Həsrət ümman-ümman, dərd qalaq-qalaq Ya qalib, ya qazı, ya şəhid olaq,

Həsrət ümman-ümman, dərd qalaq-qalaq  Ya qalib, ya qazı, ya şəhid olaq,
İltimas SƏMİMİ
14 fevral gənc və istedadlı şair İltimas Səmiminin doğum günüdür. Bu münasibətlə onu təbrik edir, uzun ömür, möhkəm can sağlığı arzulayırıq, çox yaşasın, xoş yaşasın, deyirik. İltimas ədəbiyyata gəlişi ilə özünün və sözününü səmimiyyətini də oxucuları ilə görüşə gətirə, səmimiyyətini onlara ötürə bildi. Özünəməxsusluğ, heç kəsi təkrar etmədən başını aşağa salıb yaradıcılığı ilə məşğul olmağı ilə özünün ədəbi nəslindən seçilməyi, fərqlənməyi bacardı. Mövzuları müxtəlifdir, nədən yazırsa yazsın, o şeirlərindəki səmimiyyəti ilə oxucu diqqətinə haqq edə bilir. Gənc qələm dostumuzun yeni şeirlərini təqdim edirik.
ARTIQ ARXADADIR O QANLI GÜNLƏR
İkinci Qarabağ savaşında –Vətən uğurunda
qəhrəmancasına şəhid olmuş, əsgər Əkbər Azər oğlu Hüseynlinin
əziz xatirəsinə
l
Acı hicranlara qərq olan, Vətən,
Gərək ki, dağ çəkəm qəsibkarlara.
Bu da haqq savaşım, amalım zəfər,
Düşmənlər əyninə geyinsin qara.
 
Hər yeni həmlədən ruhlanır ürək,
Uçulub dağılır düşmən sədləri.
İgid oğulların gözündə sevinc,
Göstərir yağıya polad hünəri.
 
Dağlar sirkələnir, daşlar titrəyir,
Havanı yardıqca odlu mərmilər.
Mənim tarix yazan Müzəffər Ordum,
Sənə gələn nəsil alqış söyləyər.
ll
Bu da Murov dağı, ər oğulların,
Ömrünə yazılmış bir ağır sınaq.
Silaha sarılan hər əsgərim də,
Deyir, qoy yaşasın bu ana torpaq.
 
Əsgər Əkbərim də bir igid kimi,
Qəlbində yurd eşqi, əlində silah.
İçində nə qorxu, nə bir talaş var,
Açılır gözündə işıqlı sabah.
 
Barıt qoxusundan kəsilir nəfəs,
Ələnir torpağa güllə yağış tək.
Qeyrət “hücum”, – deyir, hünər “vur”, -deyir,
Qisas hissi ilə kükrəyir ürək.
 
Əkbərim, döyüşlər bir qanlı tarix,
Sonu qələbədir haqq savaşların.
Uğur bu şərəfli əbədiyyətə,
Sığmaz yerə -göyə sənin vüqarın.
lll
Torpağın qoynunda uyuyan igid,
Torpağın rahatdır, sən də rahat ol.
Vətənə çevrilən qəhrəmanlarım,
Bir ulu tarixdir bu müqəddəs yol.
 
Fəqət unudulmur nə sevinc, nə qəm,
Tarix xatırladar, nəsillər deyər.
Nə gözdə intizar, nə canda həsrət,
Artıq arxadadır o qanlı günlər.
15.01.2021
 
ONU ƏR BÖYÜDƏN VƏTƏN TORPAĞI
İkinci Qarabağ savaşında -Cəbrayıl və
Füzuli uğrunda vuruşaraq qəhrəmancasına
şəhid olmuş,”Vətən uğurunda” və “Cəbrayılın azad olunmasına görə”
medalla təltif olunan
mayor Ramil Mərdan oğlu Ağayevin
əziz xatirəsinə.
Qəhrəman hücumda yağı basılır,
Bu da qan –qadalı savaş meydanı.
Coşur ürəyində intiqam hissi, –
Düşmən, kimliyimi gücümdən tanı.
 
Tarixə yazılan bu qanlı döyüş,
Bu həmlə, bu hücum, bu toz, bu duman.
Silaha sarılan topçu Ramili,
Aparır irəli dayanmır bir an.
 
İllərdi bu günü gözləyib, demə,
And içib ürəkdən doğma vətənə.
Düşmənin tankları qənimət kimi,
Ona döyüşməyə ruh verib yenə.
 
Cəbrayıl torpağın hər dağı, daşı,
Tanıyır vətənin bu mərd oğlunu.
Fəqət xəyalında zəfər sevinci,
Gələn nəsillər də unutmaz onu.
 
Mərmilər od tökür düşmən qorxuda,
Uğurdan yaranır bu güc, bu hünər.
Döyünən ürəyim doğma Qarabağ,
Şanlı qələbəyə ruhum sevinər.
 
Ruhunu sarsıltmaz bu qanlı savaş,
Bu vətən torpağı onun and yeri,
İgid dağlar oğlu, dağlar kimidir.
Çağlayan ümmandır onun hünəri.
 
Tarix hünəridən danışar hələ,
Fəqət unutmazdıq biz Qarabağı.
Hər an xatırlayar topçu Ramili,
Onu ər böyüdən vətən torpağı…
 
Tarixə yazılan bu qanlı döyüş,
Bu həmlə, bu hücum, bu toz, bu duman.
Silaha sarılan topçu Ramili,
Aparır irəli dayanmır bir an.
11.01.2021
TORPAĞIN QOYNUNDA BİR İGİD YATIR
 
İkinci Qarabağ savaşında
–Vətən uğurunda şəhid omuş,
“Zəfər” ordeni və bir neçə medalla
təltif olunan polkovnik Babək
Mətləb oğlu Səmidlinin əziz xatirəsinə.
 
Yenə ürəyimdə yazmaq həvəsi,
Dilimdən düşməyən zəfər kəlməsi.
İgidlər vətənin döyünən nəbzi,
Torpağın qoynunda bir igid yatır.
 
Həsrət ümman-ümman, dərd qalaq-qalaq
Ya qalib, ya qazı, ya şəhid olaq,
Qadalı günlərə bir nəzər salaq,
Torpağın qoynunda bir igid yatır.
 
Babək Səmidli də böyük qəhrəman,
Nəsildən- nəsilə anılar hər an.
Zəfər salnaməsin vüqarla yazan,
Torpağın qoynunda bir igid yatır.
 
Enib bu matəmə vətən bayrağı,
İgidin itkisi bir ürək dağı.
Açıb qollarını Göyçay torpağı,
Torpağın qoynunda bir igid yatır.
 
Qopur ürəklərdən bir fəryad, bir ah,
Daha əvvəlki tək açılmaz sabah.
İgidlər torpağa aparır pənah,
Torpağın qoynunda bir igid yatır.
 
Bir könül ağrısı, bir ürək qəmi,
Dərdini söyləmək əzab deyilmi?
Həsrət bağrımızda fəqət dağ kimi.
Torpağın qoynunda bir igid yatır.
 
Vətən eşqi ilə ürəyi dolu,
Bir həyat dastanı, bir döyüş yolu.
Bu odlar yurdumun bükülməz qolu,
Torpağın qoynunda bir igid yatır.
 
Babək Səmidli də böyük qəhrəman,
Nəsildən- nəsilə anılar hər an.
Zəfər salnaməsin vüqarla yazan,
Torpağın qoynunda bir igid yatır.
18.01.2021
Share: