“Həyətimizdə 8 mərtəbəli bina tikiblər, evimizin içinə kondisioner düşüb” — Fotolar

“Həyətimizdə 8 mərtəbəli bina tikiblər, evimizin içinə kondisioner düşüb” — Fotolar

“Beş il olar ki, yaşadığımız həyət evlərinin arasında 8 mərtəbəli bina inşa ediblər. Bina qanunsuz tikilidir, çünki aidiyyəti orqanların tikintiyə icazəsi yoxdur. Yaşadığımız evlərlə ara məsafəsi gözlənilməyib, bütün tikinti normaları pozulub. Çox təhlükəli vəziyyətdə yaşayırıq, zəlzələ olsa, bina başımıza uçacaq”.

Bu şikayətlə “Qafqazinfo”ya Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində yaşayan bir qrup sakin müraciət edib.

Onların bildirdiyinə görə, sözügedən ünvanda fiziki şəxin adına fərdi yaşayış evi tikmək üçün sərəncam verilib. Hündürlüyü 12 metrdən çox olmayan 2 mərtəbəli bina tikilməli olsa da, ərazidə 8 mərtəbəli yaşayış evi inşa olunub.

Yaxınlıqda yaşayan sakin Etibar Mustafayev deyir ki, həmin bina tikiləndən bütün rahatlıqları pozulub: “Beş ildir ki, evimizdə rahat otura bilmirik. Mənim evimlə həmin binanın arasında heç 1 metr məsafə yoxdur. Uşaqlarımızı həyətə çıxara bilmirik, başımıza yuxarı mərtəbədən nəsə düşür. Gah “pampers” düşür, gah siqaret kötüyü atılır. Bir müddət əvvəl də evimizin içinə kondisioner düşmüşdü.

Bir neçə ay əvvəl şikayətlərimizdən sonra Sabunçu RİH tərəfindən binanın bir blokunu sökdülər. Bütün yayı zülm çəkmişik, toz-torpaq, söküntü… Lakin yenə başlayıblar sökülən hissəni tikməyə. Əgər qanuni idisə, niyə sökdülər? Yox qanunsuz idisə, söküldüsə, niyə yenidən tikilir?”

Sakinlər bildirirlər ki, ərazidə fərdi ev tikintisi üçün verilən sərəncamlardan biri Şamama Həsənova adlı qadının adınadır. Lakin həmin şəxsi orada tanıyan yoxdur.

Şikayətçi Ceyhun Səfərov isə deyir ki, sözügedən bina çox keyfiyyətsiz inşa olunub: “Beş ildir ki, vəziyyət belədir, şikayətlərimizə baxan yoxdur. Biz hər dəfə şikayət edəndə binanı bir mərtəbə də qaldırıblar.

Tikili çox keyfiyyətsiz inşa olunub, şvellerlə tikilib. Harada görünüb ki, profillə bina tikilsin? Fəhlələr gətirib əllə beton qarışdırıb bina tikiblər. Qısa müddətdə fasadı çartladı, suvaq vurub ört-basdır etdilər ki, görünməsin. Burada yaşamaq çox təhlükəlidir. Qonşunun evinin içərisinə kondisioner düşmüşdü. Əgər oxşar hadisə təkrarlansa, ölən olsa, buna kim cavab verəcək?

Yanğın olsa, yanğınsöndürən maşınlar həyətə keçə bilməyəcək. Biz bina sakinlərini günahlandırmırıq, onlar da bilməyib burada ev alıblar. İndi istəsələr də, pullarını qaytarmazlar. Onlara da xoş deyil, hər gün qonşularla problemlər yaranır. Keçən dəfə zəlzələ olanda bina əsirdi. Sakinlər neçə gün evlərində qalmadılar. Dörd bala belə əsirdisə, bir az artıq olsa, necə olacaq? Yaxınlıqda yaşayan sakinlərin aqibəti necə olacaq?”

Həmin küçədə yaşayan daha bir sakin Aslan Əsədov isə qeyd edir ki, binanın parkinq yeri olsa da, sahibkar tərəfindən ora giriş bağlanıb. Şikayət etdikdə parkinqi 3-4 gün açıb, sonra yenidən bağlayır. Hər gün həyət evlərinin qarşısında avtomobil park edən bina sakinləri ilə mübahisə və dava-dalaş yaranır.

Vəziyyətdən 60 sakinin şikayətçi olduğu, aidiyyəti qurumlara ərizə ilə müraciət etdikləri bildirilir. Sakinlər Fövqəladə Hallar Nazirliyindən binanın qaydalara uyğun tikilməməsi ilə bağlı rəy verildiyini deyirlər: “Sabunçu Rayon Məhkəməsində qanunsuz tikintinin sökülməsi ilə bağı iddia qaldırılıb. Məhkəmə gedişatında müəyyən olunub ki, həmin ərazidə tikintinin aparılması üçün Sabunçu RİH tərəfindən sərəncam verilib. Bakı İnzibati Məhkəməsi qarşısında sözügedən sərəncamın qanunsuz olması ilə bağlı iddia qaldırmışıq. Sərəncamın ləğvi ilə bağlı iddia qaldırıldığından Sabunu Rayon Məhkəməsində əvvəlki – qanunsuz tikintinin sökülməsi ilə bağlı iddianın icratı dayandırılıb ki, həmin işə baxılsın, bitsin, sonra yenidən bu məhkəmə davam etdirilsin. 

Bakı İnzibati Məhkəməsində iş araşdırılaraq həmin sərəncamın arxivdə olmaması sübut olundu. Buna baxmayaraq Bakı İnzibati Məhkəməsi iddianın rədd edilməsi ilə bağlı qərar qəbul elədi. Biz həmin qərardan apellyasiya şikayəti verdik. Bakı Apellyasiya Məhkəməsi bir ildən çox məsələni araşdırdı və məhkəmədə Sabunçu RİH-nin nümayəndəsi özü də qəbul elədi ki, bu verilən sərəncam əsasında orada tikinti aparıla bilməz. Lakin Bakı Apellyasiya Məhkəməsi məsələnin mahiyyəti üzrə yox, iddianın mümkünsüz olması ilə bağlı qərardad qəbul elədi. Orada göstərilir ki, biz sərəncamdan məlumatlı olduğumuz vaxtdan bir ay müddətdə şikayət verə bilərik. Biz də həmin sərəncamdan Sabunçu Məhkəməsində işə baxılarkən – 11 noyabr 2021-ci il tarixində məlumtlı olmuşuq. Həmin ilin 8 dekabrında sərəncamın ləğv olunması ilə bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışıq. İndi həmin qərardaddan Ali Məhkməyə kassasiya şikayəti veriləcək. Lakin məhkəmə süründürməçilik edir, ədalətli qərar qəbul olunmur”.

Şikayətlə əlaqədar sözügedən binanın sahibi Cavid Hüseynovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında bütün sənədlərinin qaydasında olduğunu bildirdi: “Həmin bina həyət evlərinin arasında tikilməyib, həyət evləri o binanın yaxınlığında tikilib. Bina 2015-ci ildə inşa olunub, torpağının çıxarışı var. Vaxtında layihəsi də olub, FHN-dən də keçib. Oradakı həyət evlərinin bir çoxu məsafə olaraq bizdən aralıdır, aralıqda yol var. Yalnız biri bizim arxamızdadır ki, o da bizdən sonra inşa olunub. Bizim torpağın çıxarışı olanda, tikinti aparılanda orada ev yox idi. Orada heç bir qanunsuz tikinti aparılmayıb”.

Binanın söküntü aparılan bloku ilə bağlı suala gəlincə isə, C. Hüseynov həmin tikilinin ona aid olmadığını dedi: “O sökülən hissənin torpağı başqadır, mənə aid deyil. Mənim binama bitişik idi. Qeyri-qanuni tikinti aparılmışdı və onu sökdülər”.

Şikayətlə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğuya belə cavab aldıq: “Qeyd olunan ünvanda sakinlərin müraciətləri ilə bağlı Sabunçu RİH tərəfindən yerində baxış keçirilib. Nəzərinizə çatdırmaq istəyirik ki, hazırda qeyd olunan ünvanda heç bir tikinti işləri aparılmır. 7 mərtəbəli binanın 5 mərtəbəsi qanunsuz inşa edildiyi üçün aidiyyəti qurumların iştirakı ilə sökülüb. Əlavə olaraq bildiririk ki, qeyd edilən binanın ilk 2 mərtəbəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən rəsmi çıxarışı var”.

Qeyd edək ki, Aşıq Pəri küçəsindəki problemlə bağlı mətbuatda bir neçə dəfə məqalə yayımlanıb.

Gülnar Əliyeva

Foto: Pərvin Zeynal


Share: