Hamımızın İqbalı…
Hər hansı bir məclisə daxil oldusa, hamının diqqəti onda olur. Bu uğur ona Allah tərəfindən verilib. Uşaq yaşlarından ədəb-ərkanı, çevik düşüncəsi ilə tay-tuşlarından fərqlənib. Elmə-təhsilə olan həvəsi boy atdıqca taleyinə işıq tutub. Oxuyub, mütaliyə edərək idrak və təfəkkürünü gücləndirib. Orta təhsil, ali təhsil, doktorantura və nəhayət texnika elmləri doktoru alimlik dərəcəsinədək yüksələ bilib. İki ölkənin- Azərbaycan və Ukrayna universitetlərinin professorudur…
Heç vaxt təkəbbür göstərməyib. Sadə və mehriban insandır. Çox gözəl yumor hissi var. Onu elə nümayiş etdirir ki, bu incə yumordan zövq alırsan. Diqqətini özünüzə cəlb etmək istəsəniz, onu güldürməyə çalışın. Həyat eşqi ilə dolu adamdır. Qürurlu və məğrurdur. Boş yerə vaxt itirməyi xoşlamır, bütün işlərdə dəqiqliyi sevir. Daxilən çox güclüdür, səbr etməyi bacarır. Onu aldatmaq qeyri mümkündür, bunu vaxtında hiss edir. Səmimiyyətə önəm verir. Kimdə onu tapdısa ünsiyyətdən qaçmır…
İdeal rəhbərdir. Kimisə ruhlandırmaq lazım gələndə, o, öz enerjisi ilə ruhlandırır. Reallığa dəyər verir. Ötəri deyil, həyatı diqqətlə müşahidə edir, həyatın gözəlliyinə sevinir, xüsusi zövq alır…
Ucqar bir dağ rayonu- Yardımlıda dünyaya gəlib. Mayası düzlükdən yoğrulub, halal çörəklə böyüyüb. İçindəki iman, qəlbindəki Allah eşqi onu həmişə müşayyət edib. Moran dağı kimi əzəmətli, dağ çeşmələri kimi safdır…
Adı İqbaldır. Bu adın mənası bəxt deməkdir. Onun varlığı bir elin bəxtinə düşən bir uğurdur. Elə bir uğur ki, adı çəkiləndə adama qürur hissi yaşadır…
Avqustun 7-də İqbal Alıcan oğlu Babayevin ad günüdür, 57 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, firəvan həyat arzulayıram!
Yeni yaşınız mübarək, İqbal müəllim!
Hörmətlə, Elman Eldaroğlu
Müstəqil.AZ