Həyat yoldaşını və qızını ağac parçası və əziyyətlə döyüb öldürən atanın məhkəməsi…

Gəncə Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla həyat yoldaşını və körpə qızını qətlə yetirən Ələkbərov Raqif Əliş oğlunun cinayət işi üzrə məhkəməsi başlayıb.

“Reort”un Qərb bürosunun məlumatına görə, keçirilən məhkəmə prosesində qeyd edilib ki, Ələkbərov Raqif Əliş oğlu, ötən il iyunun 20-də axşam yaşadığı Daşkəsən rayonunun Şahvələdli kəndindəki evində spirtli içki qəbul edərək sərxoş vəziyyətə düşdükdən sonra bir il əvvəl evlənərək faktiki ər-arvad münasibətində olduğu və birlikdə yaşadığı Məmmədova Kamilə Daşdəmir qızı ilə mübahisə edib.

Mübahisə qadının əvvəllər baş vermiş ailə münaqişəsi ilə əlaqədar ondan müvafiq orqanlara şikayət etməsi və kişinin inzibati qaydada 500 manat məbləğində cərimə olunması səbəbindən baş verib. Bu zaman R.Ələkbərov etdiyi hərəkətlərinə görə ondan qisas almaq üçün K.Məmmədovanı və yeni doğulmuş qızını öldürmək qərarına gəlib.

O, bu məqsədlə əvvəlcə yaşadıqları evin həyətində qadının baş və təpə nahiyələrindən qəsdən yumruqla çoxlu sayda zərbələr endirib. Hadisə K.Məmmədovanın birinci nikahdan doğulmuş azyaşlı qızı Məmmədova Fatimə Seymur qızının gözü qarşısında baş verib. Ardınca o, evdən götürdüyü dəmir zənciri qadının boğazına keçirərək it bağlamaq üçün nəzərdə tutulmuş qalın məftilə bağlayıb. K.Məmmədova bir müddət torpağa uzanılı vəziyyətdə qalıb. Bununla kifayətlənməyən kişi yumruqla onun başından vura-vura evə gətirib. Sonra otaqdakı odun peçinin qarşısında olan ağac parçası ilə K.Məmmədovanı qucaqladığı 35 günlük körpəsi Ələkbərova Dilqəm Raqif qızı ilə birlikdə döyüb. Bədənin müxtəlif nahiyələri, o cümlədən başından xəsarət alan qadın və körpəsi dünyasını dəyişib. Cani onların öldüklərinə əmin olduqdan sonra isə hadisə yerini tərk edərək qaçıb.

Bununla Ələkbərov Raqif Əliş oğluna qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələrində nəzərdə tutulan cinayət əməlləri ilə ittiham irəli sürülüb.

Məhkəmə prosesi davam etdiriləcək.

Share: