Haqq aşiqliyi, dərvişanə obraz, tamahına qul olanlar – Elnarə Akimova yazır…

Haqq aşiqliyi, dərvişanə obraz, tamahına qul olanlar – Elnarə Akimova yazır…

Kulis.az tənqidçi Elnarə Akimovanın “Murad Köhnəqalanın üç fərqli obrazı: Poeziya, nəsr və uşaq ədəbiyyatı mətnlərinin işığında” adlı yazısını təqdim edir.

Əvvəlcə şair Murad Köhnəqaladan başlayaq. Onun 1990-cı illərdə ənənəvi intonasiya, ritm və ifadə üzərində qurulan şeirləri zənnimcə, poetikliyə və şeiriyyət dəyərini qorumaq işinə xidmət edib. Yəni burada, məqsəd poetik novatorluğa, forma yeniliyinə, orijinal obrazlar tapıntısına nail olmaq, yaxud fəlsəfi fikir yaratmaqdan daha çox, ilkin duyğuları özünə dayaq nöqtəsi kimi görüb yaşamın əsasına qoymaq olub:

Könül haramlar eyləmə

Mətahın satdığın yerdə

Kəbə qursan qəbul olmaz

Könül qanatdığın yerdə

Yaxud:

Nə baxarsan fani dünya

Solmayası gülün varmı

Dayanıb dövran yükünə

Sınmayası belin varmı

Bu şeirlərdə ritmin özünün strukturunda sufi təriqətindən istilahlar əsas yer tutur, haqq aşiqliyi kimi sevgi yolu tutmuş, təsəvvüf keyfiyyətləri əxz edən qəhrəmanın dərvişanə obrazı görünür. İlahiyə, onun nuruna tapınan, haqqa qane düşən, tamahına qul olanları doğru yola çağıran, dünyanın faniliyini və etibarsızlığını irəli çəkən bu poetik nümunələr şairin mənəvi-əxlaqi qənaətlərinin məcmusu olaraq mənalanmalıdır. Bunu min ildir yol gələn aşıq-ozan sənətinin, təriqət ədəbiyyatının əsasında dayanan əxlaqi-fəlsəfi təlimin yeni epoxada davam tapmış mənəvi müsəlləhlik missiyası da adlandırmaq olar. Eləcə də aşiqlik duyğularını, gözəlin və gözəlliyin vəsfini ehtiva edən bir çox şeirlərdə səciyyəvi sevgi atributlarını tanımaq çətin deyildir:

Ala gözlərini sevdiyim dilbər

Get-get deyən əlin əylədi məni

İpək köynəyinlə qovğaya qalxan

Bir cüt qönçə gülün əylədi məni

Qürbətdən-qürbətə alıb köçürdüm

Xınalı əllərdən badə içirdim

Mənciyəz xəlvəti baxıb keçirdim

Boğazında xalın əylədi məni

Köhnəqalam söylər dərvişə bənzər

Qanlı baxışların sərxoşa bənzər

Qız sənin yaşların on beşə bənzər

Üzüldüm bu halın əylədi məni.

Sonradan Murad Köhnəqalanın poetik təfəkkür sisteminə postmodernizm ədəbi-fəlsəfi fakt olaraq öz təsirini göstərmiş oldu. O, ənənəvi şeirdən uzaqlaşaraq postmodern şeir nümunələri meydana qoydu, klişeləşmiş estetik standartları sıradan çıxarmaq niyyəti ilə forma üzərində müəyyən eksperimentlər aparmaqla yaradıcılıq axtarışlarını genişləndirdi. Bu mərhələni Murad Köhnəqalanın şeir yaradıcılığının ikinci dövrü adlandırmaq olar: ənənəvi şeir üslubundan, aşıq şeirindən postmodernizm mərhələsinə keçid. Burada artıq fərqli şair obrazı ilə qarşılaşırıq: dövrə, zamana ironik tərzdə yanaşan, kinayə edən, başqa müəllif tərəfindən yaradılmış mətnləri dekonstruksiyaya uğradaraq onları gülüş predmetinə çevirən, epotaj təsvir və ifadələrdən, erotik elementlərdən yararlanaraq mühit, cəmiyyət və insan naqisliklərini qabardan bu şeirlərdə qara yumor hakimdir. Sonradan bu yumor Murad Köhnəqalanın nəsr yaradıcılığına sirayət elədi. Cəmiyyətdə, ictimai fikirdə qəbul olunmuş əxlaq normalarını hədəfə almaq, toxunulmaz hesab olunan dəyərlərə qarşı çıxmaq, skeptik ortam yaratmaq, ehkamçı düşüncəyə qarşı istehza və s. kimi hallar yazıçının əsərlərinin cəsarətli yanaşma əsasında meydana qoyulmasını bəlli edir. Bu, bəlkə də Muradın postmodern dövrünün yazarı olmaq səbəbindən qaynaqlanır. Bəzi şeirlərində aparıcı olan bu xətt – keçmişə ironiya, dekonstruktiv nümunələr meydana qoyması, ideyalara travestik yanaşma, məna yükünün bilərək baş-ayaq edilməsi bu cərəyanın mahiyyətindən irəli gələn hallardır. Sonradan bu tendensiya – reallıqla xəyal donunun bir mətn boyuna biçilib oxucuya təqdim edilmə cəhdi yazıçının nəsr sahəsində meydana qoyduğu bütün janrlı nümunələrdə önə keçdi. İntellekti ilə öyünən insanların sosial maskasını yırtmaq, dəyərlərin tənəzzül prosesini göstərmək, bəzən milli kimliyi belə sorğulamaq. İşğal dövründən az sonra yazdığı “Sözünü gülnən kəsirəm” adlı bir şeirində olduğu kimi: “Sözünü unutma, dərdini unut!/Qarabağsız hər vaxt dilənəcəksən/çünki sənə har zaman /şərəfsiz şey kimi baxacaq dünya”.

***

Murad Köhnəqalanın nəsrinin cazibərdarlığı hər şeydən əvvəl diri energetikasındadır. Bu energetika yazıçının oxucu ilə asan ünsiyyət yaratmasının ilkin şərtidir. Daha sonra mətnlərindəki poetik dilin funksionallığıdır. Murad Köhnəqala dilin poetikliyini heç bir söz oyununa getmədən, üslub səviyyəsində gerçəkləşdirir və nəql texnikasında mühüm faktora çevrilir. İstər “Bulud pinəçisi” sürreal povestində, istərsə də “Yuxularım” sürreal hekayələr toplusunda müəllif ən adi, real gerçəkləri də, yaxud hadisələrin sürreal-ekspressiv qatını da yüyrək olan nağıl dili ilə (poetik dillə) təsvir edir. Murad Köhnəqalanın nəsrində ən natural səhnələr, ən inanılmaz təsvirlər belə poetik nəql texnikası ilə danışır ki, bu da zənnimcə, müəllifinin şair olmasına bağlı amildir.

“Bulud pinəçisi” povesti balaca Zeynəbin dilindən nəql olunur. Daha doğrusu, Zeynəb yazıçının yazdığı yeni əsəri, əsərdə baş verən hadisələri bizlərə çatdıran obrazdır. O, hər zaman baş verən situasiyalara müdaxilə edərək personajları, onların düşdüyü vəziyyəti şərh eləyir. Peşəsi buludları yamamaq olan atası, evin qayğısını şəkib ailəsinə bağlı olan anası, balaca “kəşfləri” ilə daim öndə olmağı bacaran qardaşı Mustafa Zeynəbin şərhləri əsasında oxucuya təqdim olunurlar. Amma əsərdə əsas bədii təcəssüm predmeti Zeynəbin atasının həyatıdır, daha doğrusu, hadisələr onun ətrafında cərəyan edir. Qeyri-adi peşənin sahibi olan bu zəhmətkeş insanla bütün ailə qürur duyur: “Anam deyir ki, atam buludları yamayır. Harada yağış məqsədəuyğun deyil, gedib orada buludları ağız-ağıza tikir. Atam anama söyləyib ki, onun işi elə də yüngül deyil. Bəzən buludları tikdiyi yerdə şimşək elə çaxır ki, iynə adamın əlində qızır, yaxud adamın gözü qamaşır, iynə barmağına batır. Son vaxtlar mavi sap az istehsal olun-duğundan buludları yaşıl, yaxud elə qırmızı sapla tikirlər. Ona görə də bəzən göydə tikiş yerləri əməllicə bilinir. Zərər yoxdu, təki iş getsin”.

Əsərdə təsvirlər elə verilir ki, ilk baxışda özünü möcüzələr diyarında hiss edib nağıl rəngarəngliyinin cazibəsini yaşayırsan: buludları bir-birinə yamayaraq yağışın qarşısını alan pinəçi, ucu göyə dirənən nərdivanlar, üç at qoşulmuş gözəl kareta, üzü tortlu kolunlar, kafedə yemək paylayan cürbəcür heyvanlar və s. Sonradan, ilk baxışda uşaqların həyatından bəhs etmə təəssüratı doğuran bu rəngli, alabəzək, əyləncəli bir dünyanın dərində gizlənən öldürücü sarkazm, amansız reallıq daşıdığı məlum olur. Müəllif bədii priyomu elə seçir ki, rəngarəng olan dünyanın içində “hepsi rəng” olanları duymaq çətin olmur: cəmiyyətdəki ikili standartları tənqid hədəfinə çevirir, gerçəklərə sosial-ictimai, mənəvi-etik baxış sərgiləyir. Əsərdə sadə məişət hekayəsinin sərhədlərini genişləndirərək onu sənət-cəmiyyət-mühit konfliktinə çevirir. Problemi komik situasiyalardan keçirərək dramatikləşdirir. Dramatizm onda başlayır ki, qəhrəman adi güzəran qayğılarının var olduğu bir cəmiyyətin sənətkarı olmaq istəmir. Ona görə xəyalların fiaskosunu yaşamalı olur, Bulud Bakanın ona verdiyi diplomu ayaqları altına atıb əzir, yaxasındakı medalı çıxarıb dilənən gəlinin qucağındakı körpənin üstünə qoyur. Çünki nə xəyalları, nə də sənətə sevgisi reallıqdan güclü ola bilmir: “Mən anamdan soruşdum ki, atam nə üçün bu qədər əsəbiləşib? Anam mənə belə dedi: -Mən nə vaxtsa, gəncliyimdə “Bulud pinəçisi” adlı bir əsər oxumuşdum. Son cümləsi belə idi: “Bil ki, romantika real həyatla toqquşanda sınaraq çilik-çilik olur…”

***

Murad Köhnəqalanın “Yuxularım” (2017) adlanan sürreal hekayələr kitabındakı mətnlər yuxu ilə real dünyanın iç-içə girib yaşadığı müstəvi olaraq maraqlı və cəlbedicidir. Murad bəzi hallarda hədsiz reallıq, bəzən isə xəyal təəssüratı doğuran hadisələri yuxulardan (bəlkə də pərdə arxasından) çıxarıb yeni estetika ilə oxucuya təqdim edir. Mətnlərinin çeşidli baxış bucaqlarından, fərqli nəqli texnikalarında cəmiyyətə sarkazm, ironik yanaşmalar edir. Məişətə, sənətə, hətta müəllifin özünə belə yumor, ironiya, sarkazmla yanaşılan bu mətnləri duymaq üçün oxucunun özündən də müəyyən səviyyədə intellekt və yumor hissi tələb olunur.

Bu hekayələri müəllif nağıl təhkiyəsi ilə yazır. Bununla belə, hadisələr o qədər ciddi təqdim olunur ki, oxucu az qala bunun gerçəkdə olmadığına şübhə ilə yanaşır. Əslində, sürreal mətnin mahiyyəti elə budur. Xəyalla gerçəklik arasındakı pərdəni aradan götürmək. Bu hekayələrdə də deyilən amil baş tutur. Deməli, müəllif yumora yüklədiyi məna və ideya ilə oxucunu çaşdırmağa müvəffəq olur. Bəzən mətnə qatılan xəfif nisgil, keçmişə nostalji hissləri hər şeyi reallıq kimi duyub yaşamağa imkan yaradır. “Atamın meyiti” hekayəsində atasının tabutu ilə təkbətək qalıb keçmişi xatırlayan qəhrəman kimi: “Birdən gördüm, mən dördüncü sinifdə oxuyuram, məktəbdən gəlirəm, çantamı otağın bir küncünə tullayıb atamın üstünə atılıram. Gördüm, atam barmağımdakı bənövşəyi çernil ləkəsinə baxıb məni öpür və yanağımı yüngülcə dişləyir. Sonra gördüm, yox, mən artıq orta məktəbi bitirmişəm, atam əli ilə attestatımın üstünü sığallayır. Birdən mən tələbə oluram və atam tələbə biletimdəki şəklimə baxıb sevinir”.

Kitabdakı hekayələr bəlkə də hər gün üzləşdiyimiz adi məişət situasiyalarından, bu situasiyaların qismən sürreal, qismən absurd motivlərindən doğur. Onlar yuxuda daha fərqli şəkil alırlar ki, sürrealizm məhz bu fərqlilikləri verməyi estetik prinsipinə çevirir. Saflıq içində dünyaya gələn insanın sonradan beynini, ruhunu, xislətini neqativ, zərərli vərdişlərlə zibilləməsi (“Səbətdə xəyanət”), abort olunan körpələrin (“Abort”), haqsız yerə öldürülən qadınların (“Ürəyi qusmaq”) ah-naləsi və s. Bir də daim insanların zülm elədiyi varlıqların bumeranq kimi onlara qaytardıqları cavab reaksiyası. Heyvanlar, güllər, dəniz, hətta dünyasını dəyişib ölüyə çevrilən insan – təbiətin bir parçası olan nə varsa, gerçəkdə malik olduqları imkanları aşaraq, mahiyyətlərində fövqəlgüc və məna daşıyan varlıqlar kimi meydana çıxırlar. Oxucunu qəddar, qorxunc, gözlənilməz təsvirlərlə emosional şoka salmaq, onu psixoloji sınaqlara məruz qoymaq kimi provokasiyalar bu hekayələr üçün xarakterikdir xüsusiyyətdir. Sayıqlama, fantastik yuxu, qarabasma və eybəcər röyalar Murad Köhnəqalanın hekayələrinin başlıca mənbəyi sayılır. Daha çox şüurun dərkindən uzaq olan, ağllla instinkt, xülya ilə reallıq arasındakı xətti silən bu hekayələrdə əjdahanın qarnındakı oturacaqda kitab oxuyan iki sevgili (“Sənin ayaqqabının bağı”), insanlara hücum edib ətini soran qarışqalar (“Skeletin gözləri”), müəlliflə məzələnən divar naxışları (“Naxışların nitqi”), qəhrəmanı təqib edən ilan qadın (“İlan qadın”), qəbristanlıqdan evə gətirilən və anbaan çoxalıb otağı basan bəzəkli kirpi balaları (“Rəngli kirpilər”), insana çevrilən hörümçək (“Səbətdə xəyanət”), ulduzları dənləyib udan qara quşlar (“Buzlaqda”) iştirak edir.

Müəllif hadisələrin gedişatında horror elementlərindən də istifadə edir: insanların ətini yeyib ancaq skelet və gözlərini saxlayan nəhəng qarışqalar, adam udan güzgülər, insan çiyəri yeyən ilan balaları, insanın damarlarından qanını soran güllər, körpələrin beynini yemək istəyən quşlar, insandan onu yeməyini xahiş edən meyit və s. Bir də hər addımda özünü ironiya predmeti etməkdən çəkinməyən və bu yolla vəziyyətdən çıxmağı bacaran müəllifin özü. Bütün adı çəkilən inanılmaz situasiyalar qəhrəmanın yaşadıqları, başına gələn əhvalatlar kimi təqdim edilir və sonda yuxu olduğu məlum olur. Baxmayaraq ki, müəllif təsvir olunan hadisələrin heç birini yuxuda görmədiyini qeyd edir: “Mətnlərin yazılışında yuxugörmədən, sadəcə, bədii forma kimi istifadə etmişəm. Tətbiq etdiyim metod sonsuz insan iztirablarını əhatəli təsvir etmək üçün mənə geniş imkan yaratdı. Hekayələri oxuyarkən, real və mistik dünyanın qorxunc hədəfində insan iradəsinin necə aciz olduğunu görəcəksiniz”.

***

“Amurun hekayələri” kitabına Murad Köhnəqalanın bir povesti və yeddi alleqorik uşaq hekayəsi toplanıb. Daha çox balacalar və yeniyetmələr üçün nəzərdə tutulan bu hekayələrlə yazıçı öyrəşdiyimiz uşaq ədəbiyyatı modelindən kənara çıxır. Öyüd-nəsihət ritorikasından imtina edib fantastik təxəyyülün sınırlarını genişləndirməyə çalışır. Burada klişe fəndlər, klişe xarakterlər nəzərə çarpmır. Eləcə də pritça elementlərinə yer verilmir. Yazıçı sadəcə, heyvanlarla insanların, yaxud onların bir-birinə olan münasibətini, davranışını anladır, onların dünyası ilə tanış edir, ətrafa münasibətini göstərir. Qarışqa zəhmətsevərliyi ilə deyil, təkəbbürü ilə yadda qalır, itin, qarğanın insanlardan incikliyi, dələnin cücə ilə, ayının porsuqla dostluğu diqqət çəkir. Eşşək şanapipiklə, meymun çəyirtkə ilə, parabüzən qarışqa ilə öz davranışlarına uyğun çərçivədə zarafatlaşıb çəkişə bilirlər. Hekayələrdə dostluq, inam, anlaşma, güvən kimi hisslərin heyvanların şəxsində təsvir həlli primitiv alınmır. Əsas odur ki, onlar öz təbiətlərinə, xarakterlərlərinə inandıra bilirlər.

Aydındır ki, uşaqlar üçün yazılan mətnlər rəvan dillə yazılmalı, dinamik olmalı, rəngarəngliyi ilə seçilməli, rahat qavranılmalı, uşaqların psixologiyasını yoran ağır süjetlərdən yan keçməlidir. “Amurun hekayələri” kitabında yer alan hekayələrində bu cəhətlərin qorunması ilə yanaşı həm də, mənəvi aləmin, uşaq dünyasının saflığını qorumaq çabası vurğulanmalı məqamdır. Məsələn, “Parabüzənin baharı” hekayəsində yazıçı qarışqa ilə parabüzənin davasını, bir-biri ilə çəkişməsini maraqlı sonluqla bitirir: “Parabüzənin ona yazığı gəldi və yoldan kənara çəkildi. Qarışqa yükünü təkrar ağzına götürüb öz cığırı ilə irəliləyə-irəliləyə dodaqaltı da olsa son sözlərini Parabüzənə çatdırdı:

– Mənə nə sən mənənə yeyirsən? Sən get uşaqların başını aldat! “İndi gedib atanı gətirəcəm, indi gedib ananı gətirəcəm!” Ayıb deyil, utanmırsan məsum körpələri aldadırsan?

Parabüzən qul karvanında yürüyən Qarışqanın arxasınca qışqırdı:

– Mən uşaqları aldatmıram, ey qul! Mən onlara ümid verirəm, ümid! Sən belə şeyləri hardan biləsən?!”

***

Murad Köhnəqalanın şair, nasir və uşaq yazarı olaraq hasilə gətirdiyi mətnlər işığında onun üç fərqli obrazı görünür. Fəqət bu fərqliliyin bir meridianda birləşdiyi, bir ərazidə kəsişdiyi məqamlar eynidir: istedadının fərdiliyini təmin edən azadlıq, nəfəs genişliyi və fikir sərbəstliyi. Müəllifin bütün yaradıcılıq bəhrələrinin enerji mənbəyində bu vəhdətin təsir gücü danılmazdır.

Share: