Müstəqil.Az Rəvan Cavidin “Ölür yaxşılar” adlı yazısını təqdim edir.
Ölüm yeganə təkzib oluna bilməyən həqiqətdir. Bütün nəsnələrin xislətində yalan payı var, bütün nəsnələr bir gün doğruluq payını itirə bilir. Ən böyük məvhum olan azadlıq belə gün gəlir köləliyin ən böyük simvoluna çevrilir. Ölüm isə Süleymanın dünyasından da əbədidir. Fani olmayan hər şey ondan sonra başlayır. Müsəlmanların müqəddəs kitabında deyildiyi kimi: “Bir gün hamı onu dadacaq!”
Onuncu sinifdə oxuyanda hər gün beş dəfə namaz qılırdım. Namaz vaxtı yaxınlaşanda hazırlıqlarımı belə yarımçıq qoyub qaçırdım məscidə. Alnım səcdədə özümü dünyanın ən xoşbəxt insanı hiss edirdim. Allahdan qorxurdum. Elə bilirdim, namazımı bircə dəqiqə gec qılsam, min ilin günahı yazılacaq əməl dəftərimə.
Elə o illərdə rayonumuzda şadlıq evi statusu daşıyan yeganə binanın altındakı internet kluba da gedirdim. Yaşıdlarım kompüter oyunları oynayanda, meyxanalara qulaq asanda, mən Bakıda gedən proseslərə baxırdım. Ədəbiyyat mühazirələrinə qulaq asırdım. Din alimlərinin çıxışlarını izləyirdim. Hacı Şahin adını o vaxt eşitmişdim. Düşünürdüm ki, məni bu dünyada ən yaxşı o anlaya bilər. Ərgənliyin gətirdiyi vecsizlik, “məni heç kim anlamır” havaları bu adamın moizələrinə qulaq asdıqca əriyib yoxa çıxırdı.
Sonra bir az da oxudum, bir az da çox suallar verdim. Və bir gün anladım ki, alnım səcdə üçün darıxsa da, qəlbim Allah üçün darıxmır. Beləcə, yavaş-yavaş içimdəki iman da, inam da əriyib yoxa çıxdı. O vaxtdan bu yana içimdə daim bitib-tükənməyən bir yarımçıqlıq var. Özümə belə etiraf etməyə qorxduğum yarımçıqlıq. Ən yaxın dostlarımın yanında hələ də mərsiyəyə qulaq asanda gözlərimin dolmasına icazə verirəm. Bir sözlə, özümə bu mövzuda həmişə yalan danışmaqla məşğulam. Hacı Şahinin ölümü o yalanı yenə yadıma saldı və yenə alnım səcdə üçün çox darıxdı.
Mənim üçün din elə namaz qıldığım vaxtlarda bəyaz bir bayraq idi. Düşünürdüm ki, harda bir müharibə olsa, harda qan tökülsə, din öz bəyaz qanadlarını açıb o bəlanı dayandıracaq. Sonralar dini məzhəblərin müharibələrini gördükcə, yanıldığımı düşündüm. İnsanlar dini yanlış anlamışdılar. Biz Allahı tanıya bilməmişdik. Hər kəs öz mənfəəti üçün istifadə etdi dindən. Həm də yüz illərdir bu belədir.
Hacı Şahinə ona görə böyük hörmətim yaranmışdı ki, o, dini cəmiyyətə öz xasiyyətləri ilə təqdim edirdi. Dini olduğu kimi təbliğ edirdi. Düşüncə, ideya ayrıseçkiliyi etmədən hamıya o ağ göyərçinin qanadlarını göstərirdi. Din və cəmiyyət arasında körpü rolunu oynayırdı. Bu gün Azərbaycan cəmiyyətində tolerant dini təfəkkür yaranıbsa, bunu Hacı Şahinə borcludurlar.
Dünən onun ölüm xəbəri hamıya bir sual verdi: İndi onun elədiklərini kim edəcək? O körpü kim olacaq?
Dəfn mərasimindən şəkillərə, videolara baxanda fikirləşirdim ki, Hacı Şahin bu qədər sevgini necə qazanmışdısa, son mənzilə uğurlanana qədər də qoruya bilmişdi. Bu qədər fərqli düşüncəyə sahib, bu qədər rəngli bir kütlənin qəlbində özünə yer eləmək yəqin ki, elə rəhmətdir.
Onun dəfninə toplaşan insanları tənqid edib, demokratiyanın bayrağını əllərində yelləyib cəmiyyəti cahil adlandıran şəxslər də var. Demokratiya elə Hacı Şahinin düşüncəsində, tolerantlığında idi. Və cahillik sevgini başa düşməməkdən başlayır. Əminəm ki, hər kəs onun kimi ölmək istəyərdi.
2020-nin iyun ayı idi. Təzə kitabım çap olunmuşdu. 2018-də yazdığım bir şeir əməlli-başlı səs-küy yaratmışdı. Dindarlar hər gün məni ölümlə təhdid edirdi. Posterlər hazırlayıb paylaşırdılar ki, bu adam ölümə layiqdir. Qorxurdum. Özümdən daha çox şeiri qiraət edən aktrisanın taleyindən nigaran idim. Həmin vaxtlar əvvəlcə yazar dostlar şeirə münasibət bildirərək yazılar yazdı. Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müavini status yazdı. Getdikcə dindarlar əllərini məndən çəkdilər, qaldırdıqları yumruqları aşağı saldılar. Həmin vaxtlar mənə dedilər ki, Hacı Şahin də oxuyub o şeiri və deyib ki, bundan yana bir qələm adamına belə münasibət sərgiləmək doğru deyil. Mənim üçün Hacı Şahin adı bölücü, mühakimə edən bir dindar təəssüratından daha çox, daim cəmiyyətdə körpü rolunu oynayan biri təəssüratını yaratdı. Mən onu belə xatırlayacam. İşıqlı adamlardan birini də itirdik. Cəmiyyətin işığa atdığı körpülərdən biri də sındı. Ölür yaxşılar, pislər çoxalır.
Kulis.az