Hər qırx saniyədə bir insan… Aqşin Yenisey yazdı

Hər qırx saniyədə bir insan… Aqşin Yenisey yazdı

İnsan bütün həyatı boyu qaçılmaz olan ölümünü dəyərləndirmək barədə düşünür; ölümündən də şöhrət umur. Dəyərsiz ölüm boşuna yaşanmış həyat deməkdir. Bəzən ani bir ölüm bütün həyatın əldə edə bilməyəcəyi bir şöhrət gətirir. Tarix ölümün gətirdiyi şöhrəti unutdurmaqda acizdir. 

Hətta bəzən şöhrət naminə törədilsə də, əksər hallarda intihar ölümlərin ən dəyərsizi, ən urvatsızı kimi qələmə verilir. Amma məsələn, İkinci Dünya müharibəsində ABŞ əsgərlərinin yaxınlaşdığını eşidib əsir düşməmək üçün çəltik tarlalarında bir-birilərinin ardınca intihar edən yapon kəndliləri belə düşünmürdülər.
Milli inancları yaponlara həyatı deyil, qüruru seçməyi əmr edir.
Təəssüf ki, heç bir kitabı dilimizə tərcümə olunmayan (bildiyim qədəriylə), dünyada ilk dəfə intihar aktını ictimai problem kimi araşdıran fransız sosioloq Emil Durkheym yüz il əvvəl, nə az-nə çox, 26 min intihar faktını araşdırandan sonra belə bir fikrə gəlmişdi ki, intiharların səbəbi əksər hallarda ictimai münasibətlərdir. Düzdür, bəzən insanın istər özünə, istərsə də başqalarına olan aqressiyası, nifrəti, kini, məsələn,  mövsimi olaraq da artıb-azala bilir, amma belə faktlar ümumi statistikanın cüzi bir hissəsidir. Yüz il əvvəl sübut olundu ki, isti insan orqanizmində gedən neyrokimyəvi prosesləri şiddətləndirir, stress hormonlarının ifrazını artırır. Bu da insan təbiətində mədəniyyətlə  ört-basdır edilmiş yırtıcılığın üzə çıxmasına yol açır.
Tarix səhnəsinə barbar adətlərin, adətən, cənubdan gəlməsi də bununla bağlıdır. Günümüzdə Meskisa və ABŞ-ın hava proqnozu qeydlərinin araşdırılması, orta aylıq tempraturun 1 dərəcə artması ilə intihar hadisələrinin ABŞ-da yüzdə 0,7, Meksikada isə yüzdə 2,1 faiz çoxaldığını göstərdi.
Biz daha çox pul və şöhrət qazanmaq üçün bir ucdan enerji yandırıb dünyanı “açıq səma cəhənnəmi”nə çevirdikcə təbiət təmkinini pozmadan və əlini qana batırmadan bizi öz əlimizlə öldürərək qisasını alır.
Dünya Səhiyyə Təşkilatının hesabatına görə, hər qırx saniyədə bir insan özünü öldürür. Bu da il ərzində müharibələrdə, cinayətlərdə, qəzalarda ölənlərin sayından dəfələrlə çoxdur; ildə, təxminən, bir milyona yaxın qurban! Və heç nəyin uğrunda! Boşluğun və bolluğun şəhidləri…
Boşluq və bolluq dedim, yenə Durkheymin “İntihar” (Anadolu türkcəsinə tərcümə olunub) kitabını xatırladım. Balkanlardakı döyüşlərdə ölümündən sonra oğlunun yoxluğuna, yəni yerinin boş qalmasına dözə bilməyib, tənhalığa qapılaraq, bir növ, özü də passiv intihar edən bu məşhur sosioloq araşdırdığı faktlarla izah edirdi ki, ifrat boşluq, yoxluq, yoxsulluq kimi, ifrat bolluq da intiharların sayını artırır. Yüksək rufah arzuların tükənməsinə səbəb olur ki, bu da Buddaya və Nitsşeyə inanmayanların həyatdan zövq almasını əngəlləyir. Həyat ölümdən əvvəl başa çatır. Qalır, sadəcə, bunu reallaşdırmaq.
Yoxsul ölkələrə nisbətən sosial rifahın yüksək olduğu inkişaf etmiş ölkələrdə daha çox adam özünü asır. ABŞ-da il ərzində ölənlərin dörddə biri intihar edənlərdir. Şadlığına şitlik edən bu “özünəqəsd xoşbəxtliyi” ABŞ-ın bəxtəvər etdiyi Yaponiyada, iqtisadi gücünə görə dünya ikincisi və dördüncüsü olan Çin və Almaniyada da müşahidə olunur.
Sosiologiyada belə bir fikir var ki, əhalinin sayının artması ilə intiharların sayının artmasında statistik deyil, psixoloji bir bağlılıq var. Ünsiyyət imkanları artıqca, səssizlik, tənhalıq axtaranların, cəmiyyətlə əlaqələrini kəsənlərin sayı da artır. Sosial şəbəkələrin icadının bir çox insanı daha çox tənhalığa, özünə qapanmağa vadar etdiyini də gördük. Bu cür insanlar özləri özlərini bacardıqca başqalarından gizləməyə və bu hissin davamı olaraq, ümumiyyətlə, yox etməyə təhrik edirlər. Çünki “Başqaları cəhənnəmdir!” Biz Sartrın bu nihilizmini sosial şəbəkələr peyda olandan sonra daha fərqli bir anlamda və daha dərindən hiss etdik.
Bu gün aramızda çox az adam tapılar ki, sosial şəbəkələrin stress zibilliyi, “emosional poxludərə” olduğunu inkar etsin.
Əhali tünlüyü həm də gərgin rəqabət mühiti deməkdir. İnkişaf etmiş Cənubi Koreya bu gün intiharın Asiyadakı ana vətənlərindən biridir. Slovaj Zizek izah edir ki, bu ölkədə insanlar həyatın sürətindən, deməli, həm də rəqabət mühitindən uzaq düşdükdə özlərini öldürməkdən başqa çıxış yolları qalmır. Çünki ölkə elə bir texnoloji sürətlə dəyişir ki, bir ay işsiz qalmaq diri-diri unudulmaq, ölülərin cərgəsinə qoşulmaq deməkdir. Kimsənin geri qayıdıb yıxılanı qaldırmağa macalı yoxdur. Eynən savannada yeni otlaqlara tələsən antilop sürüsünün çayı keçərkən yaratdığı mənzərə kimi bir qaçaqaç.
Texnoloji tərəqqi insan cildində özünün sürü halında sabaha tələsən “heyvan köçlərini” yaradıb. Fərd olaraq xoşbəxt olmaq canfəşanlığımız bəşər olaraq bizi bədbəxt edib.
Dünya Səhiyyə Təşkilatının hesabatına görə, intihar edənlərin arasında ateistlər, təbii olaraq, dindarlardan daha çoxdur. Ateizmin, allahsızlığın vətəni isə şəhərlərdir.  Kembriç professoru Tim Uitmarş “Tanrlarla döyüş” kitabında ateizmin bizim düşündüyümüz kimi, heç də modern bir anlayış olmadığını, hələ qədim Yunanıstanda və indiki vəziyyətə baxanda daha az təqib olunan bir düşüncə kimi qəbul edildiyini yazır, misal olaraq da Ksenofanın yazılarını göstərir. Uitmarşa inansaq, ki inanmamaq üçün alternativimiz yoxdur, ateizmin qədim Yunanstanda şəhər-dövlətlərin meydana gəlməsi ilə təşəkkül tapan bir düşüncə olduğunu qəbul etməliyik. Günümüzdə də ateizm, əsasən, şəhər mühitində yaşayan insanlara xas olan düşüncədir. Və inkişaf etmiş ölkələrdə ateistlərin sayı durmadan artır. Bu yaxınlarda beynəlxalq araşdırma mərkəzlərindən birinin göstəriciləri yayımlanmışdı. Çinin liderlik etdiyi ateist dünyada Azərbaycan beşinci idi. Ortalığa məntiqi bir nəticə çıxır ki, milyonluq şəhərlərdə intiharların sayının çox olması o şəhərlərdə ateistlərin sayının çoxluğu ilə də əlaqəli ola bilər.
Hər nə qədər dini intiharların qarşısını alan amil kimi dəyərləndirsək də, Buddizm, Taosizm kimi insanı təbiətlə, öz aqibəti ilə sülhə çağıran praktik və batini inancların vətəni olan Yaponiyada, Koreyada, Çində, Honkonqda bu amil bir işə yaramır. “Seppuku” – xarakiri kimi intihar ənənəsi olan Yaponiyada hər kiçik aşağılanma, hər təsadüfi uğursuzluq intihara səbəb ola bilər. 2015-ci ildə Türkiyənin İzmit şəhərində tikilən köprüdə yaranan çata görə özünü günahkar bilən yapon mühəndis Kişi Rioiçinin intihar etdiyini Azərbaycanda hansı körpüsalana desən, qarnını tutub qəşş eləyər.
İnancı ucbatından intihar edənlər təkcə yaponlar deyil. 1978-ci ildə Cənubi Amerikada “Xalqın Məbədi” adlı dini təriqətin 913 üzvü eyni anda zəhər içərək özlərini öldürdülər. Liderlərinin yer üzünə yenidən gəlmiş İsa olduğuna inanan ABŞ-dakı “Cənnətin qapısı” təriqətinə tapınan 39 nəfər 1997-ci ildə özlərini zəhərləyərək həyatla vidalaşdılar.
İslam dini intiharı günah hesab etsə də, ta xaşxaşi Həsən Sabbahın zamanından günümüzə qədər siyasi islam sui-qəsdçi intiharların cənnətlə mükafatlandırıldığını söyləməkdədir. ABŞ-ın yeni prezidenti Bayden and içməyə macal tapmamış İraqda bu yaxınlarda iki “intihar bombaçısı” özləri ilə bərabər bir xeyli günahsız insanı da bir anda yox etdilər.
Azərbaycanda baş verən intiharları dərhal sosial vəziyyətin ağırlığına bağlamaq, ailə münaqişələrinin üstünə yıxmaq bu sahədə araşdırmaların zəif aparılmasının və cəmiyyətin kortəbii məlumatlandırılmasının nəticəsidir. Məsələn, gündəmi maskulin hegemonluq ucbatından həmişə ailə münaqişələri ilə zəngin olan Türkiyədə il ərzində intihar edənlərin 68%-i kişilər, 32 %-i qadınlardır. Əgər intihar statistikasını ailə münaqişələri ilə izah etməyə qalxsaq, belə çıxacaq ki, Türkiyədə, sən demə, ailədə qadınlar deyil, kişilər daha çox şiddətə məruz qalırmış.
Yaxud intiharı yalnız sosial vəziyyətə bağlasaq və zəngin Norveçlə yoxsul Əfqanıstandakı intihar saylarını müqayisə etsək, məlum olacaq ki, Əfqanıstanda, demək olar ki, heç kim öz həyatından narazı deyil…
Mən günahı milli şüurumuzun bədahətənliyində görürəm, elmi və təcrübi əsası olmayan hazırcavablıq istedadımızda…
Share: