Bu gün İsti su içdim… Kəlbəcərin “İsti su”yundan…
Yarım litrlik şüşə qabda pay göndərilən bu Su o qədər dəyərli, o qədər qiymətliydi, ifadə etməyə söz tapmıram.
Beş yerə böldük. Uşaqlar elə həvəslə içdilər ki!
Leyla gözləri işıq saça-saça bacısına və qardaşına xəbər verdi ki, bu su Kəlbəcərdən gətirilib.
Heyrətlə izlədim onları. Siz haradan tanıyırsınız Kəlbəcəri?! Siz nə bilirsiz Şuşa nədir, Laçın nədir?!
Necə qəribə suallar verir uşaqlar:
“Kəlbəcərə nə vaxt gedə biləcəyik?”
“Şuşanı nə vaxt görəcəyik?”
“Əsgərlərimiz də “İsti su” içirmi?..”
Qəribə və ilgincdir. Bizim itirilmiş uşaqlığımız uşaqlarımıza ərməğan olunur. Mistikadır sanki. Xoşbəxtlik! Sevinc, fərəh, qürur… bəlkəsiz, qeyd-şərtsiz elə budur!
Biz bu gözəl hissləri yaşamaq üçün düz 30 il gözlədik. Nəhayət, 2020-ci ilin bu möhtəşəm günlərini yaşamaq nəsibimiz oldu. Müharibə bütün hallarda dəhşətlidir, qan-qadadır, ölüm-itimdir. Amma sən işə bax ki, biz müharibənin başlamasından qorxmadıq, bitməsindən qorxduq. Düz 44 gün gizli səksəkə və qorxu içində Qələbə xəbərlərini izlədik. Bir gözümüz ağladı, bir gözümüz güldü. Dünyanın ən şərəfli, ən qürurlu insanları olduq. Qalib olduq. İşğalda olan torpaqlarımızın böyük bir hissəsinə hazırda Ordumuz birbaşa nəzarət edir: yarısını döyüşlə aldı, yarısına döyüşdə qazandığı qələbə dalğası ilə girdi. Ordumuzun hələlik ayağı dəyməyən torpaqlarımıza isə Qalib Ordunun diplomatları addım-addım qədəm qoyur.
Bunları qələmə almaq o qədər gözəldir ki!
Qalib bir toplumun nümayəndəsi olmaq o qədər gözəldir ki!
44 günlük müharibədə ölümdən qorxmurduq. Amma indi adam “ucuz ölümdən” qorxur, lap açıq desək, məhz koronavirusdan: narahat olursan ki, bu torpaq uğrunda şəhid ola bilmədim, şahiddəmi olmayım?
Yox, bu ərəfədə ölmək olmaz, yaşamaq gərəkdir;
Acı çəkdiyimiz 30 boz ilin acığına yaşamaq, uzun ömür yaşamaq, Qarabağda yaşamaq, qarabağlı olmaq, Qarabağ üçün çalışmaq, işləmək, Şəhidlərin arzularını göyərtmək gərəkdir!
Ağaclar əkməliyik o torpaqlarda, çiçəklər becərməliyik, evlər tikməliyik…
Ev-ev, yuva-yuva Sevgi dağıtmalıyıq…
Paylaşmalıyıq, bölüşməliyik…
Çox ehtiyacımız var bunlara. Əşhədü-ehtiyacımız var…
Əlbəttə, çox çətin və çox ağır günlər yaşayırıq həm də. Qələbə asan başa gəlməyib. 2783 Şəhid vermişik. 2783 Qəhrəman Oğul itirmişik. Asan deyil sinəyə çəkmək. Asan deyil dözmək.
Amma dözəcəyik. 2783 Ruhu Sevindirmək kimi bir görəvimiz var. 2783 Ruhu yalnız və yalnız Qarabağın firavanlığı ilə sevindirmək olar.
Onlar qanları ilə aldıqları torpaqlarımızda həyat görmək istəyirlər.
Onlar ona görə ölmədilər ki, biz dərd çəkək. Onlar öz gənc ömürlərini ona görə qurban verdilər ki, biz Qələbəmizə sevinək, dağıdılmış ocaqlarımızı qalayaq, Şuşaya şükr edək, Laçına, Kəlbəcərə, Ağdama, Zəngilana, Qubadlıya, Cəbrayıla, Füzuliyə şükür edək! Şükür edək Qəhrəman Ordumuza, Qəhrəman Ali Baş Komandanımıza, Qəhrəman Şəhidlərimizə…
Etiraf edək ki, bu tezliklə bu qədərini gözləmirdik. Təsəvvür edə bilirsiz, 32 illik əzabın 44 günə başa çatmasını?
Biz Şuşaya bu cür və bu tezliklə qovuşacağımızı yəqin ki, bu səviyyədə təsəvvür belə etməmişik. Xəyalımızda belə. Nağıl dili yüyrək olar, deyirlər. Nağıllarımızda belə, bu sürətlə, bu cəsarətlə, bu fədakarlıqla yüyürməmişik Şuşaya doğru… Bu möcüzənin şəklini xəyalımızda belə bu nəhənglikdə çəkə bilməmişik…
Noyabrın 8-i… Yəqin ki, bu Günü heç vaxt unutmayacağıq. Unudulması mümkün də deyil. Prezident İlham Əliyevin Şəhidlər Xiyabanında Şuşa müjdəsini verməsini… Xalqı təbrik etməsini… Ata vəsiyyətini yerinə yetirdiyini bəyan etməsini…
Yuxu kimiydi… Yuxu kimi gözəliydi. Şükürlər olsun ki, həm də Real idi, Həqiqət idi!
İnsanlarımızın sevincini də xatırlayaqmı? Sonuncu dəfə toplum olaraq, kütləvi şəkildə, birlikdə, bir yerdə nə vaxt belə sevinmişik? Ürək köksündən qopacaqmış kimi, ürək dayanacaqmış kimi, qəlb havalanacaqmış kimi… sevinmişdikmi, sevinməyə bu miqyasda səbəbimiz olmuşdumu? Son 30 ildə bir İlk idi. Biz Lələtəpəyə sevinmişdik, Günnütə fərəhlənmişdik, hansısa idman yarışında hansısa idmançımızın bir ermənini məğlub eləməsinə qürurlanmışdıq. Amma belə Qürur ömrümüzdə, taleyimizdə bir İLk idi…
Xudafərinin Azadlığı da ilk idi…
Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın işğaldan azad edilməyi də…
Kəlbəcərin, Ağdamın, Laçının bircə güllə atılmadan, döyüşsüz-savaşsız ömrümüzə-günümüzə geri qayıtması da… ilk idi. İlk dəfəydi ki, biz diktə edirdik, biz düşməni kapitulyasiyaya məcbur edirdik… Azərbaycan müharibələri bütün müstəvilərdə udurdu…
Bunları ona görə yada salıram ki, çox təəssüf, bir çox hallarda əldə etdiyimiz Qələbəni kiçiltmək, gözdən salmaq, miqyasını azaltmaq meyilləri hiss olunur. Xüsusən sosial şəbəkələrdə… Sanki düşmən mediasının yazdıqlarını tirajlayırlar. Sanki işğaldan azad olunan ərazi bizim uğurumuz, qələbəmiz deyil. Anlaşılmır, onlar qələbəni necə təsəvvür edirmişlər? 30 illik münaqişənin həlli 44 gün ərzində daha necə ola bilərdi? Əsgərlərimiz Xankəndində mağzada alış-veriş edir, Ermənistan Laçınla sərhəddə 8 kilometr geri çəkilir, Kəlbəcərdə qızıl yataqlarının 75 faizi ermənilərdən geri alınır, yenə də kimlərsə “narazı” qalır. Səbəb? Rus sülhməramlılarının mövcudluğu narahat edirmi? Bəs Ağdamda yerləşdirilən türk əsgərləri?! Bu, sevindirici fakt deyil?! Mövcud reallıqlar içərisində Azərbaycan Prezidenti İlham Əliyev mümkünsüzü mümkün edərək ölkəmizə Böyük Qələbə qazandırıb. O, 2012-ci ildə rus qoşunlarını Qəbələ RLS-dən göndırən adamdır. Azərbaycanın dövlət maraqları nəyi diktə edirsə, o, həmin addımları atır. Şübhə yoxdur ki, Ordumuzun girmədiyi ərazilərimizdə də məhz Azərbaycan qanunları hakim olacaq. Xankəndidə yaşayanlar da Azərbaycan bayrağı altında yaşayacaq. Və bu prosesdə bizə yardımçı ola biləcək bütün vasitələrdən yaralanacağıq.
Müharibə yalnız bir cəbhədə başa çatıb. Digər cəbhələrdə isə yeni başlayır…
Müharibəyə hazırlaşmalıyıq – diplomatiyada, informasiya müstəvisində…
Eyni zamanda, qurmağa…
Yaratmağa…
Qarabağı yenidən dirçəltməyə…