər hansı bir marağınmı qınağı idi. Nə isə.. Çox dərinə getməyim, yəqin ki, hər ikisi.
Bir-iki kilometrlik yol idi kəndimizdən Arazın sahilinə. Bu gün Arazla əl verib görüşəcəkdik. Yol buz bağladığından avtobus asta-asta irəliləyir, ürəklərsə tələsirdi. Bu yolu aradabir Şəkərlə velosipedimizlə gələr, kənardan dayanıb Araza baxar, uşaq düşüncələrimizin fantaziyalarına dalardıq. Şəkər deyərdi: “Görəsən, o tərəfdə bizim qohumlarımız var?”
– Əlbəttə, var. Nənəm deyərdi ki, bizim o tərəfdə bacı-qardaşlarımız qalıb.
– Görəsən, bizə oxşayırlar, görsələr, tanıyarlar?
– Nənə-babalarımızın adını desək, tanıyarlar. Nənəm onu da deyərdi ki, düşmənlərimiz ermənilər o vaxt kəndə girib bizi qırmaq istəyəndə o tərəfdən bir cəsur döyüşçü gəlib, kəndimizin kişiləri ilə düşmənə qarşı vuruşub. Həmin adam topçu imiş, tez-tez topun yerini dəyişib düşmənə elə göstərib ki, bir yox, bir neçə topdan atəş açılır. Qadınlarımızı düşməndən qorumaq üçün bir həyətə toplayıb, bir hissəsini isə Arazın o tərəfinə keçiriblər. Nənəm ilk uşağını həmin vaxt Arazın qırağında tikanlı kol-kosun üstündə dünyaya gətirib. Həmin uşaq Marşal ləqəbli şeir yazan dayım Sadıq imiş. Bu ləqəbi də özü-özünə qoymuşdu. Şeirlərinin sonunda ana, mən Marşalam Marşal deyərmiş.
– Şeirlərindən əzbər bildiyin var?
– Sevdiyi qıza yazdığı şeirdən bir bənd:
Sən biçin biç, mən işlədim araba,
Qurban olum əlindəki orağa
Sən gəlməsən, məhlə qalar xaraba,
Yeri ha, yeri ha, gözəl Nərgizim,
Sevgimdə əbədi, əzəl Nərgizim.
– Nə qəşəng şeirdir! Görəsən, o vaxt ermənilər kəndə girə bilmişdilər?
– Yox əşi, heç yel olub yanından da keçə bilməmişdilər. Böyükləri Andranikin tutub qulağını kəsmişdilər.
– Ha ha ha. Ona görə biz şuluq edəndə tutub qulağınızı kəsərik deyirlər hə?
– Hə, Şəkər, Andranik də şuluq etmişdi də.
Şəkərin səsi məni xəyaldan ayırdı.
– Papa, bərk sür də!
– Darıxma, a qızım, bax gör nə qədər adam var?
– Maşını saxla Arzu ilə düşüb qaçaq.
Doğrudan da o tərəf-bu tərəf Arazboyu adam əlindən yer yox idi. Bir vaxtlar gözümüzü deşən tikanlı məftillər ürəklərin odundan saman çöpü qədər aciz, külü qədər dəyərsiz görünürdü.
– Al, Arzu, sən bu dirəyi yandır, mən gedim o birisini yandırım.
– Dayan, ay qız, sən nə edirsən, gör nə qədər şəkilçəkən var, mən qorxuram, həm də üşüyürəm. Bir də hələ heç kəs yandırmayıb axı.
– Yandır, qızınacaqsan, qorxaq.
Şəkər elə danışırdı ki, elə bil nənəsi həyətdən topladığı çör-çöpə od verəcəkdik.
– Nədən qorxursan? Görmürsən şəkilçəkənlər ruslardır, kimdir bizi tanıyan?
İpə-sapa yatmayan Şəkər təlaş içində o tərəf-bu tərəfə qaçır, məni də bu işə qatmağa çalışırdı. Arazın o tayına yığışan qardaş-bacılarımız isə bizlərə səslənir, daşa bağlanmış məktublar atır, Vətəni salamlayır, uzun ayrılıqlarını soyunub Araza tökürdülər. Araz isə heç nə olmamış kimi axmağında idi. Deyir: “Dinəni nə yandırar, dinməyən”. Araz da sükuta qərq olmuş lal görkəmi ilə demək istəyirdi ki, indi gördünüz ki, mən günahkar deyiləm, hər zaman günahlarımı yuya-yuya axdım, indi növbə sizindir, tökün günahlarınızı, tökün üstümə. İndiyə qədər yuyub təmizləməyə haqqım çatmasa da gücüm çatar.
Tutub haqqın yolunu
Axır təmiz, bəmbəyaz.
Açıb mənə qolunu,
Tutur qolumdan Araz.
Misra-misra, bənd-bənd yüklənirdim. Uşaq könlüm açılmamış çiçəklərin qönçəsinə bənzəyirdi. Şıltaqlığımı aparırdı Araz, nadincliyimə son qoyurdu. Axdıqca axırdım, yuyulduqca yuyulurdum, durulduqca durulurdum, bir az da günaha batmış kimi olurdum. Həyata baxışlarım öz müstəvisindən çıxıb belindəki xəyal qurşağını açır, sirr dünyasının qapılarını göstərirdi mənə. Ağ-qara rənglərin arasından əlvan rənglər axtarmağa göndərirdi məni. Mənə elə gəlirdi ki, Araz hər şeyi bilir, məni məndən yaxşı tanıyırdı. Uşaqlığımın son həyat hekayəsini danışırdı mənə, o gün Arazın sahilində bitən uşaqlığımın.
Görəsən, Şəkər də öz hekayəsini dinləyirdimi? Yox, dinləmirdi, o heç eşitmirdi də. Axı o, məndən bir az kiçik idi. Onunla Araz arasında uşaqlığı boyda dirəklər, tikanlı məftillər var idi. Ona görə də, təlaş içində idi, elə hey vurnuxurdu. Vurnuxurdu ki, əlindəki kibrit çöpü ilə aradakı bu maneəni götürsün. Uşaqlığındanmı qaçırdı, uşaqlığınamı qaçırdı, bilmirəm, mənə tərəf gəlirdi.
– Ver kibrit qutusunu mənə, mənimki boşaldı, hələ heç nə edə bilməmişəm.
– Al, Şəkər.
Əslində səhərdən sən elədiyin qədərini heç kəs edə bilməyib. Bütün kameralar və fotoaparatlar da ən çox sənə tuşlanıb, xəbərin yoxdur. Xəbərin bir müddət keçsin olacaq, azadlıqla dil tapandan sonra.
Yavaş-yavaş qaralmağa başlayan hava misraları bənd olmamış şeir kimi idi. Həsrətdolu qış yuxusunun məngənəsində yuxuya dalmış təbiət içi dolmuş sözlü ürəyə bənzəyirdi, Arazdan başqa. Elə bilirdin indicə qat salmış buzların arasından çiçəklər boylanacaq, çiçəklərin ətrindən isə yüz illik yuxuların yozumu duyulacaqdır. Bəs heç vaxt gözünə yuxu getməyən, sağına-soluna layla çalan təmkinli Araz nə edəcəkdi.
Heç kəs yerindən tərpənmək istəmirdi. Hamı qısa soyuq qış gününü çəkib uzatmaq istəyir, yüz illərin qaranlığını yüz illərin gündüzü etməyə çalışırdı. Deyəsən, geri – evə dönürük, sabah yenidən gəlmək şərti ilə. Çox gözəl, hamı tərəfindən kəsilib bəyənilən şərt. Avtobusdan enib hər kəs öz evinə tərəf dağılır, üzlər şad, çiyinlər ağır yük altından qurtulmuş kimi görünürdü. Tələsirdilər, kiməsə nəyisə danışmağa tələsirdilər. Ürəklər dolu idi. Yatıb yuxuda görmədiklərini görmüşdülər bu gün. Gec idi. Mamamın çox sevdiyi “Günün ekranı” xəbərlər proqramı çoxdan bitmişdi. Bir azdan Moskva televiziyasının “Zaman” (“Vremya”) xəbərlər proqramı başlayacaqdı. Hamı ekran qarşısında öz yerini almışdı. Mamam:
– Gəlin, bu televizora xod verin, xəbərlər başladı.
Rus dilində ilk xəbər başlıqları… Ekranda Şəkər vurnuxur, əllərinin hərəkətindən mənə nəyisə anlatmağa çalışır. Aman Allah, inana bilmirəm, deyəsən, biz hələ ordayıq, baxın hələ, bütün qonşular hamısı. Rus dilində səslənən ilk xəbər başlığından anladığım bu cümlə oldu: “Bu gün baş verən xuliqanlıq hərəkatında qadınlar xüsusi fəallıq göstərmişlər”. Bu cümlə oxunanda Şəkərlə məni ekrana yaxınlaşdırdılar. Yaşca məndən qat-qat böyük olan baməzə xarakterli qardaşım mənim şok olduğumu görüb ortalığı bir az da qarışdıraraq: “Təkcə xuliqanlarımız çatmırdı, o birisi xuliqan hanı? Görəsən, baxıb görür özünü?” – Şəkəri deyirdi. Bu tərəfdən mamam incik vəziyyətdə sanki “Vremya”ya etiraz edirmiş kimi: “Bə bizi niyə yaxından göstərmirlər? Səhərdən bir sürü arvad soyuğu çəkə-çəkə ayaq üstdə dayanıb əziyyət çəkən biz, ancaq Şəkərlə Arzunu çəkib qoyublar göz qabağına, belə şey olar, ay balana qurban olum? Ağbirçəyə-zada da baxan yoxdu, zəmanə xarab olub, hörmət-izzət də qalmayıb”.
Bir bambaşqa gecəni sovuşdurub səhəri təzəcə açmışdıq, mən hələ də axşamkı hadisənin təsirindən çıxmamışdım. Televizoru da açmağa qoymurdum. Elə bilirdim açılan kimi Şəkərlə mənim xuliqanlığımdan danışacaqlar. Qardaşımın yaman xoşuna gəlmişdi bu söz, tez-tez təkrar edib yadıma salırdı: “Xuliqanlar”.
– Ee mama, de bəsdirsin də, yoxsa yemək yeməyəcəm.
– Bəsdir qaqaşı, küsdürmə uşağı. – Mamamın nəzərdə tutduğu Cəlil Məmmədquluzadə deməli, “Saqqallı uşaq” mən idim.
– Uşaq kimdir, ay ana? Uşağın böyüyüb, inanmırsan get aç televizoru “Vremya”ya bax. Bir də bunu mən demirəm ki. “Vremya” deyir, Moskva deyir, on beş respublika deyir, bütün dünya deyir və göstərir. Hələ bir çıxım görüm eşdə-bacada nə deyirlər, işə dəyib qayıdıram.
Qardaşım arzusuna çatmışdı, mən artıq küsmüşdüm, çarpayının altında idim. Çarpayının altı niyə belə balacalaşıb? Çoxdandır bura girmirəm, nədir, mənə çox sıxıcı gəldi. Əslində mənim bura girən vaxtım çoxdan keçmişdi. Mamadır da, imkan vermir ki, özümü yekə qız kimi aparım, böyüdüyümü hiss edim. Yəqin mənim böyüməyim mamama əks-təsir göstərirmiş, o üzdən. Nəvələri boyu boyuma bərabər mamama. Mama idi də, sonradan atamın təkidi ilə qoca vaxtında bir səhv idi edib məni dünyaya gətirmişdi. Mənə nə var, ona xoş, mənə ondan da xoş. Böyüyüb qayğıkeş olunca uşaq qalıb qayğısız yaşamağı kim istəməz? Amma həqiqətən çarpayının altı çox balacalaşmışdı. Ora mənim küsərkən saxlandığım ən uyğun yerim idi. Qardaşıma xoş olurdu mənim orda qalmağım, həmişə deyirdi: “Bacarın, orda çox qalsın, baş-beynimiz sakit olsun”.
İş adı ilə evdən çıxan qardaşımın çıxmağı ilə qayıtmağı bir oldu. Çarpayının altına iki jurnal qoyub: “Al bunları sən oxu, bu ikisini aparım verim o birisi xuliqan oxusun”. Jurnalların üz qabığındakı eyni rəngdə paltolarımız olmasaydı qrov bağlamış saçlarımız və ağ şarfa bürünmüş başımızdan heç deməzdin ki bu Şəkərlə mənim şəklimdir. Cürbəcür başlıqlar, cürbəcür şəkillər, içində də nələr-nələr….
Yox, deyəsən, vəziyyət qəlizləşir, mən elə burdan çıxmasam yaxşıdır. Görəsən, Şəkər nə edir, səhər açılıb ondan xəbər-ətər yoxdur. Bəlkə onu aparıb basıblar dama yatır? Sən demə, yazıq uşağa axşamdan deyiblər ki, KKB sizi axtarır, axtarışdasınız. O da qorxusundan qaçıb mənim kimi gizlənib. Axırda görüblər uşağın bağrı çatlayacaq, atası deyib ki, qızım, çıx, sənin problemin yoxdur, yaşın azdır, səni tuta bilməzlər, Arzunu aparacaqlar…
Elə bu arada qardaşım yenə də əlində bir neçə qəzet-jurnal gətirib çarpayının altına qoydu, özü də bu sözü deyərək: “Günün qəhrəmanları”. Görəsən, qardaşım bu qəzet-jurnalları haradan, nə tez tapıb gətirir? Bəlkə bilərəkdən evimizə göndərirlər. İçimdə doğan bu maraqlı sual məni yaman qorxudub təşvişə salmışdı. Qardaşım deməli, deyəsən hələ çox gizlənməli olacağam. Gələn-gedən yox, darıxdıme burda, qardaşım harada qaldı, bir saat oldu hələ xəbər gətirməyib. Poçtla evimiz arasında ən azı on-on beş dəqiqə yol ola-ola qardaşım bu qəzet-jurnalları nə tez tapıb gətirir.
Nə isə başımı yormayım, mən hələlik burda qalsam yaxşıdır. Çünki çarpayının altında düşünmək daha əlverişlidir. Gələcəkdə şairdən-zaddan olsam şeirlərimi də burada yazacağam. İnşallah sərhədlər açılsın, bütün ölkələrə sərbəst gedib gələcəyik. İrana, Türkiyəyə velosipedimizlə də gedib gələ bilərik, haradır ki, budur burda – ağzımızın içində. Çox həyəcanlıyam, çox. Həyətimizdə qalxan səs-küy həyəcanımı lap artırdı, deyəsən, yerimi öyrənib tapdılar məni. Yox, çox tanış səslərdir. Şəkər:
– Arzu haradadır?
Qardaşım:
– Kravatın altında.
– Hə, düz eləyir, qoy gizlənsin, tapa bilməsinlər.
Mamam əlində bir adyal:
– A bala, dur çaydan zaddan iç, sonra girərsən də ora, heç olmasa bu adyalı çək üstünə soyuq olmasın.
Şəkər adyalı alıb çarpayının altına qoydu. Əlində “kubik-rubik” oyuncağı var idi, sonra setka çarpayının üstündə oturub bərkdən-bərkdən yırğalanmağa başladı, yəqin ki, “kubik-rubik” oynadırdı. Aradabir əyilib çarpayının altına, ayaqlarım tərəfə söz deyirdi, ona görə ki, başımın, ayağımın hansı tərəfdə olduğunu bilmirdi. Danlayır, qınayır, günahlandırır, elə hey danışırdı, elə danışırdı ki, elə bil bu hadisədə əli olan və Sovetlər dövlətini yıxmağa cəhd göstərən təkcə mənəm. Budur artıq işin üstü açılıb, məxfi orqanlara cinayətkarın tutulub gətirilməsi haqqında tapşırıq verilib. Onlar da budur ha dayanıblar qapıya, çarpayının altından çıxsam bir əməllə əl-qolumu bağlayıb yığıb-yığışdırıb götürüb aparacaqlar. Şəkər əyilib jurnalları götürdü:
– Burda yaxşı düşməmişik, sən məndən hündür görünürsən, niyə?
Çünki mən dağın yoxuşuna düşmüşdüm. Şəkər məndən də boylu-buxunlu idi. Hələ yenicə başlayan gənclik dövrünün ilk illərini yaşayırdı. Orta məktəbin son sinfində oxuyurdu, çiçək-çiçək açan vaxtı idi. Qeyri-adi üz cizgiləri vardı, iri ala gözləri gözəlliyinin təcəssümü idi. Uşaq idi. Heç özü də bunun fərqinə varmırdı. Bir yerdə böyümüşdük, eyni tir altında, buna təkcə qonşuluq demək olmazdı, ortada divar yox idi, olanı da vurub uçurdurduq. Bizi qoşa bacı kimi tanıyır, bəzən kimin kim olduğunu da qarışdırırdılar, Şəkər hansımızıq, Arzu hansımız. Açığı heç özümüz də bilmirdik, biz hansımızıq. Göz açıb biri-birimizi görmüşdük, hər zaman Şəkəri qorumağa çalışırdım. Azacıq yaş fərqimiz uşaqlıqda böyük fərq sayılırdı, ona kiçik bacım kimi diqqət edirdim. Ata-ananı, bacı-qardaşı, qonum-qonşunu, el-aləmi boğaza yığıb cana doyursam da təkcə Şəkərə yenilmişdim. Aradabir tutub məni şapalaqlasa da ona dəyməyə əlim gəlmirdi, çox istəyirdim onu, mənim ən isti, köz-köz olmuş xatirəm Şəkər. Biz qoşa dayananda daha fərqli görünürdük. Sizcə də hansı əba-əcdadı ölmüş fotoqraf, hansı redaktor istəməz ki, bu gözəllik onun təmsil etdiyi hər hansı bir jurnalın, qəzetin üz qabığını, səhifələrini bəzəməsin, hansısa bir efir proqramının qəhrəmanı olmasın. Hazır ələ düşmüş obyekt idik. Jurnallar elə bil foto müsabiqəsi keçirmişdi, biz də qalibi olmuşduq. Təbiətin qoynunda, Araz sahili, dağətəyi yerlərdə cürbəcür pozalarda təbii, orijinal şəkillər. Amma başlıqları xoşa gələn deyildi: “Xuliqanlıq hadisələri”, “Xuliqanlar” və s.
– Bax bu şəkil qəşəngdir, mən sənə tapşırıq verən yerdə, amma sən heç nəyi yarıtmadın, yaramaz. Bu nədir, heç burda üzümüz görünmür, heç belə də şəkil çəkərlər, bacarıqsızlar. Xoşum gəlmədi, al bu da sənə qalsın. Qoy sərhədləri yandırıb yolları açaq, o tərəfə keçəndə gəlib yenə də şəkillərimizi çəkəcəklər, onda yaxşı dayanarıq, şəkillərimiz keyfiyyətli olar.
Şəkər bu dəyərli məsləhətləri jurnalları vərəqləyə-vərəqləyə verirdi. Elə bu anda qardaşım yenə əlində jurnal içəri daxil oldu. İmkan tapıb jurnalı çarpayının altına atmamış Şəkər kefini və istirahətini pozmadan:
– Əmi, ver görüm o jurnalı, bəlkə ordan bir fərli şəkilimizi tapdım.
– Al, axtarıb tapmağa ehtiyac yoxdur, bax gör üz qabığında necə qoşa ulduz kimi parlayırsınız.
– Hanı burda ulduz görünür? Qışın şaxtası, üstümüzə də qar yağır. Ay əmi, bir fərli jurnal tap gətir də.
Hər kəs öz işində idi: Jurnal gətirən, şəkillərə seçim edən, ev-eşik təmizləyən, bir nəfər yox idi ki, desin ki, ay adam, çıx bu çarpayının altından, sən də bir nəfəs al, söhbətə qarış, fikir yürüt. Bu nə deməkdir axı səhərin gözü açılmamış jurnal jurnalın, qəzet qəzetin dalınca gəlir. Əcəba poçt, nəşriyyat, mətbuat orqanları evimizə, lap belə ayağımızamı qədər yürüyüb gəldi? Bəlkə mən çarpayının altında ikən milli hərəkatın liderinə-zadına çevrilmişəm, xəbərim yoxdur, hə? Yoxsa boşu-boşuna Moskvanın bu dərəcədə diqqətini cəlb etməzdim. Bu işdə nəsə var, Şəkər deməli, məni həqiqətən gəlib aparacaqlar. Bunların nə vecinə, azadlıqdadırlar, düşüncələri zəif hiss olunur, amma mən düz üç saatdır çarpayının altında həbsdəyəm. Heç Şəkəri bir saat burada saxlamaq olar? Yox, olmaz. Axşam on beş dəqiqə şifonerdə gizlənməklə az qalmışdı ki, bağrı çatlasın. Gərək girməzdim bura. Atalar yaxşı deyib: “Qorxan gözə çöp düşər”. Deyəsən, artıq çöp mənim gözümü də çıxarıb. Hamısı öz inadım üzündən, tərsliyimdən oldu. Mənə deyən var idi ki, küs gir çarpayının altına, indi də çıxa bilmə, bu bəd düşüncəlilərin də fikirləri həqiqət olsun. Cəhənnəm olsun hamısı, bir az da yatım çıxacağam burdan. Gəlib aparırlar aparsınlar, hər halda onların həbsi burdakından ağır olmayacaq. Heç olmasa orda adam kimi oturaram, ayaq üstdə dayanaram, burda belim-boynum qurudu, lap öldüm ki mən. Axşamdan azadlığa buraxılan Şəkər özünü çox rahat, azad hiss edirdi. Yaylı, setkalı çarpayının üstündə bərkdən-bərkdən hoppanıb düşməyə başlamışdı. Aradabir ombama dəyən zərbələrdən artıq işgəncələrə məruz qaldığımı hiss edirdim. “Bayırda elə qəşəng qış havası var: qar yağıb, yer donub. Mən gedim Kubuş bibimgilə xizək sürməyə. Sənlə çox oynadım, bəsdir, al bu “kubik-rubik”i mən gələnəcən sən oyna, başın qarışsın. Bu jurnalı da aparım qəşəng şəklimizə baxsınlar” – deyib acımasızcasına çıxıb getdi.
Şəkərin üzü o yana, təzəcə çıxıb getmişdi ki, elə bu anda mamam həvləng-hövləng içəri girib: “Hanı?” – deyəndə, mən özümü ciddi rejimli koloniyada hiss elədim. Əlimdəki “kubik-rubik”in sonuncu damasını yerinə gətirə bilməyib mamamın ayaqları altında yerə qoydum. İstədim deyəm kim hanı, mən burdayam, amma dilim tutuldu, içimi qara düşüncə sardı, mama niyə belə qəddarlıq edir, yoxsa o da Moskvaya işləyir. Gizləməkdən qoşulub axtarış orqanlarına yoxsa məni axtarır? Bu anda çarpayının altına əyilərək:
– Bu nədir, sən hələ üstünü örtməmisən, sənə soyuq olacaq, mənim axırım necə olacaq.
Birdən dilim açıldı, təbii ki, bu mərhəmətli ana qayğısından sonra:
– Mama, kim hanı?
– Jurnallar, qəzetlər, sənədlər. Yığ, ver, yiyəsi gəlib aparsın.
– Yiyəsi kimdir axı? Bəs onlar mənə göndərilməyib?
– Yox əşi, sən onlara abunəçi deyilsən ki. Sonra gedib bir yerdən tapıb alarsan, onlar kitabxananındır, Şəfiqə gətirib ki, şəkillərimizə baxaq, oxuyaq, indi aparır qoysun yerinə.
Yaxın qonşumuz Şəfiqə rayon kitabxanasının direktoru işləyirdi. Səhər-səhər iş başında qəbul etdiyi jurnal-qəzetlərdəki şəkil və jurnalların başdan-başa məhləmizi əks etdirdiyini görüb elə təhvil alar-almaz üzünü döndərib məhlə tərəfə – qəhrəman, fəal oxucularına sarı. İlk rastına çıxan qardaşım da eləmə tənbəllik əlinə keçən bu fürsətdən yararlanaraq axşamdan qorxduğumu görüb küsməyimin intiqamını bu yolla almaq qərarına gəlib.
Mən hələ də çarpayının altına yapışıb qalmışdım. Mamam jurnalları, qəzetləri toplaya-toplaya: “Bəs “Oqonyok” jurnalı ilə “Zvestiya” qəzeti hanı?” – deyə soruşdu. Birdən yadıma düşdü ki, onları Şəkər aparıb. Çarpayının altından nətəri çıxdımsa mamamdan qabaq Şəfiqənin yanına çatdım.
– Dayanın, jurnalla qəzetin birini Şəkər aparıb. Qoyun qaçıb gətirim, üzünüzə söz gəlməsin.
Mənim çarpayının altından çıxmağım, azadlığım, amma bütün bunlar təhlükənin sovuşması demək deyildi. Azacıq yerdə ilişməmişdik, Moskva hələ intiqamını almamışdı.
Şəkər gedirdi Kubuş bibisigilə. Bibisigilə çatana qədər illər elə tez gəlib keçmişdi ki… Ordan da taleyinin apardığı yolla gedəcəkdi – Təbrizə yox, Moskvaya. Mən artıq taleyimdən güllələnmişdim. Şəkəri isə çörəyi dizinin üstündə olan Moskva elə basmışdı ki bağrına, az qala inanmışdıq bu sevgiyə. Mən çox ağrıyırdım. Doqquz aylıq körpəni qucağıma ala bilməyəcəyim qədər gücsüz idim. Şəkəri gözləyirdim, çox darıxmışdım onun üçün. Ondan başqa gözləyə biləcəyim biri qalmamışdı. O da əli uşaqlı olmuşdu, yenicə doğulmuş körpə qızcığazına sarılmışdı. O da məni görməyə tələsirmiş, lap çox tələsirmiş. Həm də iştirakçısı olduğu, canını fəda etdiyi hərəkatın acısının şirinini dadıb yaşamaq üçün. Moskva Şəkəri üzü vətənə sarı yola salmışdı. Körpəsinin doğum günündə üzü Təbrizə sarı ana məzarı olmaqdan ötrü. Çox gənc bir ana məzarı… Körpə ilə ananın arasına isti vətən torpağı tökülmüş, dünya ağırlığında, qış qoxulu, şimal buzu qədər soyuq bir daş qoyulmuşdu. Hər dəfə ayağı yenicə yer tutmuş isti körpə nəfəsindən əriyib tökülürdü bu daş. Balaca əlləri ilə torpağa sərdiyi çiçəklər soyuq ana məzarını yandırıb yaxır, ananın isə məzardan fəryadı duyulurdu:
Gəlib məzarımı boyama aha,
Yolum açıq deyil, mən durum gəlim.
Bağrın göynəyəndə sığın Allaha,
Qoy rahat uyuyum, rahat dincəlim.
Gəlib məzarıma düzmə gül-çiçək,
Ömrünü, gününü bürümə yasa.
Mən gələn yollardan gözlərini çək,
Körpə ürəyinə daş basa-basa.
Ağlayıb islatma sinə daşımı,
Nəm çəkər otağım, yaşına dönüm.
Əlimdə deyil ki, hər ah çəkəndə
Durum milyon dəfə başına dönüm.
Torpaq nalə çəkər, açar bağrını,
Burda doğma yatar, yad yatar, bala!
Gəlib qızışdırma buz yatağımı,
Ana məzarıdır, od tutar, bala!
Ana məzarıdır, od tutar, bala!!!
İndi bu məzara gül qoyanların sayı artıb çoxalıb. Məzar yaşlanıb nənə məzarı olub. Balaca Şəkərlə bacısının nənəsinin məzarı.. Hələ bu nəvələrin sayı-hesabı artacaq qədər nənə məzarı…
Mən hər zaman acısı, şirini bəlli olmayan həyat haqqında düşünüb, Şəkərlə Arzunun çılğınlığından doğan xatirələri də ona əmanət edirəm. İndi aradabir Şəkərə cavabsız məktublar yazıram. Bu hələlik sonuncu məktubumdur. Məktublarımın hamısı eyni sonluqla bitir:
“Əzizim Şəkər!
Sən məni bircə dəfə çağırıb oyandırardın. Amma mən səni gör neçə illərdir çağırıram: Şəəəəəəkəəəəəəəəəəəəəəəərrr…”
Arzu NEHRƏMLİ