Müstəqil.Az ABŞ-da yaşayan kamança ifaçısı İmamyar Həsənovun müsahibəsini təqdim edir.
– İmamyar bəy, nə vaxtdan bu sənətlə məşğulsunuz? Ustadlarınız kim olub?
– 10 yaşımdan kamança ixtisası üzrə musiqi məktəbinə qəbul olunmuşam. O vaxtdan bu günə qədər bu sənəti öyrənməkdə davam edirəm. Şəxsən dərs aldığım ustadlardan Hamil Aslanov, Mütəllim Novruzov, Arif Əsədullayev və Ağacəbrayıl Abasəliyev, Habil Əliyev və Ədalət Vəzirovu nümunə göstərə bilərəm.
– Niyə ABŞ-a köçdünüz?
– ABŞ-a köçməyimə, həyat yoldaşıma hər il bu ölkədə keçirilən “Yaşıl Kart” lotereyasında uduşun düşməsi səbəb oldu. Mən əvvəllər də ABŞ-da səfərdə olmuşdum və “Bu ölkədə olsaydım, nələr edə bilərdim?” kimi sual məni hər zaman düşündürüb. Sonralar bura gəlməyim qismətim oldu. Yuxarıda, özümə verdiyim sual, şükürlər olsun ki, cavabını tapır və bu yolda işlərimi davam etdirirəm.
– Sizin fərqli ifanız birmənalı qarşılanmır. O mənada ki, siz klassik yoldan fərqli, çərçivələrdən kənar ifanızla seçilirsiniz. İfadan qabaq mütləq fərqli ifa haqqında düşünürsünüz, yoxsa sadəcə belə alınır?
– Tamaşaçı və dinləyicilərin fərqli baxışları olduqları üçün ifamın birmənalı qarşılanmamağına təbii baxıram. Tamaşaçı və dinləyicilərin fikrincə, çərçivədən kənar, klassik yoldan fərqli çalğım yaradıcılığımdan irəli gəlir. Bu, milli musiqimizə əsaslanıb. Mənim çalğım onu dünya səhnələrindən başqa xalqlara təqdim etməkdir. Onu da qeyd edim ki, çərçivə və klassik çalğı yolu deyiləndə, dərsliklərdə olan və yalnız müəllimlərdən öyrənilən, yenilik və əlavələr edilməyən çalğı yolu nəzərdə tutulur. İfa edəcəyim bir musiqi parçası ürəyimə yatmasa, onu içimdə oxuya bilməsəm, bu musiqi parçasını ifa etmərəm. Bu səbəbdəndir ki, ifa etdiyim musiqi parçaları, çərçivə və klassik yoldan fərqli olaraq, özümə məxsus ifa kimi alınır.
– Müsahibələrinizdən birində Bakıda konsert verməyi planlaşdırdığınızı demişdiniz. Amma hələ bu istəyiniz gerçəkləşməyib. İstərdik bunun səbəbləri barədə danışasınız.
– Çox yaxşı sualdır, bunun səbəbini mən də bilmirəm. Bu sualı Mədəniyyət Nazirliyinə verəsiniz, orada məni çox yaxşı tanıyırlar. Dünyanın bir çox ölkəsində konsertlərim olur, Vətənimdə də olmasını istərdim.
– ABŞ-da kamança sənətinə maraq hansı səviyyədədir? Orada yaşayan azərbaycanlılar konsertlərinizdə aktiv iştirak edirlərmi?
– ABŞ-da 320 milyon insan yaşayır və burada dünyanın hər millətindən var. Bu insanlar öz milli adət-ənənələrinə sadiq qalaraq, onları təbliğ edirlər. Mən 16 il öncə ABŞ-a gələndə ilk ifalarımdan sonra mənə verilən suallardan anladım ki, Azərbaycan kamançasını burada tanımırlar. Bu alətin fars və erməni xalqlarına məxsus olduğunu düşünürdülər. Çünki onlar bu aləti burada yaxşı təbliğ ediblər. İllər ötdükcə Azərbaycan milli və klassik musiqisini Amerikada, dünya və folklor festivallarında, solo və ya başqa xalqların musiqiçiləri ilə sintez etməklə tanıtmağa çalışdım. Universitet və orta məktəblərdə mütəmadi olaraq dərslər və ustad dərslər (master class) verdim. Hazırda başqa xalqların nümayəndələri yuxarıda göstərdiyim ölkələrin sırasında Azərbaycan kamançasını da tanıyırlar. Mən ABŞ-ın bir neçə ştatında yaşamışam və hər yerdə, nəinki Şimali və Cənubi azərbaycanlılardan, hətta türkiyəli soydaşlarımızdan da hər zaman dəstək görmüşəm. Fürsətdən istifadə edib, onlara öz minnətdarlığımı bildirirəm.
– Bizim kamançanın digər Şərq ölkələrindəki kamançayla fərqi varmı?
– Bəli, fərqlər var. Bu fərqlər, əsasən kamançanın qolunun uzunluğunda, çanağının böyüklüyündə, çanağa çəkilən dəri və əsasən də səs tembirində olan fərqlərdir.
– Azərbaycandakı kamança ifaçılarından kimlər ruhunuza yaxındır, kimlərin ifasını daha çox bəyənirsiniz?
– Çox sevindirici haldır ki, bu gün Azərbaycanda yeni nəsil kamança ifaçıları yetişir. Kimlərin ifasını daha çox bəyənirəm deyib ad çəkməklə sənət yoldaşlarımın bu fikrimi yanlış anlamalarını istəməzdim. Sualınızın birinci hissəsinə cavab olaraq deyim ki, ruhu mənə yaxın olan kamança ifaçıları hələ yoxdur. Amma başqa alətlərin ifaçıları var.
– Sizin ifa etdiyiniz “Laçın”ı sənətinizin zirvəsi hesab edənlərin sayı həddindən artıq çoxdur. Siz necə düşünürsünüz?
– Əlbəttə ki, mən fərqli düşünürəm və zənnimcə, bu belə də olmalıdır. Əgər Yutubdakı videolarıma nəzər salsanız görərsiniz ki, “Laçın” və “Ay işığında” mahnılarının hər birinin ifasına milyondan çox baxış olub. Bu mahnıların ikisi də mənə çox uğur gətirib. Ancaq mən düşünmürəm ki, bunlar mənim sənətimin zirvəsidir. Hələ sənət yaradıcılığım, inkişafım davam edir. Bu haqda çox fikrilərim və arzularım var. Ümid edirəm ki, tamaşaçı və dinləyicilərimi yeni-yeni ifalarımla hələ çox sevindirə biləcəyəm.
Ömər XƏYYAM