Hər ağ telim bir eşq behi, Deyin, gəlsin cavabdehi

Hər ağ telim bir eşq behi, Deyin, gəlsin cavabdehi
Əlirza HƏSRƏT
XARIBÜLBÜL FESTİVALI
(…”Əziz Şuşa,səni sevmək,sənə qovuşmaq yanğısından üstün nə ola bilər?”…
Rəşad Məcid)
“Xarıbülbül” festivalı,
Dünyanın dəyişən halı.
Vətən pətək, Şuşa balı,
Ana yurdum, Azərbaycan.
Xan Araza silib tərin,
Dik dayanıb Xudafərin.
Ülkərisən hər səhərin,
Ana Yurdum, Azərbaycan.
Gülür Xurşudbanu ana,
Xarıbülbül məlhəm cana.
Salam söylə Pənah xana,
Ana yurdum, Azərbaycan.
Vaqifin şux gözəlləri,
Alqışlayır bu zəfəri.
Cıdır düzü eşq gövhəri,
Ana yurdum, Azərbaycan.
Bayrağından yox heç yerdə,
Dalğalanır zirvələrdə.
Düşmənləri salıb dərdə,
Ana yurdum, Azərbaycan.
Üstümüzdə bulud yorğan,
Baş-başadır qaya,yarğan.
Şuşadan Günəşi doğan,
Ana yurdum,Azərbaycan.
Perik düşüb xain yağı,
Nəzmə çəkdim bu növrağı.
Bas bağrına Qarabağı,
Ana yurdum, Azərbaycan.
Bu gözəllik,bu yaraşıq,
Belə hayanda var,aşıq?
Sənindir bu sülh,barışıq,
Ana yurdum,Azərbaycan.
Harda türkün adın çəksən,
Sən sevinib güləcəksən.
Həm keçmiş,həm gələcəksən,
Ana yurdum, Azərbaycan.
“Xarıbülbül” festivalı,
Dünyanın dəyişən halı.
Vətən pətək, Şuşa balı,
Ana yurdum, Azərbaycan.
GÖTÜRÜB
Eşq tüstünün, can ocağın,
Gözün tutub qan ocağın.
Qürbətdə yanan ocağın,-
Ağrısını kül götürüb.
Keçib o bucaqdan, tindən,-
Mən də eşqə gəldim dindən.
Könlüm sevda zəmisindən,-
Gündə bir sünbül götürüb.
Hər ağ telim bir eşq behi,
Deyin, gəlsin cavabdehi.
Kirpiyimdən düşən şehi,-
Bir xarıbülbül götürüb.
KÖNÜL AYNASIDIR HƏR SEVGİ PAYI
Zirvələr könlümə yatmışdı yaman,
Hardan kəməndini atdı bu duman?
Nəziri,niyazı məhəbbət daman,-
Hələ o ocaqda,pirdə adam var.
Sığınan quş idim çiçək koluna,
Baş qoyan nə çoxmuş eşqin yoluna.
Təsəlli verməyə bu saz quluna,-
Simdən köz götürən pərdə adam var.
Könül aynasıdır hər sevgi payı,
Bilinmir ölçüsü,bilinmir sayı.
Yaxşı ki Ulduzu,Günəşi,Ayı,-
Bağrına basmağa Yerdə adam var.
QƏRİB QAPISINI AÇAN ADAMLAR
Dumanlı dağların yönü bəriydi,
Arxamca su atan hansı pəriydi?
Onda ümidlərin ölən yeriydi,
Başını götürüb qaçan adamlar.

Sinəmə basdığım qaşıq şəklidir,
Qaşıq var elə bil aşıq şəklidir.
Dünyanın ən gözəl işıq şəklidir,
Çöhrəsi, könlü nur saçan adamlar.

Mizrabsız sızlayan telə bax, telə,
Dəstələ saçını sən də tut yelə.
Tüstüsüz közərən ocaqdır elə,
Qərib qapısını açan adamlar.
Share: