Bu gün Xalq artisti Süleyman ƏLəsgərovun anım günüdür. Kulis.az bu münasibətlə aktyor haqqında maraqlı faktları təqdim edir.
Süleyman Ağababa oğlu Ələsgərov 20 iyun 1915-ci ildə Bakıda doğulub. Yeddiillik təhsilini başa vuraraq Maliyyə Texnikumuna daxil olub. Orada üç il oxuyub və iqtisadçı diplomu alandan sonra Azərbaycan Dövlət Tibb İnstitutuna imtahan verib qəbul olunub və üç il də orada oxuyub.
Günlərin birində gələcəyin Xalq artisti Əliağa Ağayevlə rastlaşması onu həkimlik sənətindən həmişəlik uzaqlaşdırıb, aktyorluq sənətinə gətirir. Süleyman Ələsgərov xatirələrində bu haqda deyir: “Bəlkə də səbəbkar rəhmətlik Əliağadır. 1928-ci iliydi. Dağıstanda pioner düşərgəsindəydik. Bizi cərgəyə düzmüşdülər, mən onuncuydum. Qayda beləydi: hər kəs sırada neçənci olduğunu yüksəkdən deməliydi. Növbə mənə çatanda “desyat” dedim. Məndən sonra dayanan oğlansa “odinnadsat” əvəzinə “desyat odin” dedi. Hamı gülüşdü. Nəzarətçi ona neçə dəfə “odinadsat” sözünü təkrar elətdirsə də, oğlan tutduğundan əl çəkmədi. Onun qəribəliyi ürəyimə yatdı. Həmin gündən dostlaşdım onunla. O oğlan Əliağa Ağayeviydi. Sonra uzun müddət görüşə bilmədik. Tibb Universitetində oxuyurdum. Bir gün təsadüfən rastlaşdıq, hal-əhval tutduq. Dedi, nə əcəb həkim olmaq sevdasına düşmüsən, sən ki kinoyla, teatrla maraqlanan adamıydın? Dedim, nə bilim, qismətdi də… Özü də çilingər işləyirmiş. Birdən qayıtdı ki, bəlkə, gündüzlər oxuyub, gecələr dərnəyə gələsən? Dənizçilərin klubundakı dərnəyi deyirdi. Söz verdim ki, gələcəm. Elə o vaxtdan başladım dərnəyə gedib-gəlməyə. Əliağa özü də gedirdi. Bizimlə rejissor İbrahim Rəhimli məşğul olurdu. Bir müddət sonra bizə rollar verdi. Düz üç il təbliğat- təşviqat briqadasında işlədik, dənizçilərin qarşısında çıxış elədik. Belə-belə dərsdən soyudum, həkim olmaq fikrini birdəfəlik başımdan atdım. Briqadada işləmək mənə əl verirdi. Fərli-başlı pul almasam da, yeyib-içməyim oranın hesabınaydı. Yetim oğlandım, mənə bu da bəsiydi. Sonra bu sənətin aşiqi oldum”.
1936-cı ilin martın 9-u Süleyman Ələsgərov müsabiqə yolu ilə Gənc Tamaşaçılar Teatrına gedir. Bu teatrın səhnəsində fasiləsiz olaraq 63 il səhnəyə çıxır.
***
Aktyor iki dəfə ailə qurub. İlk dəfə tanış olub evləndiyi qadından bir qızı olub. Lakin, qısa müddət keçəndən sonra onlar ayrılıblar. Ayrıldığı xanım isə gənc yaşlarında dünyasını dəyişib. Aktyorun qızını anası saxlayıb. Növbəti evliliyi isə bacısının rəfiqəsi ilə olub. Hər gün bacısı ilə tamaşalara gəlib baxan Leyla adlı qız aktyorun könlünə yatır. Ancaq qızın atası “mən qızımı aktyora vermərəm” deyib, elçilərə əliboş qaytarır. Qızının “həri”sini isə növbəti elçilərə verir. Leyla xanım anasının köməyi ilə Süleymana qoşulub qaçır. Bir müddət sonra Leylanın atası onların evlənməsinə razı olur. Süleyman Ələsgərov ömrünün sonuna kimi qaynatasının ən sevimli adamına çevrilir, ona oğulluq edir.
Süleyman Ələsgərov “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bir neçə filmlərdə çox kiçik epizodlara çəkilib. Onun ən populyar və iri həcmli ekran obrazı “Bizim Cəbiş müəllim” filmində əsas qəhrəman olan Cəbiş müəllimdir. Aktyor bu rolda özünü ifa edir. Belə ki, o, həyatda da Cəbiş müəllim kimi sakit, sadə insan olub. Bu obraz Süleyman Ələsgərova çox böyük məşhurluq gətirir. Adamlar onu küçədə görəndə “Cəbiş müəllim” deyib qışqırırlar. Aktyor isə bundan əsəbiləşib deyirmiş ki, axı mən öz adım var. Öz adımla çağırın.
***
Aktyorun sözlərinə görə, filmin rejissoru Həsən Seyidbəyli film tam hazır olana qədər onun ifasında razı deyilmiş. Süleyman Ələsgərov müsahibələrinin birində bu haqda deyir: “Bir dəfə də olsun, demirdi ki, xoşum gələn oynayırsan. Film hazır olandan sonra sakitcə oturub baxdı, sonra dedi, əhsən, qiyamətsən! Bu sözdən sonra mənim canım da rahatlandı. Sonra camaat da tərifləməyə başladı. 1970-ci ildəsə bu obrazım Minskdə keçirilən festivalın qalibi oldu”.
Aktyorun qızı Sevil Əhədovanın sözlərinə görə, anası olduqca qısqanc və hökmlü qadın olub. “Bizim Cəbiş müəllim” filmində Süleyman Ələsgərovla Şəfiqə Məmmədova yataq səhnəsinə çəkilməli idilər. Aktyorun xanımı bunu biləndə bərk əsəbiləşir. Ya həmin səhnənin dəyişdirilməsini, ya da həmin səhnəyə çəkilməməsini tələb edir. Aktyor filmin rejissoruna bunu deyə bilmir, ancaq izah edir ki, bir müəllimin yataq səhnəsində görünməsi filmin ötürəcəyi mesaja xələl gətirə bilər. O, istədiyinə nail olur. Həmin səhnə çəkilmir.
***
Filmdə Süleyman Ələsgərov üzünü qırxan zaman arxadan Şəfiqə Məmmədovanın onu qucaqlaması da aktyorun xanımının xoşuna gəlməyib. O, buna etiraz edərək deyib: “Bu səhnəni başqası ilə əvəz etmək olmazdı?”
***
1985-ci ildə aktyorun çox sevdiyi xanımı infarkt keçirir. Aktyor beş il həyat yoldaşını xəstəxanalarda gəzdirir. Günlərin birində onlar ailəvi bir toy məclisinə gedirlər. Onlar toyda rəqs etdikləri yerdə Süleyman Ələsgərovun xanımının qəfildən vəziyyəti pisləşir və aktyorun qolları üzərində dünyasını dəyişir. Bu gözlənilməz hadisə aktyora böyük zərbə olur. Onu saatlarla sevdiyi qadının cansız bədənindən ayıra bilmirlər.
Həmin hadisədən sonra aktyor böyük depressiya yaşayır, özünə qapanır, heç kimlə kəlmə kəsmir. Xanımının şəklini böyüdüb evin divarından asır. Bəzən saatlarla şəkillə üz-üzə oturub söhbət edir. Şəklə baxaraq pianinoda xanımının sevdiyi mahnıları ifa edir. Sonralar aktyora yaşda ondan xeyli balaca olan xanımlar yaxınlaşır, onunla münasibət qurmaq istəyirlər. Lakin bu təkliflərin hamısını rədd edir. Onu yenidən həyata qaytaran yeni doğulan qız nəvəsi olur. Aktyor nəvəsinə Leyla adını verir. Yaxınlarına deyir ki, mənə elə gəlir, Leyla geri qayıtdı.
***
1998-ci ilin dekabr ayında o, xəstələnib yatağa düşür. Ölümünə bir gün qalmış dekabrın 9-u saat 9-un yarısında qızını yanına çağırıb deyir. Ananı niyə qapıda saxlamısan, burax, gəlsin içəri. Mənim vaxtıma hələ var. Saat 6-ya 20 dəqiqə işləmiş gedəcəm. Gecəni narahat yatan Süleyman Ələsgərov dekabrın 10-da səhər saat 6-ya 20 dəqiqə işləmiş dünyasını dəyişir.