İyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Avqustun 21-də saat 10:00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.
Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin “MiQ-29” təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində “MiQ-29” təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.
Dünən hərbi təyyarənin “qara qutu”su tapılıb.