Müstəqil.az mərhum şair Vaqif Hüseynovun şeirlərini təqdim edir:
***
Qolu bağli bir köləyəm zəmanənin hüzurunda,
Pəncəsində xışmalayır əjdaha tək dövran məni.
Həyat qəmli bir karvandır, addımlayir ağır-ağır,
Son mənzilə aparacaq qoşulduğum karvan məni.
Nə dostların vəfası var, nə qohumun etibarı,
Nə tapılar bir hal əhli, nə bir duyan insan məni.
Мən taqətsiz, düşmən güclü, əlində həm tüfəng vardır
Su qarşımda, özüm təşnə, fəqət orda nəhəng vardır.
Yoxsul-məzlum, varlı-zalım, aqil – xəcil, axmaq – müdrik,
Yaltaqların əllərində oyuncaqdır şahlar уеnə.
Hünərləri əsir etmiş hünərsizlər nə zamandır,
Ulduzları alişdirar alov saçan ahlar уеnə.
Dövran belə uzun sürməz, yüksəlişin enişi var –
Bu şahlığın sütunları təməlindən laxlar уеnə.
Qəfil yatma, bu çöllərdə, bu dağlarda pələng vardır,
Su qarşımda, özüm təşnə, fəqət orda nəhəng vardır.
İldırım tək şaqqıldayıb haray çəkmək istəyirəm,
Zəmanənin qıfılı var fəqət sözlü dodağımda.
Vətənimi çalıp-çapır bir göy gözlü sarı iblis,
Azad gəzə bilərəmmi əsir olan torpağımda?
Eldən-elə, dildən-dilə düşsün gərək bu haqq səsim,
Mən qoymaram dustaq olsun bu şeirim bu varağımda.
Dörd bir yanım zülmətsə də hər kəlməmdə fişəng vardır,
Su qarşımda, özüm təşnə, fəqət orda nəhəng vardır.
ŞAİR DƏ MÖCÜZƏ GÖSTƏRMƏLİDİR
Şeirə təpilibdir yuxu yozanlar,
Axı, söz sinədə boğulmur daha!
Odur ki, çoxalıb şeir yazanlar,
Fəqət əsil şair doğulmur daha!
Mən də istəmirəm boğulsun istək!
Mən də istəmirəm kilidlənsin dil!
Ancaq şairsənsə mözüzə göstər!
Onsuz peyğəmbər də peyğəmbər deyil!
Söz kimyagəri ki, olmadın, nə qəm!
Çalış hamı desin “o hal əhlidir”.
Elə mən özüm də şair deyiləm,
Şair bir möcüzə göstərməlidir!
Rüşvətxor, dələduz, quldur qonşunu
Şairin önündə çəkməyirsə diz,
Əvəz etməyirsə hər söz qurşunu,
Niyə şair deyək beləsinə biz?
Bir şeir yüz gözün yaşını silsə,
Təslim olsa xərçəng, sağalsa vərəm.
Dəli ağıllansa, kor görə bilsə,
Mən ona, mən ona şair deyərəm!
Tərifdən dəlilər məst olub şişər,
Tərif dəlisindən şairlik umma.
Dəlinin ardına uşaqlar düşər,
Baxıb köks ötürər böyüklər amma.
Nə vəzifə ara, nə şöhrət, nə taxt,
Ömür ki, tələsən səhər yelidir.
Unutma, unutma, unutma heç vaxt
Şair də möcüzə göstərməlidir.
Əfsun olmalıdır hər bir yazıda,
Sözün qüdrətiylə mum eylə daşı.
Sənin oturduğun qapı ağzı da,
Sayılsın məclisin yuxarı başı.
Söz üstə qurulub sanki kainat,
Söz ki, var – xilqəti dəyişməlidir!
Təpədən-dırnağa döyüşdü həyat,
Şeir də, şair də döyüşməlidir.
Ötsün şeirin nuru, günəşi, ayı
Bədxahlar bu nurdan kor olmalıdır.
Şair pıçıltısı tufan harayı,
Göy gurultusundan zor olmalıdır.
Mayaq tək alışıb-sönsün gərək o,
Hər şeirin yolunda yana, can qoya.
Odlana-odlana dönsün gərək o
Gündüz Diogenə, gecə Dankoya.
Firon ədasında şair var hələ,
Sanır ki, dünyanın qəlbi, beynidir.
Sədəqə istəyən dilənçi ilə
Hörmət arzulayan şair eynidir.
Dünya kef-damaqdan ibarət deyil,
Şeiri əyləncəyə çevirmə, qardaş!
Gözəllər önündə az en, az əyil,
Şairlik taxtını devirmə, qardaş!
Qəribə şairlər tapılıbdılar:
Bu dəlidolusu, bu dəlisovu,
Elə bil şərabdan yapılıbdılar;
Şeirində üz qarsır araq alovu.
Nizami ən uca, ən ulu dağım,
Zaman, tifaqına daş atmayıbdır.
Dəlisov şairi ağıllı xalqın
Yarımca əsr də yaşatmayıbdır.
Xalqa enməlidir ən böyük sənət
Şair xalqı üçün kiçilməlidir.
Sadəlik, ləyaqət, mərdlik, dəyanət,
Şairin boynuna biçilməlidir.
Yaşa öz ömrünü bir insan kimi,
İnsan cərgəsinə qoyul, şairim!
Əgər lazımdırsa Nəsimi kimi
Məsləkin uğrunda soyul şairim!
Nə vəzifə ara, nə şöhrət, nə taxt,
Ömür ki, tələsən səhər yelidir.
Unutma, unutma, unutma heç vaxt
Şair də möcüzə göstərməlidir.
KARVAN TƏLƏSİR
Hardasan indi, gülüm, verdiyin vədə keçdi,
Tez ol karvan tələsir, karvan dayanmayacaq.
Tez gəl…eşqin camını çoxları aldı, içdi,
Bir sən qalmısan ancaq, bir mən qalmışam ancaq.
Gənclik də bir həvəsdir, sönəcək bu həvəs də,
Demə həvəsdir bəsdir, nə görmüşük axı biz.
Sənin sorağındayam, göz yolda, könül səsdə,
Hicranmı təslim olsun, yoxsa mənmi çöküm diz.
Qapımın kandarından gəlib keçir yolçular,
Keçirlər saymazyana, nə döyən var, nə açan.
Bu, dünyadır, gözəlim, düşmən görüb əl çalar,
Səbrim yollar yorğunu gələcəkən, bəs haçan.
Hasardır bağçamız, hər tərəf kölgə-kölgə,
Yuxu kimi qəlbimi kölgələr açdı yaydı.
Dünyanın o başında görərdim səni bəlkə,
Çəpərlər olmasaydı, hasarlar olmasaydı.
Gəl qara saçlarıma dağ yolu tək dən düşür,
Gəl bu karvan tələsir, gəl cavanlıq ötüşür.
BİR QIZ YATIR
Bir qız yatır on dörd, on beş yaşında,
Sinəsindən yorğan bir az sürüşüb.
Bir qız yatır dünyanın o başında,
Bu başında ürəyimə od düşüb.
Dodaqları uzanıbdır öpüşə,
Çöhrəsində ağ yuxunun işığı.
Gündü bənzər bir narahat çəpişə,
Axşam sızlar ayağının aşığı.
Dünya hələ belə gözəl görməyib,
Ürək çətin bu əzaba qatlana.
Yanağını döyəcləyən kirpiyi,
Qorxuram ki, alovlana, odlana.
Bir qız yatır, uçub gedir dincliyim,
Bir qız yatır…yaşıdları oyanıb.
Bu dünyanın o başında gəncliyim,
Bu başında qocalığım dayanıb.
Vaqif Hüseynov
Müstəqil.Az