Maliyyə Nazirliyi bəzi mətbuat orqanlarda və sosial şəbəkələrdə hərbi qulluqçuların əməkhaqqının azaldılmasına dair dərc olunanlarla münasibət bildirib.
Qurumdan verilən açıqlamada deyilir ki, hərbi qulluqçuların pul və maddi təminatı “Hərbi qulluqçuların statusu haqqında” qanun əsasında həyata keçirillir. Həmin qanunun 10.2-ci maddəsinə uyğun olaraq, “döyüş şəraitində, döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır”.
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu və digər silahlı birləşmələr tərəfindən 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsində Ermənistan üzərində qazanılan parlaq qələbə ilə işğalçı ölkə kapitulyasiya aktına imza atmağa və 30 ilə yaxın işğal altında saxladığı əzəli Azərbaycan torpaqlarını tərk etməyə məcbur edildi.
Vətən müharibəsi başlanan dövrdə elan edilən qismən səfərbərliklə Azərbaycan ordusunun şəxsi heyəti ehtiyyatda olan zabit və gizirlər, habelə əsgərlər hesabına artırılıb. Ermənistan üzərində zəfər qazandıqdan sonra orduya cəlb edilən hərbiçilərin bir hissəsi artıq təxris edilib, bununla əlaqədar hazırda Müdafiə Nazirliyinin hərbi qulluqçularının sayının, o cümlədən “Hərbi qulluqçuların statusu haqqında” qanunun yuxarıda qeyd olunan maddəsinə uyğun olaraq ikiqat pul təminatı ilə əhatə olunan hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi zərurəti yaranıb.
Vətən müharibəsindən əvvəl Müdafiə Nazirliyi ikiqat pul təminatını təmas xəttində xidmət keçən hərbi qulluqçulara ödəyirdi. Vətən müharibəsi zamanı isə Qarabağ ərazisində, döyüş şəraitində olan, habelə bütün digər döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara ikiqat pul təminatı ödənilib. Hal-hazırda, Ermənistanın kapitulyasiyasından sonra təmas xəttinin uzunluğu, coğrafiyası və digər məsələlərin kardinal şəkildə dəyişməsi səbəbindən Müdafiə Nazirliyinin Maliyyə Nazirliyi ilə birlikdə ikiqat pul təminatı ilə əhatə olunacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi həyata keçirilir. Bununla əlaqədar Maliyyə Nazirliyi Müdafiə Nazirliyinə müvafiq sorğular edib. Aparılan dəqiqləşdirmələr nəticəsində ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayı müəyyənləşdirilərək qanunvericiliyə uyğun olaraq müvafiq maliyyələşmə ilə təmin olunacaq.
Eyni zamanda, işğal altında olan ərazilərin azad olunması nəticəsində Dövlət Sərhəd Xidməti Azərbaycanın İran və Ermənistanla dövlət sərhədlərinin qorunması ilə bağlı yeni vəzifələr həyata keçirməyə başlayıb. Hal-hazırda bu qurumla da Müdafiə Nazirliyində olduğu kimi ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayının dəqiqləşdrilməsi həyata keçirilir.
Bununla yanaşı qeyd olunmalıdır ki, ikiqat əməkhaqqının hesablanması istinad olunan qanuna əsasən döyüş şəraiti, döyüş əməliyyatlarında iştiraka görə həyata keçirilir və hərbi qulluqçunun xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazinin iqlim şəraiti, yüksəkliyi və digər məqamları nəzərə almır.
Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nomrəli qərarına əsasən, dəniz səviyyəsindən hündürlükdə yerləşən iş yerlərində çalışan işçilərin əmək haqqına hündürlük 1 200 metrdən 1 500 metrə qədər olduqda 10%, 1 500 metrdən 2 000 metrədək olduqda 20%, 2 000 metrdən yuxarı olduqda isə 30% əlavə ödəniş hesablanır. Həmin əmsallar dağlıq ərazilərdə xidmət göstərən hərbi qulluqçulara da şamil olunur.
Bildiririk ki, rəşadətli Azərbaycan ordusunun hərbi qulluqçularının pul təminatı ölkə qanunvericiliyinə uyğun olaraq həyata keçirilir və maliyyələşmə bundan sonra da müvafiq qanunvericilik əsasında davam etdiriləcək.
Maliyyə Nazirliyi hərbi qulluqçuların pul təminatı məsələsinə hər hansı populist və emosional çalarların qatılmasının qəbuledilməz olduğunu bəyan edir və müxtəlif “ekspertlər” tərəfindən məsələnin mahiyyətinə varmadan tələsik rəylərin verilməsini pisləyir.
Müstəqil.Az