Hamınız gəlin aprelin 1- nə – qəşəm NƏCƏFZADƏ

Hamınız gəlin aprelin 1- nə – qəşəm NƏCƏFZADƏ

Aprelin biri mənim ad günüm… Kimlər bilmirdi bu ad günümün tarixini? Atam, anam, sinif və tələbə yoldaşlarım, müəllimlərim, dostlarım, uşaqlarım, indi də nəvələrim bilir…

İndi atam, anam həyatda yox… Anam ad günümə qaymaq sərərdi, atam quzu kəsərdi. Nənəm corab toxuyardı. Ad günümə bulama bişirərdilər, bacılarım məni opərdilər. Hədiyyələr məni sevindirərdi. Harada qaldı 60 ilimin ad günləri, haralara töküldü, haralarda itdi? Əvvəl atam-anam unutdu ad günlərimi, sonra sinif yoldaşlarım, dostlarım…
Bacılarım bilir bu gün ad günümdü, amma əlləri mənə çatmır… Zəng eləyirlər, elə atamın quzusunu, anamın qaymağını xatırlayıb kövrəlirlər.
Sonra ad günlərim dəstə-dəstə çiçəklər oldu, kətan köynəklər oldu, şirin tortlar oldu. Sonra bunlar da unuduldu.
Bir Qəşəm Nəcəfzadə, ayakta və açıq Havada şəkili ola bilər
Ad günümü kimlər bilirdi, kimlər unutdu? Arxivimdə ad günümə yazılmış saysız-hesabsız şeirlər saralmış kağızlarda yorulublar elə bil… Bəs hanı ad günümə şeir yazan dostlar? Bəlkə də unudublar ad günümü…
İlahi, son illər ad günüm olanda hiss edirəm ki, nə qədər adam itirmişəm, nə qədər dost itirmişəm. Telefonumda nə qədər səssiz nömrələr var. İndi o nömrələr laldı, bir dəfə də olsun dillənməyiblər. 35 illik müəllimlik həyatımın ən sevimli şagirdləri, indi siz hardasınız? Növbə ilə qalxıb məni şeirlə təbrik edərdiniz. Görən indi yadınızdadırmı aprelin 1-i, mənim ad günüm?
Kəlbəcər- Laçın yaylaqlarının – Soltan Heydər, Murad təpəsi, Dəli dağ, Ağılı dağ, Sarımsaqlı, Süleyman, Ceyran, Lilpar bulağı, Əyri qar, Gödəkburun, Əriməz, Alagöllər, Çaxmaq qaya, Cermux, Gorus, Yeddidolama, Taxta, Gəlin qayası Çalbayır, Qulalı, Minkənd, Qaranlıq dərə, Qarayoxuş, Tərtər və neçə – neçə yurd yerlərimizin qayasına, daşına adımı və altında doğum günümü yazmışam. İndi görən o yerlər bilirmi, bu gün ad günümdü? Üstündə 1 aprel tarixini daşıyan daşların heç eyninə gəlirmi ki, bu gün Bakıda mən bu saat onları düşünürəm?
Kənddə uşaq vaxtı partalara, divarlara, ağaclara adımı və soy adımın baş həriflərini yazardım. Sonra altında 1 aprel 1959…
Ad günüm o qədər məşhur idi ki, məni lap tez tapardılar. İndi onlar hamısı uçub dağılmış. Həyatda dəhşətli şəkildə inandığım bir şey var, o yazı heç vaxt itməz, hardasa eləcə gizlənib qalıb, sadəcə üstü örtülüb, nə vaxtsa tapılacaq.
Aprelin 1-də həmişə şeirlərimi çap ediblər, orta məktəbdə “Yaşasın 5” divar qəzetində, Gəncə Dövlət Universitetinin “Yüksəliş” qəzetində… İmişli rayonunun “Xalq sözü” qəzetində… Sonra ölkə mətbuatında.
İndi 1 aprel deyəsən onların yadından çıxmış. Vaxtı ilə məni təbrik edən şagirdlərimin çoxu indi rektor, rəis, professor, böyük vəzifə sahibləri. İndi mənim ad günümü necə də unudublar…
Mən itirdiklərimin davasını edirəm. Elə bil qatar gedir, adamlar get-gedə stansiyalarda düşürlər və ayrıları minirlər. Bax, bu, məni yaman yandırır.
İndi də dostlarım çoxdur. Ən azından sən varsan, bu yazını oxuyursan, nə yaxşı ki, varsan. Amma mən heç kəsi itirmək istəmirəm…
Deyirlər, 1 aprel həm də aldatma günüdür. Bəlkə adamlar məni doğurdan da, aldadıblar… İndi hamı öz evində gizlənib. İşə bax, şəhərdə heç kəs yox, hamı evdə. Eybi yox, dincəlin bir az. Arzu edirəm, Aprelin 20 – də hamınız evlərinizdən qəflətən “Urra” deyib çıxasınız. Bax bu şəkli də sizin üçün qoyuram.Tarqovuda- Nizam küçəsində. Bir vaxt belə olmuşduq. indi olacağıq.
Deyirlər, 1 aprel həm də gülüş günüdür. Bəlkə itirdiklərim mənə gülürlər. Deyirlər eyyy, sən nə qoyub nə axtarırsan? Səndən daha ciddi şeylər var həyatda.
Deyirlər, 1 aprel həm də mənim ad günümdür.
8 il öncə 1 apreldə ürəyimdən əməliyyat olundum. İkinci dəfə yenə 1 apreldə həyata gəldim.
İndi də koronavirus… Karantin rejimi. Bəlkə yenə təzədən doğuluram, özümün xəbərim yox…
Nə isə…
Birdən-birə ağlıma gəldi ki, bu gün hər yana belə bir teleqram vurum: “Hamınız gəlin aprelin 1-nə…”
Share: