Müstəqil dövlətçiliyimizi ürək sevgisi ilə qəbul edə bilməyən bəzi skeptiklər hələ də hesab edirlər ki, biz Azərbaycan dövlətinin yenidən bərpası üçün mübarizə aparmamışıq və qan bahasına mücadilə etdiyimiz müstəqillik yollarındakı fəaliyyətimizin heç bir nəticəsi olmayıb. Hətta bəziləri belə bir fikir irəli sürür ki, guya M.Qorboçovun fəaliyyətsizliyi nəticəsində Sovet İttifaqı dağıldı və bu dağılma prosesində bütün respublikalar müstəqillik əldə etdi, bu müstəqillikdən bizim də payımıza düşdü.
Bu cür düşünən insanların ya dünyadan xəbəri yoxdur və yaxud düşündüyümə görə, öz xalqının böyüklüyünü, müstəqillik eşqini, özgürlük mücadiləsini kiçiltmək, onu daima xırda görmək eşqilə yaşayır.
Bir əsr içərisində tökülən qanlar bahasına dəfələrlə milli mücadiləyə qalxmaq, ən azı iki dəfə, yalnız quzeydə müstəqil dövlət yaratmaq heç bir xalqa nəsib olan qəhrəmanlıq nümunəsi deyil. 1989-cu il BMT tərəfindən Azərbaycan ilin xalqı elan edilib. Fikrimiz digər xalqların milli mücadiləsini kiçiltmək deyil. Lakin obyektivlik naminə vurğulamalıyıq ki, bizimlə bərabər müstəqilliyə sahib olan bugünkü müstəqil dövlətlərin heç biri Qanlı Yanvar faciəsini yaşamayıb, öz müstəqillik tariximin elanını rus ordusunun yaratdığı “komendat rejimi” şəraitində etməyib. Doğrudur, Gürcüstanda Baltikyanı ölkələrdə də hərbi müdaxilə və qantökmə olub. Hətta Litva höküməti bu yaxınlarda o zamankı Sovet hərbi nazirini məhkəməyə verib, ona on il həbs cəzası tələb etdi. Azərbaycana qarşı törədilən vəhşət heç bir çərçivəyə sığmır. Adını çəkdiyimiz xalqların heç biri Azərbaycandakı qədər qəddarlığa məruz qalmayıb.
Məqsədimiz heç də tarixi araşdırmaq yox, müstəqillik yollarındakı mücadiləmizin ümumi xalq hərəkatı olduğunu bir daha isbat edən və bu yoldakı mübarizənin regionlardakı yanğısını insanlara bir daha çatdıran çox dəyərli bir kitabı oxucuların diqqətinə təqdim etməkdir. Dəyərli ziyalımız, milli azadlıq hərəkatının bilavasitə iştirakçısı Ələkbər Zahidovun qələmə aldığı “Müstəqillik yollarında” adlı əsər azadlıq mübarizəsi haqqında çox gözəl bir salnamədir.
480 səhifədən ibarət olan bu fundamental kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 və 90-cı illər milli azadlıq hərəkatının 30 illiyinə həsr olunmuşdur. Əsərin əvvəlində müəllif haqlı olaraq qeyd edir ki, çox qısa tarixi dövr yaşamış Azərbaycan Xalq Cümhuriyyəti möhtəşəm dövlət quruculuğu təcrübəsilə milli dövlətçilik tarixində unudulmaz izlər qoymuş, müstəqil millətin qəlbində azadlıq və istiqlal duyğularını daha da gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin yaratmışdır.
Əsərin birinci hissəsi “Tariximizə, keçmişimizə ötəri nəzər”lə başlayır. Bu hissədə müəllif haqlı olaraq göstərir ki, dünənimizi görməsək, bu günümüzü düz yaşaya və sabahımızı düz qura bilmərik. Fikir özü düşündürücü olduğundan müəllif əvvəlcədən çalışır oxucuya təlqin etsin ki, gerçək hadisələrə həsr olunmuş bu kitabı oxumaq xatirinə oxumaq deyil, düşünmək, şüura həkk etmək xatirinə oxumaq lazımdır. Çünki bu gün sənin başının üzərində dalğalanan o üçrəngli bayraq nə qədər rəngli görünsə də, o, yalnız rənglərin ahəngi deyil, minlərlə insanın qanı bahasına bu gün dalğalanan sənin həyat prinsipindir. Oxucu düşünməlidir ki, millət yalnız zəruri şərtlər yarandıqda formalaşır. Bu zəruri şərtlər isə soy kökündən, vahid dil, bütöv ərazi, mədəniyyət birliyindən, milli-mənəvi dəyərlər birliyindən, iqtisadi əlaqələrdən və sair faktorlardan ibarətdir. Lakin keçmişimizi araşdırdıqda məlum olur ki, uzun müddət digər siyasi güclər tərəfindən idarə olunduğumuzdan tariximiz təhrif olunub, dəyərlərə münasibətimiz səhv məcraya yönəldilib, düşündüklərimizi gerçəkləşdirmək əlçatmaz xəyala çevrilib. Bu hissədə müəllif Azərbaycan xalqının etnogenezisinə tarixi ekskurs etməklə onun azadlıq yanğısının müxtəlif aspektlərini diqqətə çatdırır. Güneyli-quzeyli nə qədər mücahidlərin həyat salnaməsini gün işığına çıxarmışdır.
Millətin ümumi mübarizəsinin fonunda müəllif Neftçalanın və onun əməksevər, mübariz insanlarının rolunu çox böyük diqqət və həssaslıqla vurğulayır. Bununla bağlı Ələkbər bəy gözəl bir ifadə işlədir: “Neftçala Azərbaycanın mikrosxeminə bənzəyir”. Bu deyimdə böyük bir həqiqət var, ona görə ki, Neftçala bölgəsi bütün Azərbaycanda olan təbii yeraltı və yerüstü sərvətləri, görkəmli şəxsiyyətləri ilə sanki bütövün bir parçasıdır. Öz minimum yaşayışını təmin etməyə qadir olan bir bölgədir.
Əsərdə haqlı olaraq qeyd olunur ki, rayon zəhmətkeşləri, azadlıq uğrunda mübarizəyə qalxanlar yalnız bölgə problemləri ilə kifayətlənməyərək Qarabağdakı döyüş bölgəsinə də öz töhfəsini verirdi. Qarabağ uğrunda döyüşlərdə ən çox iştirak edən, ən çox şəhid verən rayonlardan biri də Neftçala olub. Bu rayondan Qarabağa döyüşə gedənlərin sayı 506 nəfər, I qrup Qarabağ əlillərinin sayı 2 nəfər, II qrup 74 nəfər, III qrup 33 nəfər, şəhidlərin sayı 169 nəfərdir. Neftçalalılar Böyük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərmişlər. Onlardan 3 nəfəri ən yüksək ada – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Son döyüşlərdə, yəni Qarabağ döyüşlərində 3 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür.
Əsərin VII hissəsi çox böyük potetik tonda müşahidə olunur, millətin nikbin, gələcəyə yönəli və bu günün tələbinə uyğun olduğundan olduğu kimi də səsləndiririk: Mübarizə, döyüş, vuruş varlığın əbədi qanunudur. Xeyir daim şərlə vuruşur, ağ qara ilə, gecə gündüzlə vuruşur, isti soyuqla, bahar qışla vuruşur, işıq zülmətlə. Bu məfhumların hamısının öz dəyəri, öz məqamı var. Acı olmasa şirinin, zülmət olmasa işığın nə olduğu bilinməz. Dünya beləcə vuruşa-vuruşa, çarpışa-çarpışa daim yol gedir. Əks qütblər durmadan bir-birini əvəzləyir. Biz də dövrümüzdə yaşadıq, vuruşduq, mübarizə apardıq. Tale bizi müvəqqəti iqtidara da gətirdi. Nələrisə qazandıq, nələrisə itirdik. Ən böyük qazancımızsa müstəqilliyimiz oldu. Əsas məqsədimiz də elə bu idi. Demək, boş yerə vuruşmamışıq, məqsədimizə qovuşmuşuq. Milli məclisdə Müstəqillik Aktının qəbulu zamanı millət vəkili S.Rüstəmxanlının dediyi kimi, ondan sonra bizim daha siyasətdə nə işimiz vardı ki?! Hərəmiz başımızı aşağı salıb öz işimizi görə, dərsimizi deyə, ixtisasımız üzrə çalışa bilərdik. Elə də oldu.
O ki qaldı müstəqillik uğrunda döyüşə, o, yenə davam edir, sabah da davam edəcək. Əvvəlkindən də kəskin, əvvəlkindən də qətiyyətli. Azadlığı, müstəqilliyi qazanmaqdan daha çətin, daha vacib onu qoruyub saxlamaq, əbədi etməkdir. Ona görə iqtidar da, müxalifət də həmişə bu barədə düşünməlidir, bunun uğrunda mübarizə aparmalıdır.
Aydın CABBAROĞLU TÜRKAYDIN
525-ci qəzet