Həyətdə bir köpək “boğur özünü” O, məndən hardasa xoşbəxtdir bir az

Xasiyyət Rüstəmova İslaməli qızı 1971-ci il mart ayının 19-da Özbəkistanın Namanqan vilayəti Çüst bölgəsi Almaz kəndində dünyaya gəlmişdir.

Ali təhsilini Özbəkistan Milli Universietinin jurnalistika fakültəsində, daha sonra isə 2001-2004-cü illərdə Ali Ədəbiyyat Universitetində almışdır.

Xasiyyət Rüstəmova 1993-1997-ci illərdə “Dan ulduzu” qəzetində çalışmışdır.

2015-ci ildən “Kitab dünyası” qəzetinin baş redaktoru vəzifəsini icra etməkdədir.

 

DİRİLİŞƏ MƏKTUB

 

Gözlərim xəstəxananın soyuq pəncərələrinə dikilib qalarkən, eşikdə sahibindən təpik yemiş bir köpəyin ulayıb qaçdığını gördüm… Və mən o köpəyə qibtə etdim...

 

Ümid bu otağa dikmiş gözünü…

Qəribə otaqdır – hər şey bəmbəyaz.

Həyətdə bir köpək “boğur özünü”.

O, məndən hardasa xoşbəxtdir bir az:

 

O sərbəstdir, hey dolaşır…

Öz ayaqlarıyla qaçır…

Kaş ki, mən də dayaq yesəm,

Amma sağlam durub gəzsəm!

Bu toz yollar necə şirin…

İt, nə xoşdur gördüklərin!

Yatarkən, çox nifrət etdim

söykəndiyim dayaqlara,

İt olsaydım –

qaçmaq üçün –

yalvarardım

Məni vuran ayaqlara.

K.N.-ə

(3)

Ürəyində bir sözün var:

Dönüb baxdın, getdin nagah.

Yada düşdü xatirələr,

Yoxsa nəsə oldu agah?..

Arxanca baxdı gözlərim,

Yağış damdı otağına.

O an, mənə demədiyin

sözlər, yəqin

Ağır gəldi dodağına?

 K.N.-ə

(4)

Belə görməmişdim səni heç zaman –

Üzündə bu kədər naxışlarını.

Necə də mən sənə rast gəldim, aman,

Son bahar vaxtında baxışlarının…

 

Kimə danışasan yozula yuxun,

Sənə ayılmaqmı xoş olar, bəyəm?

İndi özün söylə, hara üz tutub

Sevgi sözlərini söyləyəcəyəm?..

***

Sevincə

Demişdim “evdə qal”, amma

mən evdə qaldım.

Eşikdə gəzmədim heç bircə addım.

Gözümün yaşı da sellərə döndü,

Dərdimi səninlə paylaşammadım.

 

Söylə, hər nə desən edərəm, sözsüz.

Öl desən ölərəm-gedərəm, sözsüz.

Uzaqda olsan da, “yanındayam” de,

Sənlə mən uşaqdan betərəm, sözsüz.

 

Öyrət, nə dualar edim Allaha?

Rüzgarlara qaldı ümidim daha.

Həyata nə qədər bahadır dedim,

Sənin ayrılığın oldu çox baha!

***

Çox qovruldum atəşdə mən…

Durdum, dözdüm, tələsmədən.

Kəsib atdım bədənimdən

Ruhumun yanmış yerini.

 

Gün gəlincə xatırlasan,

Əfv et, məni tanımasan.

Allah, ölüb gəlsəm – asan,

Saxla oyanmış birini!..

***

Nə anlamı hönkürtünün,

Qayğılarçün çoxdur zaman.

Gəl, gücümü alma bütün,

Doymamışam asimandan.

 

Xəyalımdan uç quş təki,

Gecə demə, gündüz demə!

Sənsən – keçən ömrümdəki,

Toxunma qalan ömrümə!

***

Səni ömrüm boyu üzmərəm, canım!

Qaranlıq olsa da, çıxaram yola.

Bütün uzduzları yığıb gələrəm,

İstər boran ola, istər qar ola.

 

Görən, acmamısan? Kefin necədir?

Söylə, bu gün işın gecmi bitəcək?

İtlərə baş qoşma, hürərlər onlar…

Allahın izniylə hər şey keçəcək!

***

Mənsiz ev-eşiyim neylər,

O kitablar, o dəftərlər?

Sözlər səfil-səfil gəzər

Məni tapa bilməsələr.

 

Mənsiz solar ağaclarım,

Yellə oynardı saçlarım.

Ölər mənsiz gecələrdə

Ay işıqlı hecalar da.

***

Deyirəm, yaxşı ki,

Şeirlərim var!

Hər kəsə hədiyyə –

Məndən yadigar!..

Getmərəm dünyadan

gözləri açıq,

Qaçhaqaç dünyada

yazılan qalar!..

Tərcümə etdi: şair-tərcüməçi Afaq Şıxlı

(06.2020, Moskva)

 

 

Share: