Həsənağa Turabovla eşq yaşadı, əri ona alınan maşını İlhamə Quliyevaya bağışladı, övladlığa uşaq götürdü…

Həsənağa Turabovla eşq yaşadı, əri ona alınan maşını İlhamə Quliyevaya bağışladı, övladlığa uşaq götürdü…

Kulis.az Xalq artisti Flora Kərimova haqqında 10 maraqlı faktı təqdim edir.

Flora Ələkbər qızı Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olub. Anası Zümrüd xanım əslən şuşalı, atası Ələkbər bəy isə qəbələlidir.

***

Fəaliyyətini 13 yaşından bədii özfəaliyyət kollektivlərində başlayan Flora Kərimova həmin tarixdən Azərbaycan Dövlət Filarmoniyasında və digər mədəniyyət saraylarında, dövlət tədbirlərində çıxış edib.


***

Flora Kərimova ilk dəfə 1993–1994-cü illərdə Türkiyədə geniş konsert proqramları ilə çıxış edib, Türkiyənin ən prestijli musiqi proqramlarına dəvət olunub. Hətta Türkiyənin “İlin mahnısı” musiqi verilişində qonaq olub. O verilişdə Türkiyənin görkəmli sənətkarları çıxış edirdi və xarici sənətçilər qonaq çağırılmırdı.

***

SSRİ dövründə Qarabağda keçirilən konsertdə Sara Qədimova və Şövkət Ələkbərovadan sonra səhnəyə çıxan erməni əsilli müğənni Qarabağ şikəstəsini çox zildən oxuyub. Ondan sonra səhnəyə çıxan Flora Kərimova proqramda nəzərdə tutulmuş əsəri yox, Qarabağ şikəstəsini iki not yüksəkdən oxumaqla hamını təəccübləndirib. Lakin Bakıya qayıtdıqdan sonra o dövrkü Mədəniyyət Nazirliyi bu addımı beynəlmiləlçiliyə zidd hərəkət kimi qiymətləndirərək Flora Kərimovanı uzun müddət səhnədən uzaqlaşdırıb.

***

1988-ci ildə ermənilər Topxana meşəsini yandırıb Qarabağa torpaq iddiası eləyirdilər. O vaxt Azadlıq Meydanında etiraz eləyən ilk qadın sənətçi Flora xanım olub. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə küçələrə, tankların qarşısına çıxıb.

***

Flora Kərimovanın sənət camiəsində ən çox intriqada olduğu sənətçi mərhum müğənni, Xalq artisti İlhamə Quliyeva olub. Deyilənlərə görə, hər iki müğənninin uzun illik küsülülüyünə səbəb Flora Kərimovanın ikinci həyat yoldaşı Faiq Şəfiyev olub. Bu barədə Flora xanım verilişlərin birində İlhamə Quliyevaya işarə edərək deyir:

“İki dəfə ailə qurmuşam, üçüncü ailəm saxta olub. Çünki 20 ildən artıq məni xaricə buraxmayıblar. Hamı qastrola gedirdi, məni qoymurdular. İlhamə Quliyeva adımdan anonim məktublar yazırdı. Deyirdi ki, oxuya bilmir. Qızım üçün deyirdi ki, mənim övladım deyil, uşaq evindən götürmüşəm. Faiq və İbrahim məndən öncə İlhamə Quliyeva ilə münasibətdə olublar. Sonra hər ikisi mənimlə evləndilər. Rəhmətlik Faiq mənə həmişə çox bahalı zinət əşyaları gətirirdi, mən də qəbul etmirdim. Bir dəfə də maşın hədiyyə etdi. İki gün avtomobil həyətdə qaldı. Üçüncü gün bizə gələndə dedim ki, Faiq, ya maşını aparırsan, ya da açarı həyətə atacam. Açarı həyətə atdım, məni təhqir etdi. Sonra avtomobili elə bir adama bağışladı ki… Əl-ayağıma dolaşan adam idi. O da atalığı öləndə həmin maşını satdı, ona baş daşı qoydurdu. Ölənin dalınca danışmazlar”.



***

Xalq artisti Həsənağa Turabovla sevgili olublar. Bu barədə müğənni müsahibələrinin birində deyir:

“Burada utanılası nəsə yoxdur. Bu sualı mənə çoxdan verirdilər, cavab verməkdən həmişə boyun qaçırırdım. Ancaq indi deyim, bəli, Həsənağa Turabov məni çox istəyirdi. Hətta mənimlə evlənməyi düşünürdü. 1957-ci ildə festivala gedəndə, məndən xəbərsiz arxamca gəlmişdi. Evdəkilər razılaşmadı, və biz ayrıldıq”.



***

Zeynəb Xanlarova ilə qalmaqalından sonra ona efir qadağası qoyulub. Flora Kərimova bu barədə açıqlamasında deyib:

“Hər yerdə mənə qadağa qoyulub, keçmişdəki kimi… Zeynəb Xanlarova unudur… Onun üçün Nisə Qasımova deyiləm ki, məni Azərbaycandan illərlə didərgin salsın. Bu torpaqda qorxmadan hansısa addımı atmağa haqqım var. O haqqımı Zeynəb deyil, Zeynəbin Zeynəbi gəlsin, əlimdən ala bilməz. Zeynəb Xanlarova mənə efir qadağası qoydurub. Bu yolla kolda gizlənib, özgənin əli ilə məni susdurmaq istədi. O, həqiqətdən qorxdu. Bir də hər kəsin bildiyi ”Şəki əhvalatı”nı açıqlayacağımdan qorxdu.

Ordenləri yan-yana düzən Zeynəbin məni susdurmağa gücü çatmaz. Nahaq yerə belə etdi, mindirdi məni cin atına… Yuxarılara dırmaşıb. Amma dəxli yoxdur, məni susdura bilməz. Oturmuşdum bir kənarda… Siyasətdən çoxdan gedən bir insanı cin atına mindirməsin”.

***

Xalq artisti çıxışlarının birində Amaliya Pənahovanın heç vaxt Şəfiqə Məmmədovaya çata bilməyəcəyini bildirib:

“Bilirsiz, madam bu mövzu ilə bağlı araşdırma aparırsınız, mən sizə deyim ki, Şəfiqə xanımda olan qürur, səhnə duruşu, obrazı yaşamaq bacarığı Amaliya Pənahovada heç vaxt ola bilməz.

Amaliya Pənahova özünü Şəfiqə Məmmədova ilə müqayisə eləməsin. Amaliya yel olub Şəfiqənin yanından ötə bilməz. Şəfiqə Məmmədova, eyni zamanda, daha çətin rolların öhdəsindən gəlib.

Mən onların heç birini yaxından tanımıram, izlədiklərimə və gördüklərimə əsasən danışıram. Bu, bir daha onu sübut edir ki, dram janrında ən layiqli, ən güclü aktrisa Şəfiqə Məmmədovadır”.

***

Bir neçə gün əvvəl Flora Kərimovanın Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya, ümumən, Osmanlıya qarşı ağır ittihamlar səsləndirdiyi iddia olunan səs yazısı yayılıb.

Xalq artisti sonradan açıqlama verərək Nuru Paşa haqda dediklərinin tarixi fakt olduğunu bildirib:

“Ay cahillər, ay savadsızlar, ay biveclər, tarixi bu qədər dəyişdirmək, unutmaq olarmı? Hələ bir əsr keçib. Vətənə, torpağa bu dərəcədə hörmətsizlik olarmı? Məni nədə suçlayırsınız? Mənim boynuma nəsə qoymaqla nə dəyişir?

“Qurban olduğum” dediyin o paşan rus qoşunlarını bura gətirməsəydi, mən bu gün rus dilində danışacaqdım?! Mənim vətənimi almaq istəyən, dilimi də alıb. Rus gəlib neylədi? 3-4 dəfə əlifbamı dəyişdi, aldatdı, 37-ni, Xocalını törətdi., Qarabağı əlimizdən almaq isdədi. O rusu bura qurban olduğunuz paşanız gətirdi! Bu, tarixdir, dəyişəcəksiniz? Flora niyə rus dilində danışır? Hamısını edən sənin paşan oldu… Bu, həqiqətdir. Ərdoğan da bu həqiqəti dilinə aldı. Bunlar mənim fantaziyam deyil. Bu, tarixçilərin elmi məqalələrində yazdıqları, araşdırmalarıdır”.

Share: