Hadi yaradıcılığı barədə yeni tədqiqat
Fikrim yaşayır məniyi-ranalər içində,
Ruhum uçuyor cənnəti-ülyalər içinde.
“Lal ol, demə, qanma, gözünü kur elə” derlər,
Gözlü nasıl ömr eyləsin əmalər içində?!
…İmzasmı qoymuş miləl övraqi-həyatə,
Yox millətimin xətti bu imzalər içində!
“Qumu…” səsi iyqaz edir əbnayi-cəhani,
Millət hələ xabidə bu zövzalər içində…
Məhəmməd HADİ.
Hər şairin, yazıçının onu oxucusunun yaddaşında yaşadan misraları , sözləri olur. Məhəmməd Hadi də Azərbaycan xalqının ədəbi yaddaşına bu misraları ilə əbədi həkk olunub. “Yox millətimin xətti bu imzalar içində!” deyən , bu amalla yaşayıb yaradan, dünyadan köç edən millət fədaisinin bu arzusu sağlığında reallaşmasa da, M.Hadinin xatirəsi qədirbilən xalqımız, dövlətimiz tərəfindən daima uca tutulur,anılır, sevilir.
“Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” bu diqqət və qayğının bir daha təzahürüdür. Məhz bu Sərəncamdan irəli gələn yubiley tədbirlərinin icrası olaraq bu yaxınlarda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,mütəfəkkir şair və publisist Məhəmməd Hadinin əsərləri yenidən II cilddə , nəfis tərtibatda nəşr edilərək oxucuların ixtiyarına verilib.
AMEA-nin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitu tərəfindən nəşrə hazırlanmış toplunun I cildinə ədibin şeirləri, poemaları, tərcümələri, II cildinə publisistik yazıları, nəsr əsərləri,elmi-tənqidi məqalələri,iqtibas və tərcümələri daxil edilib.
Yubiley nəşrlərinin sırasına filologiya elmləri doktoru, professor İslam Qəriblinin bu yaxınlarda çapdan çıxmış yeni monoqrafiyası da daxildir.Monoqrafiya XX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixinin görkəmli nümayəndələrindən biri, milli Azərbaycan romantizminin yaradıcılarından olan Məhəmməd Hadinin həyat və yaradıcılıq yolunun tədqiqinə həsr olunub.
Tədqiqatda M.Hadinin ömür yolu,1905-1920-ci illərdəki Azərbaycan və Türkiyə dövri mətbuatı ilə əlaqələri, “Həyat” qəzetindən başlayaraq “Azərbaycan” qəzetinə qədər müxtəlif təmayüllü iyirmidən yuxarı mətbuat orqanında , sağlığında və ölümündən sonra kitablarında çıxan 400-dən yuxarı bədii ,elmi, publisistik və tərcümə əsərləri sistemli şəkildə araşdırılaraq onların elmi-filoloji təhlili aparılır.Geniş oxucu kütləsinin əsasən şair kimi tanıdığı M.Hadi yaradıcılığından yeni monoqrafiyada həm də nasir, alim,publisist,tərcüməçi kimi bəhs olunur,əsərlərinin mövzu, forma,məzmun,ideya və sənətkarlıq məsələləri ətraflı şəkildə şərh olunur.
Xatırladaq ki, professor İslam Qəribli “M.Hadinin “İnsanların tarixi faciələri , yaxud əlvahi-intibah” poeması” mövzusunda namizədlik (1990) “M.Hadinin ədəbi-bədii irsi AZərbaycan dövri mətbuatında (1905-1920)” (2013) mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Professor İslam Qəribli həm də M.Hadinin yeni çapdan çıxmış II cildlik “Seçilmiş əsərləri” nin də tərtibatçısı, məsul redaktoru, toplayanı, ərəb qrafikasından transliterasiya edib çapa hazırlayanı, şərhlərin müəllifidir.
Esmira İsmayılova
Müstəqil.Az