Qədim bir məsəl var, deyirlər, öz kədərinə gülən xalq böyük və mübariz xalqdır. Xalq öz kədərinə necə gülür? Bəlkə də qısa bir cavab bu sualı tamamlaya bilər: Xalq öz kədərinə bu kədər haqqında lətifələr yaratmaqla gülür!
Doğrudan da, lətifə böyük imkanları olan bir janrdır. Lətifə həm də həmişə canlı, diri, ölməz bir örnəkdir. Bunu mən demirəm, bunu lətifəni araşdıran folklorşünaslar deyirlər. Digər folklor örnəklərinə nisbətən daha operativ, daha fəal və əhatə dairəsi geniş olan folklor örnəkləri məhz lətifələrdir.
Tarixin müxtəlif mərhələlərində baş verən hadisələrə ilk reaksiyanı lətifə janrı vermişdir. Bəhlul Danəndə, Molla Nəsrəddin lətifələri dövrün ictimai-siyasi eybəcərliklərinə qarşı yaranmış örnəklərdir. Şəkinin gülüş xəzinəsi istər sovet dönəmində, istərsə də ondan əvvəl insanların məruz qaldıqları haqsızlıqlara cəsarətli etirazlarının nümunələri kimi meydana çıxmışdır. Hacı dayı obrazı xalq üçün vaxtında öz sözünü deməyə imkan vermişdir. Cənub bölgəsində Lotu Salman, Lotu Süleyman, Mirzə Bağı, Balaəmi komik obrazları, əslində, xalqın haqlı mübarizəsinin müdafiəçiləri qismində meydana çıxmışdır. Məsələn, Salmanla bağlı lətifələrdən birində deyilir ki, bölgənin tanınmış din xadimi Mirməmmədağa ona nəzir verib, bu nəziri kəndlərindəki ələbaxanlara çatdırmasını xahiş edir. Bir müddət sonra məlum olur ki, Lotu Salman nəziri aparıb kənd sovetinin sədrinə və kolxoz sədrinə verib. Mirməmmədağa bunun səbəbini soruşanda Lotu Salman deyir, kəndimizdə iki ələ baxan var, biri sovet sədri, o biri də kolxoz sədridir.
Lətifə həm də xalqın cəsarət simvoludur. Almaniyada Hitler haqqında, Fransada Napoleon haqqında söylənilən lətifələr həm də xalqa əsil həqiqəti görməyə və dərk etməyə şərait yaradır. Hələ sovet dönəmində hökumət rəhbərləri haqqında komik örnəklər yaranır və yayılırdı. Stalin haqqında olan lətifələr bunun ən bariz nümunələridir. İkinci Dünya Müharibəsindən sonrakı müddətdə Sovetlər Birliyində bəzi bölgələrdə hətta aclıq oldu, taxıl, şəkər, yağ kimi mühüm ərzaq məhsulları çatışmadı. Xruşşovun vaxtında aclıqdan tez çıxmaq üçün ildə iki dəfə qarğıdalı əkildi, adamlar qarğıdalı çörəyinin ümidinə qaldılar. Dövlət bu faktı gizlətsə də, lətifələr yaranmış vəziyyəti, baş verən olayları dünyaya faş elədi. Belə örnəklərin bir qismi Çernobıl qəzası ilə bağlı yaranmışdır və həmin lətifələr elə sovet dönəmində Rusiyada kütləvi tirajla çap olunub yayılmışdır.
Bu kiçik girişdən sonra əsas məsələ mətləbin üstünə gəlməkdir. Dünyanı vahiməyə salan Koronavirusla bağlı çoxlu folklor örnəkləri meydana çıxmışdır. Xalq öz gülüşünü müxtəlif şəkillərdə ifadə edir. Əlbəttə, lətifələrlə yanaşı, digər folklor nümunələri də yaranır. Sözümə-söhbətimə elə “digərlərdən” başlamaq istəyirəm. Azərbaycan televiziya kanallarından birində karantin dövrünün tələblərinə uyğun olan “Evdə qal” adlı reklam və çağırış xarakterli bir meyxana söylənildi, hətta bu meyxana karantin şəraitində yaşayan və işləyən digər xalqlarda, o cümlədən Türkiyədə də maraq oyatdı. Əslində, bu meyxana Azərbaycan xalqına çağıırışdır:
İndi təhlükədədi hər yan, evdə qal,
Özünü qoru, Azərbaycan, evdə qal!
Belə meyxanalar bölgələrddə də yaranır və müasir informasiyanın imkanlarından istifadə olunaraq, bütün ölkəyə yayılır. Cəlilabad meyxanıçılarının Koronavirusla bağlı söylədikləri meyxana da bu qəbildəndir:
Ay Korona, Korona,
Gəlmə bizim rayona.
Gəlib peşman olarsan,
Özüvü dərdə salarsan.
Əzəldən olduq abad,
Dözümlüdür Cəlilabad!
Bekara çəkmə əziyyət,
Sənə yıxılmaz bu millət!
Bu folklor nümunəsi video şəklində internet imkanı olan telefonlar vasitəsilə bütün ölkəni dolaşdı.
Bayatı şəklində yaranan və daha tez əzbərlənib yadda qalan folklor nümunələri gerçəkliyi əks etdirmək baxımından maraq doğurur. Folklorun bu qədim janrı həm də yarandığı və tərənnüm etdiyi zamanın folklor örnəyidir. Bayatı janrı onu söyləyənlərə imkan verir ki, baş verən fəlakətə müxtəlif aspektlərdən yanaşa bilsinlər, yəni ziyanını, fəsadını, təhlükəsini sözün gücü ilə göstərə bilsinlər:
Ay Korona, Korona,
Evin qalsın virana!
Bizdən uzaq gəz dolan,
And verirəm Qurana.
Erkəksən, dişisəsn, sən?
Qadınsan, kişisən sən?
Bəndə bilən iş deyil,
Tanrılar işisən sən!
Adın virus qoyublar,
Bəd olduğun duyublar.
Dünya baxar kor olub,
Gözlərini oyublar.
Azərrbaycan folklorunda sicilləmə deyilən janr var, buna bəzi bölgələrdə uzunnama, düzgü, təkərləmə də deyirlər. Qafiyələnməsi məsnəvi şəklində olur, hər misra özündən sonrakı misra ilə həmahəngdir. Buna görə də bu janrda hər hansı bir hadisəyə münasibət bildirmək asandır. Bu janr Koronavirusdan da yan keçmədi:
Ay Korona, Korona,
Gəlmə bizim rayona,
Bizim rayon dağ yeri,
Dalında şallaq yeri.
Görürsən, halımız pis,
Yarı gic, yarı da xəbis!
Şikəst olub qalmışıq,
Dərdə meyil salmışıq.
Bizə virus neyləyər?
Bağır başı teyləyər.
Ay Korona, Korona,
Gəlmə bizim rayona.
Gəlib dərdə düşərsən,
Düşüb isti bişərsən.
Çəkdiyimiz az deyil,
Günlərimiz saz deyil.
Can istədin, can verək,
Qan istədin, qan verək.
Ölüm olsun, Korona,
Səni bizə vurana!
Baş verən hadisələrə, tandemiyaya, pnevmaniyaya, qripə ən fəal münasibət bildirən janrlardan biri yumorlu deyimlərdir. Deyim söyləmələrin bir növü olan qəlib ifadələrə daxildir. Nitq etiketləri və ata sözləri də qəlib ifadələr sayılır. Deyimlərin növlərinə söyüş ifadələri, aqro sözlər və salamlaşma etiketləri daxildir. Qısa, yumorlu deyimlər isə mövcud duruma fəal və operativ münasibət bildirən folklor örnəkləridir. Karantin dövrü üçün işləməyən əhaliyə maddi dəstək göstərmək məqsədilə dövlət tərəfindən müəyyən məbləğdə pul ayrıldı, bu pulu əldə etmək üçün şərtlər mövcud olduğundan hamı bəhrələnə bilmədi. Folklorşünas Pərixanım Muradova el arasında bu mövzu ilə bağlı gəzən bir yumorlu deyimi sosial şəbəkədə paylaşıb. Deyim belədir:
-Sənin başın işləyir?
-Əlbəttə işləyir.
-Deməli, sizdə işləyən var. Onda sizə pul düşmür.
Yenə Pərixanım Muradovanın sosial şəbəkədə yayımladığı yumorlu bir deyimi nümunə gətirirəm: “Bir qız deyir, vaxtında ailəm məni qoymadı heç yerə gedəm! Dedilər, evdə qal! İndi də dünya deyir, evdə qal. Qırx ildi evdə qalmışam, daha nə qədər qalım?!” Deyim bununla bitmir. Pərixanım Muradova yazır: “Qız qaldı kənarda, rəy yazanlar mənə təsəlli verdilər ki, darıxma gedərsən, ay nə bilim, bəxtin açılar və sair. Diqqətlə oxumamışdılar, elə bilmişdilər, evdə qalan mənəm. Halbuki, mənim ailəm də var, şükür Allaha, övladım da, nəvəm də. Paylaşıma görə peşman oldum və gül kimi yazını sildim”.
Çinarə Ömüray yazır ki, səhər işə gedirdim, “postda” polis saxladı. Əvvəl xidməti vəsiqəmdəki şəklimə baxdı, sonra masqanı çıxartdım, otuz saniyə romantik-romantik baxışdıq. Qəfil arxadaki KAMaz sürücüsü nə təhər siqnal verdisə, ikimiz də dik atıldıq, üzgün-üzgün: “Artıq get” dedi. İstədim dirənəm: “Əsla, səni burda qoyub getməyəcəm”. Gördüm, yox e, bu KAMaz sürücüsü imkan verməyəcək, çıxıb getdim.
Masqa ilə bağlı başqa birisi yazır ki, kənddən zəng eləmişdilər, vəziyyətlə maraqlandım, dedilər, kənddə bir dənə masqa var, o da qaynaqçıdadı.
Rəşad Məcid social şəbəkədə yazır ki, Koronovirus hayının tüğyan etdiyi vaxtlarda bir nəfər həkimə gedir. Həkim soruşur, dərdin nədir? Xəstə deyir, bəs prostatımda problem var, onunla bağlı gəlmişəm. Həkim əsəbləşir: “Rəhmətliyin oğlu, prostat vaxtıdır? Görmürsən, camaat nə haydadır?!”
Sosial şəbəkədə bir nəfər yazır: “SMS yazıb, iki saatlıq şəhərə şıxmışam ki, aptekdən masqa və spirt alım, hansı aptekə dəydim, dedilər, yoxdu, dedim, onda iki kilo kartof, bir kilo da ət çəkin”. Belə deyimlərdən birini də mən eşidib social şəbəkədə paylaşmışam: “İndi inanıram ki, dünya bir neçə dəfə dolub-boşalıb, çünki dolanlar dinc oturmur boşalana qədər”. Bir dəfə isə sosial şəbəkədə Koronavirusun əlamətlərini yazdım: “Əvvəl adi qrip əlaməti, sonra sinə göynərtisi, istilik və başağrı… sonda nəfəs çatışmazlığı! Tanrı qorusun!” Dostlarım da elə bilmişdilər, mən xəstəliyə yoluxmuşam, yazmışdılar, Allah şəfa versin! Bir deyim də yazım, amma müdrik deyimdir: “Tanrı ələyir dünyanı, kasıb kəfən qazanır, varlı malını itirir, üzr istəyirəm, canını itirir, çünki varı elə onun canıdır”.
Dünyanı vahiməyə salan və kütləvi insan tələfatına səbəb olan pandemiyaya qarşı ən kəskin mövqeyi, həmişə olduğu kimi, yenə də lətifə janrı nümayiş etdirir. İsmayıl Məmmədovun “Facebook” sosial şəbəkəsindəki “Lətifələr” səhifəsi üçün ayrı-ayrı şəxslərdən aldığı folklor nümunələri günümüzün reallığını əks etdirmək baxımından olduqca maraqlıdır. Onun təqdim etdiyi lətifələrdən biri son olaylarla səsləşir: “Həkim uzun sürən əməliyyatdan sonra bayıra çıxır və bu zaman bir kişi həyəcanla ona yaxınlaşır:
-Doktor, əməliyyat necə keçdi? Arvadım yaşayacaq?
Həkim kişini sakitləşdirərək deyir:
-Narahat olmayın, yaşayacaq. Ancaq bir məsələ var ki, arvadınızın yataqdan qalxması uzun illər çəkəcək. Bu müddəti gərək siz onun yanında olasınız.
Kişi qaşlarını çatır. Həkim sözünə davam edir:
-Hə bir də, yoldaşınız hərəkət qabiliyyətini itirib. Onun dərmanlarını gündə üç dəfə siz verməlisiniz, həmçinin yeməyini yedizdirməli, bütün ehtiyaclarını qarşılamalısınız.
Kişinin gözünə qaranlıq çökür, nəfəsi daralır. Həkim sözünə davam edir:
-Resepti yazmışam, dərmanlar kifayət qədər bahadır. Vaxtı-vaxtında qəbul etməsi lazımdır.
Həkim görür ki, kişi ürəyini tutub, gülümsünərək deyir:
-Əşşi, zarafat edirəm. Öldü!”
Bir dəfə yazmışdım ki, Cəlilabadda ictimai tualet problemi var. Karantin müddətində şəhərə çıxan kimsənin tualetə ehtiyacı olmur, iki saatlıq icazə müddətini gəzib dolaşdıqdan sonra özünün tualet ehtiyacını ödəmək üçün evinə çatdıra bilirdi.
Şəhərin mərkəzindəki parkda bir pullu tualet var, xidmətçisi yaşlı bir qadındır. Tualetə gəlib-gedən olmadığına görə balaca kabinetindəki pəncərəni bağlayır, başını stolun üstünə qoyub yatır. Sərt karantin rejimi götürüldüyünə görə şəhəri gəzib dolaşandan sonra tualetə baş çəkdim, əvvəl pəncərəni taqqıldadıb xidmətçi qadını oyatdım, qadın hövlnak qalxıb havalı adamlar kimi dedi:
-Hə, qardaş, nədi, nolub?
Dedim ki, tualetə girmək istəyirəm. Xidmətçi qadın sevinə-sevinə kabinetinin qapısını açdı, bayıra çıxıb kişilər üçün nəzərdə tutulmuş xidmət otağına qədər məni ötürdü və dedi:
-Buyur, qardaş, başına dönüm, xoş gəlmisən, həmişə sən gələsən!
Xidmətçinin göstərdiyi otaq gül kimi idi, təmiz şərait adamın ürəyini açırdı. Əlli ildir, yeri düşəndə ictimai tualetə gedirəm, belə təmizlik görməmişəm. Mənə elə gəldi ki, dezinfeksiya məhluluna odekalon qatıblar.
Çıxanda gördüm ki, xidmətçi qadın bir əlində bahalı xarici sabun, o biri əlində aftafa tutub, çiynində də ağappaq dəsmal var. Qadın dedi, qardaş, gəl su tokum, əllərini yu.
Bu nümunəvi xidmətdən utandım, dedim, bacı, içəridə əllərimi sabunla kranda yumuşam, salfetlə də silmişəm, sağ ol əziyyət çəkmə.
Qadın qayğıkeşliklə dedi:
-Bu su kranın suyundan deyil, evdən gətirmişəm, özüm də əllərimi bu suyla yuyuram.
Haqq üçün, su fərqli idi, xidmətçi qadının xətrinə dəyməsin deyə, uzatdığı dəsmalla əllərimi sildim. Qadın aftafanı da, dəsmalı da götürüb kabinetinə keçdi, mən də cibimdən bir manat pul çıxarıb ona uzatdım ki, tualetin xidmət haqqını çıxsın. Qadın pulu əlinə almadan dedi ki, xırda ver.
Dedim, xırda yoxumdu.
Qadın dedi, məndə də xırda yoxdu.
Dedim, bəs tualetə gələnləri necə yola salırsan?
Xidmətçi qadının dərdi açıldı, dedi:
-Qardaş, 3 aydı bu otaqda səhər gəlib yatıram, axşam da evə gedirəm. Tualetə gələn var? Karantin çıxaranın evini Allah yıxsın, camaat çöldə-bayırda yemir, içmir, tualetə də ehtiyacı olmur. Aca çıxmışam, hər gün evə 40-50 manat pul aparardım, indi 40 qəpik də aparmıram. Tualetə gələn var ki, xırda pul verən də olsun?! Bu neçə ayda tualetin qapısını sən açmışdın, səndə də xırda pul olmadı ki, xidmət haqqını verəsən!
Xidmətçi qadına yazıqlığım gəldi, açığını deyim, xidməti də yüksək səviyyədə idi. Dedim:
-Al bu manatı, bacı, xırdası lazım deyil, qalan pul qayğıkeşliyinə qurban!
Xidmətçi qadın bir manatı sevinə-sevinə aldı, parkdan çıxana qədər məni müşaiyət elədi, təşəkkürünün, duasının isə sayı-hesabı yox idi. Qadın ayrılıb geri dönəndə dodağının altında pıçıldadı:
-Nəhayət, bu gün evə bir manat pul aparacağam.
Karantin müddəti bitəcək, Koronavirus vahiməsi ötəcək, həyat normal ritminə düşəcək, amma bu vurhavurda yaranan folklor örnəkləri əbədiyyət qazanacaq, gələcək nəsillərə ibrət dərsi keçəcək, çətin məqamlar üçün yaşam iradəsi, dözüm və mətanət bəxş edəcək.
Ölümə bərabər öpüş
Bir qadın vaxtında ərə gedə bilmir, yaşlaşanda qardaşı uşaqlarının ümidinə qalır. Amma gəncliyində yaxşıca sərvət toplaya bilir, çoxlu qızıl əşyalar alıb, ağzına dörd-beş kilid vurduğu sandığa yığır. Qardaşı uşaqları bibilərinin başına fırfıra kimi fırlanırlar, hər biri özünü bibisinə sevdirmək istəyir. Bibi də nə bibi, aləmin bici olur, qardaşı uşqlarının hiyləsini başa düşür, onlara bac vermir.
Günlərin bir günündə bibi xəstələnir, tez-tez öskürür, qızması qırxa qalxır. Qardaşı uşaqlarının gözünə işıq gəlir, hərəsi qaçıb bir həkim gətirir. Həkimlər bibini müayinə edib qərara gəlirlər ki, o, Koronavirusa yoluxub, təcili rayon mərkəzi xəstəxanasına götürülməlidir.
Qardaş uşaqları əl-ayağa düşürlər, deyirlər ki, bibi, vəsiyyətnaməni yaz, get.
Bibi deyir:
-Kimin adına yazım?
Biri deyir, mənim adıma yaz, o biri deyir, yox, mənim adıma yaz. Qadının qardaşı uşaqlarının arasında dava düşür, aləm bir-birinə dəyir. Bibi əsəbləşir, deyir, sözüm var, kim sözümə əməl eləsə, vəsiyyətnaməni onun adına yazacağam.
Qardaşı uşaqları bibilərinin çənəsinin altını kəsdirilər:
-Canımız qurban, bibi, nə sözün var, de, əməl edək.
Bibi deyir:
-Kim indicə gəlib dodaqlarımdan öpsə, mənim mirasıma həmin adam sahib olacaq, vəsiyyətnaməni də onun adına yazacağam.
Məsafə
Birini evləndirirlər. Karantin rejimi mövcud olduğuna görə, toy eləməyə icazə vermirlər. Kəbin ciddi nəzarət altında kəsilir. Bəyə və gəlinə masqa, spirt hədiyyə edirlər. İki-üç polisin müşayiəti ilə təzə evlənənləri kəndə yola salırlar. Polislərdən biri görür ki, bəylə gəlin xısınlaşır, qışqırır ki, məsafə saxlayın. Təzə evlənənlər əmrə tabe olurlar.
Kəndə çatandan sonra masqa taxmış qonum-qonşu yığışıb bəylə gəlini “toy” münasibətilə təbrik edirlər. Nəhayət, adamlar dağılışırlar, yengə gəlini gərdəyə aparır. Bir azdan bəy də durur ki, gərdəyə yaxınlaşsın, polis arxadan qışqırır:
-Məsafə saxlamağı unutma!
Bu yerdə bəyin əsəbləri dözmür, qayıdır ki:
-Naçalnik, məsafə saxlayan idimsə, daha niyə evlənirdim?
Xəstəliyi kim keçirir?
Karantinə alınmış ərlə arvad mübahisə edirlər. Kişi deyir:
-Mənə sən keçirtdin, arvad, sən, sən!..
Arvad deyir:
-Sən mənə keçirtdin, rəhmətliyin oğlu, məndə keçirtməli şey var?!
Bayıra çıxmaq olmaz
Televiziyada Koronovirus xəstəliyinin yayılması ilə bağlı qadağaları elan edirlər. Qulağı zəif eşidən, danışanları yaxşı anlamayan Qoca nəvələrindən soruşur:
-O nə deyir, bala?
Nəvələri Qocaya qadağanın şərtləruini ucadan izah edirlər:
-Baba, deyir, heç kim bayıra çıxmasın.
Qoca deyir:
-Bə, bala, bayıra çıxmasam, içimdəki məni öldürər! Yediklərimi necə boşaldacağam?
Masqa
Arvad ərini məcbur edir ki, masqa alsın.
Kişi qayıdır ki, masqanı neynirsən, sən elə masqasız da masqalanmağı bacarırsan. Otuz ildir bir yerdə yaşayırıq, hələ də əsil sifətini görə bilmirəm.
Əsil sima
Social şəbəkələrdə ittihamlar baş alıb gedir. İqtidar nümayəndələri deyirlər, müxalifət masqalanıb, müxalifət nümayəndələri deyirlər, iqtidar nümayəndələri masqalanıb. Bu arada Koronavirusla əlaqədar apteklərdən masqalar yoxa çıxır. İqtidar nümayəndələri hansı yollasa masqa əldə edirlər, müxalifət nümayəndələri masqasız qalırlar.
İqtidar nümayəndələri ittihamı gücləndirirlər: “Müxalifətin əsli siması üzə çıxdı!”
Adam öləndə xəbər elər
Koronavirusla bağlı qadağalardan sonra yas mərasimləri keçirmək yasaqlanır, ölənləri ailələri özləri dəfn edirlər. Xəstəlik havası sovuşandan sonra adamlar küçəyə çıxırlar, tanışların, qohumların arasında çoxunu görmürlər. Təəccüblə bir-birindən soruşurlar:
-Filankəs gözə dəymir?
-Öldü.
-Bəs filankəs hanı?
-O da öldü.
-Bəhmənkəs necə oldu?
-Onu da basdırdılar.
Beləcə bir xeyli adamın öldüyü məlum olur. Evdən bayıra təzə-təzə çıxanlardan biri deyir:
-Zalım uşağı, adam öləndə xəbər elər də!
Təziyə tutulmasa, ehsan da olmayacaq
Biri Molladan soruşur ki, bəs Koronavirusdan ölənləri neynirlər? Molla deyir ki, yandırırlar. Söz soruşan rahat nəfəs alıb deyir:
-Nə yaxşı! Öləndən sonra leş olub iy verməkdən kabab kimi yanıb qızarmaq yaxşıdı.
Molla deyir:
-Öləndən sonra məni dəfn edəcəklər, etməyəcəklər, bunun əhəmiyyəti yoxdu. Deginən, bizim bazarımız bağlandı, təziyə tutulmasa, ehsan olmayacaq.
Birini-ikisini tutaydın da, on doqquzunu neynirsən axı?
Zərri nənənin nəvəsi Koronavirusa yoluxur. Nənə görür, yemək vaxtlarında nəvəsinin biri süfrəyə oturmur. Soruşur, bəs bu nəvə hardadı? Deyirlər, Koronavirus tutub. Nənə söhbətin nədən getdiyini başa düşmür. Bir də soruşanda deyirlər, “COVİD 19” tutub. Bir azdan xəstəxanada olan nəvə ilə telefon əlaqəsi qururlar, verirlər nənəyə ki, sən də danış. Nənə deyir:
-Bala, Covidin on doqquzunu neynirsən axı, birini-ikisini tutaydın da, yükün ağır olmazdı, vaxtında özünü evə çatdırardın.
Yaşmaq əhvalatı
Koronavirus vahiməsindən evdə qalıb hər gün fikrə dalan birisindən soruşurlar:
-Niyə dinib-danışmırsan?
Deyir, keçmişi araşdırıram.
Deyirlər, keçmişin nəyini araşdırırsan?
Deyir:
-Kütləvi xəstəliklərin keçmişdə az yayılmasının səbəbini araşdırıram. İndi başa düşürəm ki, arvadları niyə yaşmaqda gəzməyə məcbur edirmişlər?!
Lələgiryan
Biri götürüb maşınını satır, puluna yeyib-içir. Çatana da deyir, hamımız qırılacağıq, bizə yeyib-içmək qalacaq.
Bir ay keçir, kişinin pulu bitir, çəkilib evdə oturur, çölə-bayıra çıxmır. Soruşurlar, niyə bayıra çıxmırsan?
Deyir:
-Pulum yoxdu, maşını satdım yedim, dedim, Koronavirus tutub ölərəm, maşın ortalıqda qalar. İndi özüm qalmışam ortalıqda lələgiryan, Koronavirus köpək oğlu da gəlib çıxmır.
Koronavirusun qurbanları
İcra başçısı kənd icra nümayəndəsini, bələdiyyə sədrini və kənd feldşerini çağırıb danlayır ki, dünya Koronavirus pandemiyasından əziyyət çəkir, amma sizin kəndinizdə hələ heç kəs tənginəfəs olmayıb. Təcili beş-altı nəfəri Koronavirus xəstəsi kimi sənədləşdirib verin, mən də yuxarı hesabat hazırlayım.
Kəndin yekəbaşları danlaqdan nəticə çıxarırlar: kim öskürür, kim asqırır, kimin qızması qalxır, tutub rayon mərkəzi xəstəxanasına gətirirlər ki, bəs bunlar Koronavirus tutublar. Beləliklə, bir həftənin içində kəndin yarısını karantinə alırlar. Vəziyyət gərginləşir, İcra başçısını yuxarı çağırıb soruşurlar ki, o kənddə nə baş verir? İcra başçısı düz-əməlli cavab verə bilmir, kürəyinə bir töhmət yapışdırb rayona göndərirlər. İcra başçısı rayona çatan kimi həmin kəndin yekəbaşlarını bir yerə yığıb üstlərinə ağzından od püskürür:
-Köpək uşağı, mən sizə dedim, beş-altı nəfəri Koronavirusa yoluxdurun, day demədim, kəndi şikəst edin! Sizə görə mənə töhmət veriblər. İşdən azad olunursunuz!
Bələdiyyə sədri ürəklənib deyir:
-Başçı sağ olsun, axı siz dediniz, yığıb gətirin, biz də yığıb gətirdik. Məsləhətdisə, sağaldıb qaytaraq kəndə?!
İcra başçısı deyir:
-Xəstələr kəndə qayıdacaqlar, amma siz day yerinizə qaytarılmayacaqsınız.
Görüş
İrana alverə getmiş yarıyaş bir arvad koronavirus tutur, qayıdanda onu Cəlilabad rayon mərkəzi xəstəxanasına yerləşdirirlər. Əri arvadına dəyməyə gəlir, həkimlər görüşə icazə vermirlər. Kişi xəstəxananın qabağında yaxasını yırtır ki, mütləq arvadı ilə görüşməlidir. Həkimlər polis cağırırlar, kişini xəstəxananın həyətindən çıxardırlar. Kişi görür, bu vəziyyətdə istəyinə nail olmayacaq, başlayır həkimə yalvarmağa:
-Həkim, başına dönüm, qoy heç olmasa, əlim arvadın əlinə dəysin!
Həkim deyir:
-Olmaz, qardaş, buna imkan yarada bilmərəm, qanun icazə vermir, bir az gözlə, inşallah, o dünyada görüşərsən, nə qədər istəyirsən, arvadının əlini əlinə alarsan!
Sayıqlama
Kənddə birinin qızması qalxır, kənd həkimi mərkəzi xəstəxanaya bu barədə xəbər verir, gəlib kişini aparırlar. Xəstəxanada adam əlindən tərpənmək olmur, xəstələrlə birlikdə buraya ayaq açan qohumları bir hay-haray salırlar, gəl görəsən.
Kənddən gətirilən xəstəni təcrid otağına salırlar, qızdırma içində yanan xəstə başa düşür ki, vəziyyəti yaxşı deyil, deyəsən, koronavirusa yoluxub. Bu arada masqa taxmış baş həkim təzə xəstəyə baş çəkir və ondan soruşur:
-Hardansan, xəstə?
Xəstə fikirləşir ki, kəndinin adını desə, bütün ailəsini yığıb tökəcəklər palataya, vəziyyət çətinləşəcək. Zarıya-zarıya deyir:
-Belə getsə, heç yerdən, həkim!
Baş həkim xəstədən əl götürmür:
-Yaşadığın kəndin adını bilmirsən?
Xəstə görür, baş həkim ondan söz almaq istəyir, deyir:
-Həkim, görmürsən, qızdırmadan sayıqlayıram, mənim indi kənd adı yadıma düşür?!
Qırılanlar xaçpərəstlərdir
Xəbər yayılır ki, Amerikada, Fransada, İtaliyada koronavirusdan ölənlərin sayı çoxalıb, vəziyyət yaxşı deyil. Kənd mollası camaatı başına yığıb, bəyanat verir:
-Narahat olmayın, qırılanlar xaçpərəstlərdir. Görürsünüz, müsəlmanların yaşadığı Orta Asiyada bir də dənə də olsun, müsəlman bu adla xəstəxanaya düşməyib.
Kənd şuluqlarından birinin dili dinc durmur:
-Molla, deyirlər axı, onlar sünnilərdir, onda Allahın bəlası müsəlmanların içində təkcə sünninlərdən yan keçir?
Molla deyir:
-Narahat olmayın, Allah adildir, bütün müsəlmanları, elə şiələri də qoruyacaq.
Şuluq yenə dinc oturmur:
-Molla, şiələr də az qırılmayıb, İranda kifayət qədər ölən var, hamısı da şiədi. Açıq şəkildə de ki, bu bəla xaçpərəstlərlə şiələrə gəlib, niyə gizlədirsən?
Molla əsəbləşir:
-Sən niyə narahat olursan? Sən ki, nə xaçpərəstsən, nə də müsəlman!
Şah balası kimi
Bir arvad karantin dövründə məhlənin girişində qurulmuş postda polislərə ərinin adını, soyadını, maşınının nömrəsini verir, deyir ki, kişi hər gün SMS yazıb, harasa gedir, siz Allah, nəzarət eləyin, görüm o, bu iki saatda kiminlə olur?! Polis öz telefon nömrəsini arvada verir ki, ərin evdən çıxanda zəng elə, yadıma sal, ciddi yoxlayım.
Bir müddət keçir, arvadın əri öz maşınında yanında da fintiqfüruş bir qadınla gəlib postdan keçir. Polis üzünə masqa taxmış qadını göstərib kişidən soruşur:
-Bu qadın kimdi?
Kişi deyir:
-Arvadımdı, bazarlığa gedirik.
Kişini postdan buraxırlar. Çox çəkmir, arvad polisə zəng edib soruşur:
-Ərim evdən çıxıb, görün, hara gedir?!
Polis deyir:
-Bacı, bizi ələ salmısan? Özünü şah balası kimi dartıbsan, maşında ərinin yanında, özü də qabaqda oturubsan, mənə deyirsən, gör, ərim hara gedir?! Özün nəzarət elə də, bir halda ki, bir yerdəsiniz!
Polisin telefonu qulağında bomba kimi partlayır:
-Nəəə? Mənə elə bu lazım idi! İyirmi ildi, maşın alıb, bir dəfə də olsun, məni qabaqda oturtmayıb. Köpəyoğlu, həlbət evə gələr? Gör, onun başına nə oyun açacağam!
Dua
Bir qadın ərinin əl-ayağını evə yığa bilmir. Nə billah eləyir, ərini yola gətirə bilmir, axırda falçıya gedir, dərdini danışır. Falçı fal açıb, dua yazır, deyir, bu duanı ərin evdə olanda üzərliyin altında yandır, tüstüsünü də ərinə ver.
Arvad belə də edir, kişi elə bilir, arvadı onu gözdəymədən qorumaq üçün üzərlik tüstüsünə tutur. Bu əhvalatdan sonra Koronavirus hayı düşür, karantin rejimi başlayır, adamlara evdən çıxmaq qadağan olunur. Arvadın əri də evdə qalır. Bir müddət sonra arvad təzədən falçıya gedir, deyir:
-Ay canım, mən belə deməmişdim, bu duanın təsirini bir az azalt, elə et ki, kişi iki-üç gündən bir evə gəlsin, gündə-gündə iş olar, day mən yırtıldım, əldən düşdüm.
Falçı deyir:
-Duanın təsirini azalda bilmərəm, azaltsam, kişi əlindən çıxacaq, onun üstündə göz var!
Arvad deyir:
-Day deyinən, yıxıl ol də! Mən nə qələt elədim?!
Folklorsevərlərə xalq yaradıcılığı örnəklərindən bir neçə nümunə təqdim etdim. Hələ belə nümunələr yaranmaqdadır. Əgər vaxtında yazıya alınsa, folklorumuz bir qədər də zənginləşər. Sonda onu da deyim ki, tarixi hadisələri sözlü mədəniyyət örnəyi olaraq folklor qədər canlı şəkildə yaşadan ikinci bir mənbə yoxdur.
Bilal Alarlı HÜSEYNOV,
ADPU Cəlilabad Filialının müəllimi,
Naxçıvan Dövlət Universitetinin elmlər doktorluğu üzrə dissertantı,
filologiya üzrə fəlsəfə doktoru