Hansı ölkələrlə əlaqələri gücləndirməli: MDB məkanı, Avropa, yoxsa Asiya?

Ekspert deyir ki, xarici siyasət doktrinamızda kifayət qədər ciddi dəyişikliklər olacaq

Ermənilərin təxribatlarından sonra iyulun 12-dən 16-na qədər cəbhənin Tovuz rayonu istiqamətində gedən döyüşlər bir çox həqiqətləri üzə çıxardı. Bəzi ölkələr açıq şəkildə Azərbaycanın haqlı mövqeyinin yanında oldular, dəstəklərini ifadə etdilər. Bir sıra ölkələr də var ki, neytral xətt tutdular. Bütün bunlar Azərbaycanın xaricdə hansı ölkələrdə fəaliyyətini gücləndirməli olduğu barədə çoxsaylı suallar yaradıb. Azərbaycan MDB ölkələrinə, yoxsa Avropa və Asiya dövlətlərinə üz tutmalıdır?

Politoloq Elçin Mirzəbəyli dünyanın reallıqlar və çağırışlarla üz-üzə qaldığını düşünür: “COVİD-19 pandemiyası başa çatdıqdan sonra dünyanın bütün ölkələri tamamilə yeni reallıqlarla və çağırışlarla qarşı-qarşıya qalacaqlar. Bunun ilkin təzahürləri artıq hiss olunmaqdadır. Yeni dövrdə milli dövlətlərin öz təhlükəsizliklərini təmin etmələri və klassik dövlətçilik ənənələri üzərindən inkişaf perspektivinə üstünlük vermələri prioritet olacaq. Yeni dövrün siyasi dövlətçilik konsepsiyası konservatizmlə reformizmin sintezi nəticəsində formalaşacaq. Bunu siyasi neoklassizm də adlandırmaq mümkündür. Bütün bunlar, şübhəsiz ki, ölkəmizin xarici siyasət doktrinasına da öz təsirini göstərəcək və artıq göstərməkdədir. Azərbaycan Prezidentinin yeni xarici işlər nazirini videoqəbulunda bəzi priqoritet istiqamətlərlə bağlı önəmli mesajlar verildi. Bu baxımdan xarici siyasət doktrinamızda kifayət qədər ciddi dəyişikliklərin olacağı qənaətindəyəm. Azərbaycan üçün hansı məkanın daha önəmli olduğuna gəldikdə isə, deyə bilərəm ki, 4 qitənin bütün dövlətləri bizim üçün əhəmiyyətlidir.

Elçin Mirzəbəyli: "Bu, Azərbaycan üçün tarixi hadisədir"

Yeni dövr isə daha genişmiqyaslı, çoxşahəli yanaşma tələb edəcək. Milli dövlətlərin rolu artıqca vahid geosiyasi məkan anlayışları öz ənənəvi mahiyyətini dəyişəcəklər. Belə bir məqamda xarici siyasət prioritetlərinə hansısa qlobal gücün təsir imkanları müstəvisindən yanaşmaq və dəyərləndirmək mümkün olmayacaq. Məhz bu baxımdan da hədəflərimiz geosiyasi məkanlar üzrə deyil dövlətlər üzrə olacaq. Məhz bu baxımdan da MDB, Avrasiya, Amerika, Afrika ilə bağlı xarici siyasətimizə də vahid geosiyasi məkan müstəvisindən yox, konkret dövlətlər müstəvisindən yanaşacağıq və artıq bu istiqamətdə konkret addımlar atıldığı qənaətindəyəm. Yəni bizin üçün ”MDB məkanı” deyil, bu məkanda yerləşən dövlətlər prioritet olmalıdır. Əslində bu konsepsiya hər zaman Azərbaycanın gündəmində olub, amma müvafiq qurumlar tərəfindən icrası, yumşaq desək, arzuolan səviyyədə həyata keçirilməyib”.

Əhəd Məmmədli Paşinyanın Tehran selfisindən yazdı » Demokratik.Az

Siyasi şərhçi Əhəd Məmmədli bu suala ayrı-ayrılıqda cavab verdi: “Azərbaycan hər yerdə fəaliyyətini gücləndirməlidir. Birinci dostları, müttəfiqləri, sonra tərəfdaşları, ən sonda isə neytral vəziyyətdə qalan ölkələrlə əlaqələr gücləndirilməlidir, qurulmalıdır. Azərbaycan öncə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı ilə münasibətlərini qorumalı və daha da yüksək səviyyəyə çatdırmalıdır. Türkiyə ilə ona görə ki, təbii, müttəfiqimiz, qardaş ölkədir. Pakistan da dost, qardaş dövlətdir. Səudiyyə Ərəbistanı ilə də ona görə ki, Türkiyə və Pakistan kimi Qarabağın işğalına görə Ermənistanla hələ diplomatik münasibətlər qurmayıblar. Qardaş Qazaxıstan, dost Ukrayna ilə də münasibətlərimizi gücləndirməliyik. Türk dünyasının digər iki ölkəsi Özbəkistan və Türkmənistanla da yaxınlaşmalıyıq. Tarixən bağlılığımız olan İranla da dost olmağa çalışmalıyıq. Paralel olaraq İsraili də unutmamalıyıq. Azərbaycan müsəlman dünyasında İsrailə ən yaxın ölkədir. Təbii ki, Rusiyanı da nəzərə almalıyıq. Bu ölkədə lobbiçilik fəaliyyətimizi gücləndirməliyik. İndiki dönəmdə Rusiya-Ermənistan gərginliyindən maksimum xeyrimizə istifadə etməliyik. Qərb dünyasında əsas prioritetimiz ABŞ və Böyük Britaniya olmalıdır. ABŞ-ın hələ də dünyanın bir nömrəli dövləti olduğunu unutmayaq. Üst ingilis ağlının mərkəzi də Böyük Britaniyadır. Uzaq Şərqdə Cənubi Koreya, Yaponiya və bu regionun iki ən önəmli müsəlman ölkəsi Malayziya və İndoneziya ilə də tərəfdaş olmağı bacarmalıyıq. Afrikanın iki önəmli dövlətlərindən olan Misir və Nigeriyanı da yaddan çıxartmamalıyıq. Latın Amerikasında üstünlüyü bu regionun ən böyük ölkəsi Braziliyaya verməliyik”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Share: