“Hər şey Vətən üçün!”

“Hər şey Vətən üçün!”

Bu gün xalqımız ordumuza həmrəylik nümayiş etdirir, ön cəbhədə döyüşən əsgərlərimizdə ruh yüksəkliyini artırmaq üçün bacardığı qədər mənəvi və maddi yardım, dəstək göstərməyə çalışır. Ölkəmizdə və dünyanın müxtəlif guşələrində ənənə halını alan “Hər şey Vətən üçün!”, “Qarabağ Azərbaycandır!” aksiyasına qatılan bir qrup Azərbaycan dənizçilərinin və yazıçılarının göndərdikləri sovqatın Milli Ordumuza çatdırılmasında iştirak edən tanınmış şair-publisist Faiq Balabəyli təəssüratlarını “İki sahil” qəzeti ilə bölüşdü.

Əsgər və zabitlərimzlə görüşün həyatının ən unudulmaz günü kimi yaddaşına əbədi həkk olunduğunu söylən söz adamı bildirdi ki, cəbhə bölgəsinə bir neçə dəfə yardım aparmışıq. Deyir ki, hamı kimi, mən də cəbhədən həyəcanla xəbər gözləyirdim. Günlərin bir günü öz “Facebook” hesabımda həm qələm adamı kimi, həm də sədri olduğum “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin adından yazıçı və dənizçi dostlarıma müraciət paylaşdım: “Müraciətimdə bildirdim ki, cəbhə bölgəsinə növbəti səfərimdə onların göndərdiyi salamları, sovqatları, məktubları əsgərlərimizə çatdıra bilərəm. Çağırışıma Xəzərin və dünyanın müxtəlif dənizlərində üzən peşəkar gəmi kapitanları, baş mexaniklər qatıldılar. Sinqapurda, Abu-Dabidə, Birləşmiş Ərəb Əmirliklərində, Türkiyədə, eləcə də Latın Amerikasında ayrı-ayrı ölkələrin bayraqları altında üzən həmvətənlərimiz – Nazim Həbibov, keçmiş qazi, gəmi kapitanı Ramiz Hüseynov, Valeh Ağabalayev, Qüdrət Məhərrəmov, Fəzail Əliyev, Mehdi Yusifov, Malik Mikayılov, Emil Süleymanov, Asəf Paşayev, Fərhad Şahpələngöv, Nadir Əhədov, Şakir Məmmədov, Araz Sultan Həsənov və başqaları dərhal Milli Ordumuza yardım etmək istəklərini bildirdilər.”

Faiq Balabəyli bildirdi ki, əsgərlərimizlə hər görüşümüzdə ordu ilə xalq birliyinin ən bariz nümunəsinin şahidi olmuşuq. Ordumuz birmənalı şəkildə demək olar ki, isti geyimdən tutmuş silah-sursata kimi hər şeylə yaxşı təchiz olunub, : “Bizim cəbhə bölgəsinə səfərimiz sırf mənəvi dəstək olmaq məqsədi daşıyır. Və təcrübəli zabitlərimizin dediyi kimi belə görüşlər əsgərlərimizə ruh yüksəkliyi verir. Əsgərlərin mənəvi-psixoloji durumları çox yaxşıdır.” Yazıçılardan Aləm Kəngərlini xüsusi olaraq qeyd edən F. Balabəyli bildirdi ki, onun ailə üzvləri, qardaşları Adəm və İlham, bacısı, şairə Şəlalə Şəfəq də Milli Orduya yardım aksiyasına canla-başla qatılıblar: “ Moskvada yaşayan şairə Afaq Şıxlı Azərbaycanda dərc olunan əsərlərinin qonararını mənə çatdırdı və xahiş elədi ki, onun da adından cəbhə bölgəsindəki, əsgərlərə lazımi ləvazimatları alıb aparaq. Mərhum şairimiz Fikrət Sadıqın qızı, şairə xanım  Aysel Fikrət, Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin sədr müavini, şair-bəstəkar Hüseyn Sözlü və başqalarının əsgərlərimizə yolladıqları qutuların içində məktəblilərin əsgərlərə ünvanladığı məktublar, bağça uşaqlarının çəkdikləri qələbə ruhlu rəsm əsərləri də vardı.”

Şair Faiq Balabəyli sonda bildirdi ki, adlarını yuxarıda qeyd etdiyim dənizçilərimiz ölkəmizin könüllü səfirləridir. Onlar özlərinin işindən əlavə həm də xarici ölkələrdə bizim haqq işimizi dünyaya çatdırırlar. Eləcə də yazarlarımız –söz adamlarımız ölkəmizin haqq işinə sosial şəbəkələrdə düşmənlərimizin atdığı iftiralarına cavab verirlər. Amma bu gün əsl söz sahibi ön cəbhədə döyüşən və torpaqlarımızı işğaldan azad edən əsgər və zabitlərimizdir. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Nurəddin Muğanlı

Share: