Hacı Tahirin oğlu barəsində cinayət işi başlandı

Hacı Tahirin oğlu barəsində cinayət işi başlandı

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, “Təzə Pir” məscidində imamın müavini işləyən Hacı Tahirin (Tahir Şahmarov) oğlu Hüseynağa Şahmarov barəsində cinayət işi başlanıb.

“Qafqazinfo”nun məlumatına görə, ona qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 311 (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda H.Şahmarov barəsində ittiham aktı elan olunub. Məhkəmədə məlum olub ki, H.Şahmarov gömrük brokeri kimi fəaliyyət göstərib. O, Məkkədə Həcc ziyarətində olarkən tanış olduğu Ceyhun adlı şəxsdən 4 min manat pul alıb. Belə ki, o Bakı Baş Gömrük İdarəsində Ceyhuna məxsus 3 TIR mal olduğunu və idarədən buraxılmadığını öyrənib. O, Ceyhuna həmin malları gömrük yoxlanışından sürətli şəkildə keçirəcəyinə dair vəd verib. Orada çalışan Dövlət Vergi Xidmətinin əməkdaşları ilə şəxsi tanışlıqları sayəsində 2 maşın malı ərazidən buraxdırıb. Üçüncü maşında riskli mallar olduğu üçün idarədən buraxılmayıb. Bu Ceyhun etiraz edərək, mallarının buraxılmağı üçün pul verdiyini deyib. Bundan sonra işin üstü açılıb və Ceyhun H.Şahmarova hər maşına görə 2 min manat pul verdiyini bildirib.

Məhkəmədə ifadə verən Hacı Talehin oğlu pulu rüşvət qismində almadığını deyib: “Mən 8 dəfə Məkkədə olmuşam, haram pul yeyən deyiləm. Mən orda Vergidə müavin işləyən Cavid müəllimi tanıyırdım. Broker kimi orada Cavid müəllimlə ünsiyyətimiz çox olurdu. Ondan xahiş elədim ki, Ceyhunun mallarını buraxsınlar. Ceyhun da pulu özü mənə verdi ki, əziyyət çəkmisən. Sonra da pulu özünə qaytarmışam”.

Məhkəmə istintaqı davam edir.

Amin Nəzərli


Share: