Hər gün bu kiçik qəlbimə min ağrını yığdın – lİLPAR cəmşidqızı

Hər gün bu kiçik qəlbimə min ağrını yığdın – lİLPAR cəmşidqızı
QƏZƏL
Tanrım sənə çöhrəndə olan isməti verdi,
Şairliyi seçdin, belə bir qisməti verdi.
Yazsın qələmin daimə aləmdə Təranə,
Hüsnün kimi heysiyyəti, bir sən’əti verdi.
Düzdün sapa mirvari edib sözləri hər dəm,
Misraləri zəncir eləyən hikməti verdi.
Şe’riyyətə könlündə olub sevgi-məhəbbət,
Çoxdan qazanıbsan, belə bir ne’məti verdi.
Bir fitri zəka verdi Xuda, sevdiyi qulsan,
Haqq əhlinə daim Yaradan Cənnəti verdi.
Eşqin, bilirəm, Alidi, könlün sözə aşiq,
Sığmır o geniş qəlbinə, bir sərvəti verdi.
Lilpar kimi yazdım bu kiçik şe’rimi, dostum,
Şükr eyləyirəm, Tanrı bu gün möhləti verdi.
SEVİRSƏN

Ey dil, yenə şükr eyləyirəm, Yarı sevirsən,

Aləmdə olan sərvəti, həm varı sevirsən.

 

Fəryad eləyən bülbülü görmür gözün, ey gül,

Qan tökdü çəmənzarə gəlib, xarı sevirsən.

 

Eşqin alovundan güc alır, Yerdə həyatım,

Yandırsada, onsuz görürəm, narı sevirsən.

 

Hər gün bu kiçik qəlbimə min ağrını yığdın,

Aldanma təbəssümlərə qəmxarı sevirsən.

 

Bir sevgi-məhəbbətlə qidalandı xəyalım,

Hər dəm deyirəm ruhuma, dildarı sevirsən.

 

Allahü Məhəmməd deyə köksümdə döyündün,

Ey dil, yaranandan belə simsarı sevirsən.

 

YaRəbb, üzünüm qəmzəsi sənsiz gülə bilməz,

Yəqin bilirəm, Sən də bu Lilparı sevirsən.

QƏIZƏL

Dəyişmisən yolu çoxdan, itirmisən izi, yar,

Qayıtmadın, niyə bir gün düşünmədin bizi, yar?

 

Alovlanır, sönə bilmir bu sevgimiz hələ də,

Nə ayrılıq, nə də həsrət soyutmasın közü, yar.

 

Toran gəlib, hələ zülmət yetişməyib, bilirəm,

Mən ağlayıb gecə-gündüz, kor etmişəm gözü, yar.

 

Nə qədri ac olub, Allah, doyurmusan yenə Sən,

Ayırmısan mənə qismət, əlin çəkib özü yar.

 

Sevən gərək dözə bilsin məhəbbətin qəminə,

Bu baxdığın gözə qəlbim çəkibdi kəhrizi, yar.

 

Ayaqlarım gedə bilmir, zəifləyib ürəyim.

Damarlarım tıxanıbdır, pozubdu pəhrizi yar.

 

Düşünmürəm, səni Lilpar, əsən külək oyada,

Açıq qoyub yenə dəftər, vərəq-vərəq sözü, yar.

Share: