Hər şeyin səbəbini kasıblıqda axtaran azərbaycanlılar

Hər şeyin səbəbini kasıblıqda axtaran azərbaycanlılar

Kulis.az Ulucay Akifidin yeni yazısını təqdim edir.

Ölkədə baş verən hadisələrə, xəbərlərə baxıram və görürəm ki, əziyyət çəkib hansısa məsələ haqqında yazı yazmağa ehtiyac yoxdur. Elə baş verən hadisəni kopyalayıb “Word” faylın içinə yapışdırmaq kifayətdir.

Adicə nümunə göstərim.

Lent.az saytında yayımlanan bir xəbəri sizinlə bölüşürəm.

Xəbərin başlığı:

“Mingəçevirə 10 manat borca görə getdi, qayıdıb qonşusunu bıçaqladı – TƏFƏRRÜATLAR”

Artıq maraqlıdır.

Adam fikirləşir ki, ilin-günün bu vaxtı bir adam niyə 10 manat borca görə qalxıb Mingəçevirə getsin. Heç Mingəçevirə yox e, 10 manata görə adam heç 10 addım o tərəfə getməyə ərinər. Bu dəqiqə kimsə yazını yarımçıq saxlayıb şərh yazacaq ki “Elə ailələr var ki, onlar üçün 10 manat bir həftənin bazarlığıdır”-filan.

Ətimi tökməyin, qoyun oturmuşuq yerimizdə.

Ola bilər, 10 manat kimin üçünsə böyük puldur, lap sizin dediyiniz kimi bir həftə ailəsini 10 manatla dolandırır, yaxşı. Amma 10 manata ehtiyacı olan adam belinə bıçaq qoyub Mingəçevirə getməz. Gedər? İndi də kimsə şərh yazacaq ki, mən adam tanıyıram, 1 manata görə 20 il yatıb.

Düz deyirlər. Mən də görmüşəm. Bütün günü saytlarda 1 manata görə çayxanalarda bıçaqlaşan qaqaşların xəbərlərini oxuyuruq. Onların da 1 manata çox ehtiyacı olub, hə? Yəqin, o 1 manatla azı 1 il dolanacaqdı həmin qaqaşlar.

Nəysə. Qayıdaq xəbərə:

“Mingəçevirdə baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub”.

Lent.az-ın əldə etdiyi məlumata görə, şəhər sakini olan bir qrup gənc Mingəçevir kəndinə 10 manat borcu qaytarmağa görə gediblər. Həmin borc alınıb və qayıdarkən nalayiq ifadələr işlədilib”.

Ahaaa… Bura qədər hər şey aydındır.

Aydındır deyəndə ki, bir qrup gəncin 10 manata görə Mingəçevir kəndinə getməyi adama nə qədər aydın ola bilərsə, o qədər aydındır.

Məlum oldu ki, borc alınandan sonra nalayiq ifadələr işlədilib. Lent.az hələ yumşaldıb nalayiq ifadələr deyir, özünüz orada hansı söyüşlərin söyüldüyünü, yəqin, təsəvvür edirsiniz. Mənzərə çox rahat adamın gözü qarşısında canlanır.

Məncə, hamı o qaqaşların geyimlərini, ayaqqabılarını, saçlarını, saqqallarını, danışıqlarını, söyüşlərini, çeçələ barmaqlarında uzatdıqları dırnağı, hətta telefonlarındakı mahnıları, tiktokda, yutubda izlədikləri videoları, güldükləri şeyləri, hamısını gözünün qarşısında rahatca canlandıra bilər. İnanıram ki, mənim bunları sadalamağıma ehtiyac yoxdur.

Davam edək.

Həmin borc alınıb və qayıdarkən nalayiq ifadələr işlədilib…

Bu zaman qonşuluqda yaşayan 31 yaşlı Rauf Məmmədov söyüş söyməməyi bildirib. Buna görə də orada iştirak edən 21 yaşlı Sənan Cəfərovla qonşusu Rauf arasında mübahisə yaranıb. Mübahisə zamanı Sənan Raufu bıçaqlayıb.

Məlumata görə, əvvəlcə, hadisənin digər iştirakçısı 19 yaşlı Fazil Hüseynzadə Raufu bıçaqladığını deyib. Sonra da polis əməkdaşlarının gördükləri tədbirlər zamanı hadisənin Sənan Cəfərov tərəfindən törədildiyi üzə çıxıb. O saxlanılaraq polisə gətirilib və əməlini etiraf edib.

Qeyd edək ki, Mingəçevir kəndinə 10 manat borcu geri almağa gedənlər arasında Sənan, Fazil və başqaları da olub.

Belə…

Hadisənin artıq şərhə ehtiyacı varmı? Düşünmürəm.

Utanmasanız, deyəcəksiniz ki, 10 manat borca görə bıçaqlaşan bu gənclərin o pula çox ehtiyacı olub. Bir dəstə gənc 10 manatla neyləyə bilər axı? Uzağı bir çayxanada qəlyan tüstülədib domino çırpacaqdılar da.

Nəysə.

Mənim şərh etmək istədiyim məsələ fərqlidir.

Məni narahat edən şey insanların ölkədə baş verən hər şeyə yalandan maddiyat donu geyindirməyidir. Elə bil ki, bu ölkədə baş verən nə ki iyrənc şey var, hamısı adamların kasıblığına görə baş verir.

Hərdən mənə elə gəlir ki, əksər azərbaycanlılar kasıblığı özlərinə qalxan ediblər. Bütün səhvlərini, günahlarını, mədəniyyətsizliklərini kasıblıqla ört-basdır etməyə çalışırlar. Hətta artıq mənə elə gəlir ki, bir çox azərbaycanlıya kasıb olmaq bu mənada sərf edir.

– Filankəsi niyə 1 manata görə bıçaqladın?

– Kasıbam, ona görə!

Ya da belə:

– Uşağın niyə mədəniyyətsizdi? Niyə tərbiyə vermirsən?

– Dövlət uşaqpulu vermir, ona görə!

Sizi bilmirəm, mənim gördüyüm mənzərə bu cürdür.

Əksər adamlar özlərini aldadırlar ki, pulları olsa, daha mədəni, daha tərbiyəli, daha savadlı olacaqlar. Allah haqqı, belə düşünürlər. Bu adamlar elə bilirlər mədəniyyətsiz, tərbiyəsiz, savadsız olmalarının yeganə səbəbi kasıb olmalarıdır.

Yaxşı, bəs niyə həmin mədəniyyət, tərbiyə və savad varlılarımızda yoxdur?

Sualı açıq qoyub yazımı yekunlaşdırıram.

Share: