Hər gün ürəyimdən gəlib-gedirsən, Yaxşı yol tapmısan gəlib-getməyə

Vasif Süleyman

SÖZün qurbanı

Ömrümün yarısı balalarımın,
Qalan yarısı da SÖZün qurbanı.
Mənim olanların qurbanı mənəm,
Halal eyləyirəm sizin qurbanı.

Gələ qənşərinə müdam, nə yaxşı,
Gözəl dərdi ola qadam, nə yaxşı.
Ağına düşəndə adam nə yaxşı,
Olaydı cığırın, izin qurbanı.

Gözlərim həmişə gülər üzünün,
Ağrılı günlərim təpər, dözümün.
İlhamım şeirin, əlim ruzinin,
Ürəyim atəşin, közün qurbanı.

SƏYYAH
Hər gün ürəyimdən gəlib-gedirsən,
Yaxşı yol tapmısan gəlib-getməyə.
Elə yaxşısını sən eyləyirsən,
Qorxuram, başqası gələ, getməyə.

Birdən səsə düşər, qulağın səsə,
Dinlə o sözləri bir yalan kimi.
Hələ harasıdır, ürəyim üstə,
Dünyanı gəzəcən Magellan kimi.

Elə sənsizlikmiş ümid, pənahım,
Hər şeyi yazıram qəmin boynuna,
Heç qubar eyləmə mənim səyyahım,
Dəmir çarığın da mənim boynuma.

Tələsmə, bu yolda, astaca, aram,
Gör neçə gecəmiz, səhərimiz var.
İndidən deməyə bir az qorxuram,
Hələ o dünyaya səfərimiz var.

Tələsmə, adına biçilib bu yol,
Tələsmə, bu yolla tən gedənin yox.
Mənim ürəyimdə sən arxayın ol,
Qapıdan çıxanda ləngidənin yox.

Bu yol nə uzundu, nə də ki, qısa,
Bu yol ömür ilə ölüm arası.
Qəlbimə yol saldın, amma…
Hardasa,
Yolunu gözləyir kimsə, qadası.

Hər gün ürəyimdən gəlib-gedirsən,
Yaxşı yol tapmısan gəlib-getməyə.
Elə yaxşısını sən eyləyirsən,
Qorxuram, başqası gələ, getməyə.

DÜŞDÜM
Sən məndə dəlilik arama qardaş,
“Varını dağıtma paya-nəzirə”…
Sağımda-solumda havalılardı,
Başımda bir para hava gəzirəm – 
Yaxşı ki, havalı dünyaya düşdüm.

Sən deyən havaya oynamağım ar,
Yaxşı görəcəksən yana dur, məni.
Başımda havalı sazandalar var
Gecə-səhərəcən oynadır məni –
Yaxşı ki, havalı dünyaya düşdüm.

Üzür ürəyimi hissim hər axşam,
Qan da havalanır şah damarımda.
Göz açıb şeirə qonşu olmuşam.
Havalı olacaq balalarım da –
Yaxşı ki, havalı dünyaya düşdüm.
1994-cü il

OLURSAN
Elə sən boydadı, dünya dediyin,
Gözümdə-könlümdə hər an olursan.
Adın çəkiləndə dönərgəm dönür,
Adım çəkiləndə viran olursan.

Tanrı yazdığına neyniyəsiyəm,
Bu boyda saflığın divanəsiyəm.
Mən bu məhəbbətin azan səsiyəm,
And içmək istəsəm, Quran olursan.

Haqqın dərgahından keçdi, ələndi,
Canım bu sevdaya çoxdan bələndi.
Vədəsiz bu sevgi haqdan gələndi,
Bəs niyə, sən mənə haram olursan…

Share: