Azərbaycanın xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının TNS-ə müsahibəsi.
– Sabir bəy, istərdim ki, söhbətimizə ədəbiyyatımızın bugünkü durumunun dəyərləndirilməsi ilə başlayaq. Məsələn, bu gün Sizi narahat edən və ya əksinə nikbin qılan amillərdən nələri qeyd etmək istəyirsiniz?
– Millətimizin, eləcə də ədəbiyyatımızın gələcəyinə hər zaman nikbin baxmışam. Ümid həmişə ən etibarlı yol yoldaşım olub. Son iki yüz ildə Azərbaycan türklərinin üzləşdiyi faciələri indi hamımız bilirik. Türk düşmənçiliyi, milli kimliyin unutdurulması, kökdən, tarixdən qoparılma, xalqın ləyaqəti ilə oynanılan oyunlar, adımızın, əlifbaməzın dəyişdirilməsi, keçmiş kitabların yandırılması, halal, tarixi torpaqlarımızın əlimizdən alınması, deportasiya, repressiya, sürgün… sadalamaqla qurtarmır… Bunların hamısı Cənubi Qafqazın türk torpaqlarında ermənilərə süni dövlət yaratmaq niyyəti ilə ermənilərin Cənubi Qafqaza, İrəvan xanlığına, Qarabağa köçürülməsindən başlandı. 1905-ci və 1918-ci il qırğınları, 1937-ci il repressiyası, daha sonra həm Ermənistandan, həm Azərbaycanın öz ərazisindən köçürmələr, hamısı Türk düşmənçiliyinin və xalqı düşünülmüş şəkildə yox etnək siyasətinin nəticələridir. Buna açıq soyqırım və gizli genetik savaş da, bütün Türk dünyasına qarşı çevrilmiş bir hərəkat da demək olar. Buna baxmayaraq, 1988-ci ildə millətin torpaqlarını müdafiə etmək üçün ayağa qalxması, 1991-ci ildə müstəqilliyimizi elan etməyimiz xalqın ölməzliyini, üstümüzdə aparılan bütün sınaqların boşa çıxmasını göstərən qeyri-adi bir hadisədir. Azərbaycan türkü dövlət qurmaq istedadını itirmədiyini sübut etdi. Dünyada 50-60 milyonluq xalqlar var ki, dövlətləri yoxdur. Xalqın çəkdiyi zülümlərin ilk zərbəsi ana dilimizə dəyib, lakin dilimiz məhv olmadı, unudulmadı, əksinə zəngiləşdi, böyüdü. Nikbinliyimin səbəbi budur. Şükür, ürəyimizə vurulan yaraların çoxunu sağalda bildik. Bu gün artıq Türk Dövlətləri Birliyi də yaranır və biz özümüzü dərk və gücümüzü təsdiq yolunda irəliləyirik.
Ədəbi həyatın yüksəlişi və ya enişini siyasi proseslərlə, hətta dövlətin zəifləməsi və ya güclənməsi ilə paralelləşdirmək doğru deyil, ədəbiyyatın öz qanunları var: bəzən millətin zülm altında olduğu, işğal dövründə də ciddi, mənəvi enerji verən əsərlər yazılır. Amma küll halında götürəndə yeni yazıçı nəsli müstəqillik və qələbə sevincini yaşadığına, özünü dərk etdiyinə görə dünyaya daha geniş baxa biləcək. Böyük Türk dünyası ruhunun Azərbaycanın ruhuna qovuşması ədəbiyyatımızın da yüksəlişinə səbəb olacaq.
– Sizin nəsildən olan qələm sahiblərinin öhdəsinə yeni nəsil ziyalı mədəniyyətinin, düşüncəsinin formalaşdırılması missiyası düşüb. O dövrdə olan qadağaların fonunda bu, necə mümkün ola bilirdi?
– Bu proses bizdən əvvəl başlanmışdı. Sovet rejimi ən qatı repressiya dövründə də insanların aydın düşüncəsini boğa bilmədi. Kütləvi surətdə sovet ideologiyasına bağlı əsərlər yazılanda da milli ocaqlar tamamilə sönməmişdi. İdeoloji basqını bəddi keyfiyyəti ilə unutdurub arxa plana keçirən tək-tək əsərlər də yazılırdı. Elə dövrlər olub ki, təbiətlə bağlı şeir yazılanda da gərək Stalinin adı çəkiləydi. Bu, ədəbiyyata böyük zərbə idi. Keçən əsrin 60-cı illərindən başlayaraq, ədəbiyyatın nəfəsi genişləndi. 60-80-ci illərdə yeni ab-havanı əks etdirən yaradıcı nəsillər yetişdi. Mən bu otuz ili milli-mənəvi intibah, milli oyanış dövrü hesab edirəm. İlk növbədə millətin tarixi hafizəsi dirçəldi. Mən bu tarix hafizəsini o vaxtlar “qan yaddaşı” adlandırmışam: ”Görünür tarixin də unutduğu həqiqət çıxmır qan yaddaşından…” Sonralar bu ifadə dilimizin işlək leksikonuna daxil oldu. Türk kimliyi üzərindən qadağalar götürüldü. 1989-ci ildə “Azərbaycan” qəzetində “Sayımz – facilərimiz” adlı yazımda ilk dəfə millət kimi sayımızın nə qədər olduğunu yazmışdım. Bu da böyük bir əks-səda doğurmuşdu. Buna bənzər proseslər ədəbiyyatın rolunu gündən-günə yüksəldirdi. İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı, İsa Muğanna, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Sabir Əhmədli, ardınca Anar, Elçin, Fərman Kərimzadə, Yusif Səmədoğlu, Əkrəm Əylisli (sonuncu əsərlərini çıxmaq şərti ilə) bir sıra dəyərli əsərlər yaratmaqla ədəbiyyata yeni, təmiz bir hava gətirdilər. 70-ci illərin əvvəllərindən bizim nəsil gəldi. Şerin ictimai pafosu və cəsarətli vətəndaşlıq ruhu daha da gücləndi, poeziyaya yeni bədii ifadə formaları, həyatdan qopan güclü metafora dalğası gəldi. Şairlər böyük auditoriyalarda sosial tənqid ruhu ilə aşılanmış şeirləri ilə ədəbiyyatı oxucuya yaxınlaşdırdılar. Millətin hafizəsinin oyanmasına sevinirdim. Məhz oyanan qan yaddaşı, qəhrəmanlıq ruhu sayəsində bizim gənclərimiz Qarabağ uğrunda igidliklə döyüşdü və zəfər çaldı. Qabil, Söhrab Tahir, Məmməd Araz, Xəlil Rza Ulutürk, Fikrət Sadıq, Fikrət Qocanın əsərlərində Azərbaycanın bütövlük ideyası yeni poetik çalarlar qazandı. Sonra mənim dostlarım – Musa Yaqub, İsa İsmayilzadə, Vaqif Səmədoğlu, Məmməd İsmayıl, Məmməd Aslan, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli kimi şairlərimiz Azərbaycan poeziyasının üfüqlərini xeyli genişləndirdilər.
– Siz bu dövrdə həm də publisistik yaradıcılığınızla seçilmisiniz.
– 1967-ci ildə, 4-cü kursda oxuyanda “Ədəbiyyat və incəsənət” qəzetində işə götürülmüşəm. Tarixi abidələrə həsr etdiyim ilk publisistik yazım nəşr olunandan sonra. O vaxtdan davamlı olaraq, müxtəlif səpkili yazılar yazmışam. Amma bədii publisistikamın ciddi nəticəsi “Ömür kitabı”dır. Bu kitabda həm millətin tarixinin dərinliklərinə enmək, həm ölkəni gəzib göstərmək istəmişdim. Onun arxasınca siyasi publisitikaya da xeyli vaxt sərf etdim Yəni, publisistika hər zaman şeirimlə yanaşı olub. Bəzən də zəruri ictimai-siyasi mövzular şeiri arxa plana keçirib. Şeir də arxa planda qalanda ilham pərsinin 2-3 ay gen gəzməsi halları da olub.
– Deyirsiniz ki, əsl vətəndaşlıq xalqa məxsus ən gözəl keyfiyyətlərin keşiyində dayanmaqadır. Yazılanlarda bədiilik zəifdirsə, ana dili təhrif olunursa, bu, yalançı vətəndaşlıqdır. Bu fikrinizi hər hansı səbəbdən doğma dildə yaza bilməyənlərə şamil edə bilərikmi? Ümumiyyətlə, başqa dillərdə yazan yazarlara münasibətiniz necədir?
– Mirzə Cəlil “qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyinə xidmət etməkdir” deyirdi. Şübhəsiz ədəbiyyat söz sənəti, bədiilik nümunəsi olmaqla yanaşı, ictimai-siyasi hadisədir. Yazıçı hər zaman öz millətinin taleyinə güzgü tutur. Ədəbiyyatın belə böyük bir missiyası var; Vətənə olan sevgini bədii müstəviyə keçirir. Ədəbiyyat insan xarakteri və taleyini bədii obrazlar, metaforalar vasitəsilə ortaya qoyur. Yoxsa quru, çılpaq sözlə irəli sürülən ideyalar təsiriz olar.
Azərbaycan dilində yazmayan yazıçılarımıza gəlincə, tarixin gətirdiyi müəyyən reallıqları xatırlamalıyıq. Ərəb işğalı dövründə Azərbaycanda bir sıra yazıçılar ərəb dilində yazmağa məcbur olub. Ən azından yazdıqlarının qorunması üçün. Ərəblər gələndə türk dilində yazılan hər şeyi yandırıb məhv etmişdilər. Sonra fars dili yayıldı. Bir sıra böyük yazıçı və şairlərimiz fars dilində yazdılar. Nizami Gəncəvi, Xaqani Şirvani kimi. Bunları ədəbiyyatımızdan çıxara bilmərik ki…
Ona bənzər proses müasir dövrdə də gedir. Rus dili hegemon idi. Uşaqların çoxunu rus dilində oxudurdular. Bu dildə yazılan ədəbiyyat daha geniş yayılırdı. Məktəbi rus dilində bitirən və bədii istedadı olan adamlar rus dilində yazmağa məcbur idilər. Lakin mövzu və ruh etibarilə milli zəmindən qopa bilmirdilər. Ona görə həmin yazarları özümüzdən ayrı saya bilmərik. Avropada uzun əsrlər boyu yazıçılar latın dilində yazıb. Amma fransız, ingilis yazıçı olaraq qalıblar. Qırğız yazıçı Çingiz Aytmatov rus dilində yazsa da ona rus yazıçı demirlər. Çingiz Hüseynov, Maqsud və Rüstəm İbrahimbəyovlar, Natiq Rəsulzadə, Çingiz Abdullayevin yazdıqlarını ədəbiyyatmızdan qopara bilmərik. Gələcəkdə xarici ölkədə doğulub, orada yaşayan uşaqlarımızın içində başqa xarici dillərdə yazanlar da ola bilər. “Rəşid bəy və Səadət xanım” fransız dilində yazılsa da, bizim ədəbiyyatımızdır.
– Yeri gəlmişkən, Cingiz Abdullayevin əsərləri ilə bağlı televiziyaların birində səsləndirilən fikirlərə sizin münasibətiniz necədir?
– Mən bu verilişə baxmamışam, həmin sözləri deyəni tanmıram, amma hər halda tanınmış, cəmiyyətdə hörmət qazanmış, lazım gələndə Moskva televiziyalarında Azərbaycanın milli maraqlarını yüksək səviyyədə müdafiə etmiş bir yazıçı, bir ziyalı haqqında belə danışmaq mədəniyyətsizlikdən başqa bir şey deyil. Oxumaya bilərsən, amma bu cür danışmağa nə haqqın var? Çingizin əsərlərini müxtəlif dillərə çevriblər, minlərlə insan oxuyub. Demək, hamı səfehdir, bir sən ağıllısan? Rusiyada hara gedirsənsə, Çingiz Abdullayevin kitabları var. Əyalətlərdə də nəşr olunur. Bu təsadüfdür?
– Tez-tez ədəbiyyatımızda oxumağa layiq kitablar, yazarlar olmadığından şikayətlənirlər. Doğrudanmı yaxşı əsərlər baxımından vəziyyət bu qədər ürəkaçan deyil?
– Bizdə əhalinin sayına görə yazıçı çoxdur, amma onların içində əsl yazıçı o qədər də çox deyil. Oxucunun güclü əsər axtarması normaldır. İndi dünya ədəbiyyatına yollar açılıb. Təbii ki, dünyadakı böyük əsərləri oxduqdan sonra “öz ədəbiyyatmız solğun görünür”, – fikri qəbuledilməzdir. Deyək ki, ispan dilinin imkanları bizim dildə olsaydı, bəlkə bu gün hesaba almadığımız bir sıra yazıçılarımız dünya şöhrəti qazanardılar. Bir də bizim canımızda başqasına aludə olmaq xəstəliyi var. Özünün olanını görmədən xarici müəlliflərə aid əlinə keçənləri oxuyur və heyranlıq duyuruq. Bu, yanlış yanaşmadır.
– Bəlkə əsərlərimizin təbliği xarici yazıçıların əsərlərinin təbliğatından geri qalır?
– Bunun da rolu var. Bir də mühit dəyişib. Mən “Ədəbiyyat və incəsənət” qəzetində çalışanda tiraj 80 min idi. İndi 1700-dür. O 80-min tirajlıq qəzet indikindən xeyli məhdud mövzulara toxunurdu. Amma Azərbaycanın hər yerində qəzeti gözləyirdilər. Çünki nisbətən azad ruhlu yazılar o qəzetdə çap olunurdu. 1989-ci ildən çapına başladığım “Azərbaycan” qəzetinin tirajı yarım milyona yaxın idi. Çünki düzgün informasiya yayan başqa vasitə yox idi.
İnid söyüşlə, açıq-saçıq səhnələrlə dolu olan yazılar daha çox oxunur. Rus ədəbiyyatında da pornoqrafik əsərlər var. Amma onlar bir kənardadır. Böyük əsərləri çap edirlər, oxuyurlar. Hərdən də az tirajla açıq-saçıq olanları çap edirlər ki, itməsin. Bizdə bəzi cavanlar elə hesab edirlər ki, novatorluq və əsl bədiilik hər şeyi öz adı ilə deməkdir. Hər şeyi öz adı ilə ifadə etmək ədəbiyyatın bədii keyfiyyətini artırmır. Burada qeyri-adi bir şey yoxdur. Təəssüf ki, mətbuatda, sosial mediada ağıllı tənqid, təhlilin yerini bəzən söyüş tutur. Buna daha çox maraq göstərirlər. Bir vaxtlar “sarı mətbuat”a olan münasibət kimi. Amma bu müvəqqətidir. Ümumi mədəni səviyyə artdıqca bu cür yazı tərzinin mənasizliğı daha yaxşı görünür. Ağlı olan adam söyüş dilində danışmağı özünə yaraşdırmaz.
– Dünya miqyasına çıxara biləcəyimiz yazarlarımızın olmadığı fikri ilə razılaşırsınız?
– Yazıçılarımızın əsərləri xarici dillərə yaxşı tərcümə olunsa, tanınmış nəşriyyatlar tərəfindən keyfiyyətli nəşr olunsa, təbliğatı yaxşı aparılsa, hər yerdə çox həvəslə oxunur. Məsələn, Mirzə Ələkbər Sabir satirik şair kimi ancaq bizim dərdimizi demir, Türkiyədə, İranda da onun şeirləri böyük sevgiylə oxunur. Cəlil Məmmədquluzadənin hekayələri dünya səviyyəli əsərlərdir. Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadinin yazdıqları çox önəmlidir. Hətta sovet dövründə yazılmış əsərlər var ki, onları tərəddüd etmədən yaymaq olar. Sovet dövründə yazılmış bütün əsərlərin üstündən xətt çəkmək olmaz. İnsan bir az da özünə dəyər verməyi bacarmalıdır. Anarın, Elçinin, Sabir Əhmədlinin, Yusif Səmədoğlunun istənilən əsərini dünyaya çıxarmaq olar. Fərman Kərimzadə, Mövlud Süleymanlı, eləcə də şairlərimizin adını çəkə bilərəm ki, çağdaş dünya ədəbiyyatının yazıçılarından heç də geri qalmırlar. Nisbətən cavan yazıçılarımız məndən inciməsinlər. Onların da tərəddüd etmədən yayılmalı olan bir sıra əsəri var. Xarici yazıçı özünü yazır, biz də özümüzü. Nəyə görə onu bəh-bəhlə qəbul edirik, özümüzü yox?
Təvazökarlıqdan kənar olsa da, bir misal özümdən çəkim. “Ömür kitabı” ingiliscəyə azərbaycanlı tərcüməçi tərəfindən çevrilib. Kitabın London nəşrini İsveçdə oxuyan bir universitet müəllimi, yerlimiz Səadət Kərimi “Ədəbiyyat və incəsənət” qəzetində bir məqalə çap etdirmişdi ki, Sabir Rüstəmxanlının yaradıcılığı Nobel mükafatına təqdim edilməlidir və “Ömür kitabı” ilə Nobel mükafatı almış bəzi əsərlər arasında maraqlı müqayisələr aparmışdı. Bizdə bu yazını oxuyan heç bir qurumun səsi çıxmadı. İsveçdən bizim təəssübümüzü çəkən Səadət xanıma da yəqin, kimsə heç olmasa, xırdaca bir razılığını bildirmədi. Bu, mühitimizdəki durumu göstərən bir misaldır.
– İnsanlarımız nəyi oxumaq üçün seçim etməkdə də çətinlik çəkir. Məlumatsızlıq, tanıtım zəifliyi olur və s. Siz nə tövsiyə edərdiniz? Gənclərimizə, oxucularımıza necə kömək etmək olar?
– Ali və orta məktəblərdə görüşlər keçirilməlidir. Uşaqlar əsl ədəbiyyatla, yalançı ədəbiyyatı bir-birindən ayırd eləməyi bacarmalıdırlar. Kimsə əlinə telofon götürüb ağzına gələni yazır, altında dost-tanışları ona tərif yağdırır. Halbuki, yazılanın ədəbiyyata dəxli yoxdur. Kimsə də özünü pis edib onlara “dur” demir. Amma “dur” deyilməlidir. Vaxtilə çox nüfuzlu insanların şeirlərinin dilini tənqid etmişəm. İndiki yaşla baxanda da nə qədər haqlı tənqid etdiyimi görürəm. Ədəbiyyata dəxli olmayanlar yerini bilməlidir. Ya da oxucu onları başa salmalıdır.
Dərsliklərə normal şeirlər salınmalıdır. Oxudulan bəzi yazılar şeir adına parodiyadır. Belə şeirlərlə tərbiyə olunan uşaqların zövqü də dəyişilir. Mətnlər yaxşı redaktə olunmalıdır. Uşaqların bədii ədəbiyyata olan yanaşmaları formaşladırılmalıdır. Bu, əslində müəllimin işidir.
Xarici olkələrdə uşaqları daha zəngin materiallarla yetişdirirlər. Uşaqlara nə qədər çox öyrətsən, o qədər öyrənirlər. Onlara böyük kimi baxmaq lazımdır.
Çağırsınlar, məktəblərə gedək. Adları dərsliklərə düşmüş müəlliflər uşaqlara öz ana dilimizdən, şeirlərmizdən dərs keçə bilərlər. Mən uşaqlıq illərimdən bilirəm ki, yazıçılarla keçirilən görüşlər hansı təəssüratları yaradırdı. Ədəbiyyata sevgi yaranırdı.
– Siz özünüz indi oxuyacağınız kitabları necə seçirsiniz?
– Mənim düzənli bir oxu sistemim yoxdur. Həmişə müxtəlif sahələrin kitablarını paralel oxumuşam: tarix, fəlsəfə, elmi-kütləvi ədəbiyyat, mifologiya… Son zamanlar daha çox mənə verilən kitabları oxuyuram. “Ədəbiyyat qəzeti”nə, “Azərbaycan” dərgisinə, Moskvadan “Literaturnaya qazeta”ya, “Nauka i jizn” jurnalına abunəçiyəm. “Qanun” nəşriyyatı ilə qonşuluqda oturduğum üçün çıxan kitabların ilk nüsxələrinə baxıram. İstedadlı gənclərin kitabları haqqında məqalələr yazıram. Bu yaxınlarda Orxan Fikrətoğlunun “Tülu” kitabını oxudum, çox xoşuma gəldi. Kitab yetkin və bənzərsiz bir yazıçının qələmindən çıxıb. Orxanın təhkiyəsi dramatik və çoxqatlıdır, mövzuları orijinaldır. Həm nəsrinin, həm publisistikasının seçilən bir üslubu var.
Dünya ədəbiyyatından son oxuduğum Portuqaliya yazıçısı Joze Saramaqonun romanlarıdır. İndi masamın üstündə Den Senor və Sol Sinqerin “Ağıllı adamların milləti“, Eduard Sacherinin “Gözlərindəki sirr”, A Sahpussinin “Qədim alimlər türk xalqları haqqında” kitabları və M.Ə.Sabirin “Hophopnamə”si var. Sabir yüz ilin o üzündən bu günkü dünyanı necə aydın görürmüş!
– Anarın Yazıçlar Birliyinin sədri vəzifəsinə təkrar-təkrar seçilməsi, bir sıra məişət mövzuları yaradıçılıq problemlərinin müzakirəsini üstələyir. Məsələn, yazıçılara ev verilməsidən sonra çox geniş müzakirələr açıldı…
– Anar böyük yazıçıdır. Əsərləri geniş yayılıb və sevilə-sevilə oxunur. Bu əsərlərin hansınısa kimsə bəyənməyə və bunu açıq yaza bilər. Anar belə polemikalara həvəslə girişər. Lakin onun ədəbi xidmətlərini bir kənara qoyub, Yazıçılar Birliyindəki işlərə görə, yeri gəldi-gəlmədi, əsassız yerə hədəfə çevrilməsi doğru deyil. Belə yazılarda bəzən hətta onun yaşı da söhbət mövzusuna çevrilir, sanki halal şöhrəti ilə yanaşı, Allahın verdiyi ömrünə, uzun yaşamasına da qısqanırlar. Mən gənclərin üsyankar və yenilikçi ruhunu bəyənirəm. Lakin müəyyən əxlaq ölçüləri qorunmaq şərti ilə.
Azərbaycan müstəqillik qazanandan sonra, Ermənistanla çətin müharıbə şəraitində içimizdə də bir neçə cəbhə yaranmışdı. Onlardan ən ağırı və qorxulusu elm ocaqlarımıza, Akademiyaya və yaradıcılıq birliklərinə olan hücumlardı. Sən demə, bunlar hamısı Stalinin bəd niyyətinin məhsullarıdır, dərhal ləğv edilməli və binaları da satılmalıdır. Şübhəsiz bu kompaniyada əsas məqsədlərdən biri elə o “satmaq” məsələsi idi. O vaxt bu düşüncə sahiblərinə yaradıcı təşkilatların, onların mətbuat orqanlarının nə qədər vacib olduğunu anlatmaq üçün xeyli əziyyət çəkmişdik. Şükür bu niyyətlər baş tutmadı, əksinə, Azərbaycan dövləti yaradıcı təşkilatları və onların yayın orqanlarını maliyyələşdirdi, yaradıcılıq evlərini bərpa etdi. Yazıçılara, bəstəkarlara, rəssamlara qayğının nəyi pisdir ki! Azərbaycan Yazıçılar Birliyini tənqid edəndə uğurlu işlərini də bəyənək…
Azərbaycanın mənəvi dəyərlərinin, tarixi qəhrəmanlarının, ziyalılarının hədəfə çevrilməsi birbaşa və ya dolayı yolla erməni siyasətinə xidmət edən düşmənçilikdir.
Ev məsələsinə gəlincə, ev alan yazıçıların məktubunu (raportunu) oxudum. Bütün ev alanları təbrik edirəm. Bakıda öz evinin olması böyük bir rahatlıqdır. Onların arasında cavanlar da var. Onlara görə çox sevindim. Yazıçılar Birliyinin üzvü çoxdur. Birliyə qəbul olunanların heç biri bura ev alacağı vədi ilə qəbul edilmirlər. İmkan olduqca yazıçılar üçün ayrıca evlər tikilə bilər. Yazıçı yazı-pozu ilə məşğul olduğu üçün pul qazanmaq imkanı məhduddur. İstedadlı insanları evlə təmin etmək dövlətin qayğılarından biri olmalıdır. Almaniyada bir uğurlu kitabın çap olunsa, onunla yaşaya bilərsən. Bizdə o imkan yoxdur. Ona görə kitablara qonorar məsələsi bərpa olunmalıdır, həm də yazıçılar üçün jurnalistlər üçün tikilən evlər kimi evlər tikilsə ədəbiyyat mühitinə böyük hədiyyə olar. Ev alanları qınamaq doğru deyil. Siyahıda bəzi adlar var ki, kim olduqları sorğulanır. Bu evlər Yazıçılar İttifaqına verilir. Qurumda çalışan, bütün ömrünü ora sərf edən texniki işçilər də var. Onların ömrü Yazıçılar Birliyində keçib. Nə cür deyə bilərsən ki, yazıçı olmadığına görə ev almasın. Buna görə bu məsələyə ehtiyatla yanaşmaq lazımıdr. Anar bu məsələdə kifayət qədər həssasdır. Bilirəm ki, məsələni dönə-dönə müzakirə ediblər. İndi AYB–də Anarın yanında Çingiz Abdullayevdən başqa Rəşad Məcid, İlqar Fəhmi, Elçin Hüseynbəyli, Səlim Babilla kimi bir dəstə istedadlı qələm sahibi çalışır.
– “Hər kəs inanmalıdır ki, öz həyatını halal yolla qura bilər”, -deyirsiniz. Bu gün cəmiyyətmizdə bu meyara əməl edənlər daha çoxdur, yoxsa o birilər?
– Halallıq dədə-babamızın həyat tərzi olub. Amma cəmiyyətimizdə halallıq prinsipi unudulur. Daha çox imkansız adamlar “mən halal yaşayıram” fikri ilə təsəlli tapır. Bizi millət olaraq qoruyan, saxlayan, inkişafımızın təməli olan prinsiplər var: halallıq; mərdlik, ədalət, sözünün ağası olmaq, cəsarət, ocaq-yurd sevgisi, insanı və insanlığı uca tutmaq və s. “Vətəndaşlığın əlifbası” kitabım bu məsələlərə həsr olunub. Milli intibah nədən başlanır? Yorğun və yıpranmış cəmiyyət, mənəvi dəyərlərini unudan bir toplum inkişaf edə bilməz. Cəmiyyət o dəyərlərin üstündə dayanır və inkişaf edir. İnsanların bir-birinə sevgisi, bir ailə olmağın, bir millət olmağın sevgisi, öz gücünü dərk etməyin sevgisi çox vacibdir. Qarabağ Zəfəri millətin yeni bir intibahının başlanğıcıdır. Bunu davam etdirmək lazımıdr. Təəssüf ki, ona kölgə salmaq, dəyərini azaltmaq istəyənlər də var. Müxalifətçi görünmək xətrinə hər şeyi qaralaya bilməzsən! Qarabağ Zəfəri tarixi, fantastik bir işdir və qəhrəmanlıqdır. Sən bunu ürəklə deməlisən. Millət sevinməlidir, ruhlanmalıdır.
Bir neçə gün əvvəl Füzuli şəhərinə getmişdim, elə bir dünyanı mənə bağışladılar. Bu Zəfərdə biz birdən-birə gənclərimizin, əsgərimizin böyük gücünü, şəhid vermiş anaların ruhunun sarsılmazlığını gördük. Millət budur… Biz durğun həyata alışmamış millətik. Gərək çalışaq, quraq, həyatın çətinlikləri ilə vuruşaq.
– Qərbi Azərbaycana qayıdış prosesi ilə bağlı düşüncələriniz necədir?
– Qərbi Azərbaycan dünyanın yetərincə dərk edə bilmədiyi məsələdir. Dünya həqiqəti bilməlidir. Biz onlara başa salmalıyıq ki. Ermənistan deyilən yer Azərbaycanın torpağıddır – İrəvan xanlığıdır. 205 il öncədən başlayaraq bizi tarixi torpaqlarımızdan zorla köçürüblər. Ermənistan xristian dövləti olduğuna görə terrorçu olsa da, onları müdafiə edirlər. Biz beynəlxalq hüququn qaydalarına uyğun olaraq öz torpaqlarımızı istəyirik. Bir ay öncə Madriddə “Qərbi Azərbaycana qayıdış-beynəlxalq hüquq müstəvisində” adlı bir forum keçirtdik. Tarixi faktlar və həqiqət ortaya qoyulanda bizə haq qazandırmaqdan başqa yolları qalmır. Qərbi Azərbaycana dönüş o demək deyil ki, gedib bütün erməniləri vurub oradan çıxaracağıq. Biz orada yaşamışıq. Kəndlərimiz-yerimiz məlumdur. Çoxu bu gün boşdur. Biz öz yerimizə qayıtmaq istəyirik. Onlar bizimlə birlikdə yaşaya bilməyəcəklərini desələr də, biz onlarla bir yerdə, Ermənistan qanunları ilə yaşaya biləcəyimizi bəyan edirik. Dağımızda, daşımızda, babamınızın, dədəmizin ruhu olan yerdə bizim də izimiz olmalıdır və gec-tez olacaq…
-Müsahibə üçün təşəkkür edirik.
Aygün İbrahimli