“Yanvarın 11-də doğulanlar” silsiləsindən
Onun barəsində fikirlərimi hələ ABŞ-da yaşadığım vaxtlarda sizinlə bölüşmək istəyirdim. Məlumatım az olduğundan bir neçə sual göndərdim ki, cavablandırsın. O isə təvazökarlıq edib məni fikrimdən yayındırdı. Artıq o vaxtdan bir neçə il keçib. Müşahidələrimə söykənib bu gözəl insan haqqında beş-on kəlmə söz deməyə səy göstərəcəm. Axı yanvarın 11-də onun 69 yaşı tamam olur…
Necə deyərlər, doscanlı adamdır. Harada yaxşı adam tanıdısa, nəvazişini ondan əskik etmir. Sədaqət göstərir, dəyər verir. Dostlarından biri- psixoloq, jurnalist və video bloger Ramil Nəcəfli onu belə təqdim edir: “Regionlarda yaxşı həkim probleminin olması heç kimə sirr deyil. Bu baxımdan Gəncəbasar zonasının əhalisinin bəxti gətirib. Orada peşəkarlar kifayət qədərdir. Bakıya gəlməyə ehtiyac qalmır.
Şəmkir rayonunun fəxri, mehriban insan, gözəl həmsöhbət, geniş dünyagörüşlü, peşəkar doktor Altay Quliyev də məhz regionlarda yaxşı həkimə olan ehtiyacı təmin edən doktorlarımızdan biridir…”
Bəli, söhbət 1955-ci ildə Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olmuş bir həkimdən gedir. O, orta təhsilini qızıl medalla bitirərək, 1971-ci ildə indiki Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakultəsinə qəbul olunub və 1977-ci ildə oranı bitirib. Ali təhsilini başa vurduqdan sonra bir il Gəncə şəhərində Abbas Səhhət adına Mərkəzi Xəstəxanada, kardiologiya və terapiya şəbələrində internatura keçib. Sonradan doğma Çinarlı qəsəbə xəstəxanasında terapevt və həmin xəstəxanın baş həkimi işləyib. İxtisasca terapevt olan doktor Altay Quliyev peşə fəaliyyətində özünü təkmilləşdirmə yolu ilə tibbdə digər ixtisaslara, o cümlədən ultrasəs müayinə həkimi ixtisasına da yiyələnib. 2021-ci ildən həkimlik fəaliyyətini özəl xəstəxanalarda davam etdirməkdədir…
Deyir ki- “Dostlarla bir yerdə olmağı və səyahət etməyi xoşlayıram. İndiyədək 40-dan artıq ölkədə olmuşam. Əsas meyarım düzgünlükdür, nə aldatmıram, nə aldanmağı bağışlamıram. Ən böyük arzum isə İrəvanda Göy məsciddə namaz qılmaqdır.”
Əslən İrəvan şəhərinin Təpəbaşı məhəlləsindəndir. Hətta 7-ci babasının məzarı da oradadır…
Ciddi olduğu qədər də baməzədir. Səfərləri ilə bağlı xatirələri çoxdur. Getdiyi ölkələr haqqında danışanda Roma şəhərini xüsusi qeyd edib,
“20- 25 ilin söhbətidir. O vaxt futbol “şotu” oyunu dəbdə idi. 25 faiz təşkilatçılara çatmaqla futbol biliciləri “şot” verərdilər. Kəndimizdə bu işə baxanlardan biri rəhmətlik Hüseyn idi. Növbəti turların birində 11 oyundan biri Roma – Latsio oyunu ertəsi gün olmalı imiş, bir nəfər bütün oyunları düzgün tapır, Romanın oyununa yalnız qələbə yazır. Səhər çayxanada Hüseyn həmişə proqnoz yazan kəndçimiz Vahiddən soruşur ki, səncə Roma necə oynayar, Vahid də qayıdasan ki, ax Roma, Roma, sən çox vicdansızsan… Həmin axşam Roma öz stadionunda gözlənilmədən uduzur. Soruşa bilərsiniz ki, Romaya səyahətimin bu söhbətə nə dəxli var? Dəxli ondadır ki, çünki romalılar hər yerdə gəlmələri aldatmağa çalışırlar… Şahidi olduğum üçün indi mən də deyirəm, ax Roma, Roma…”- söyləyir.
Nə isə, gözəl insan, şəfalı əllər sahibi Altay Quliyev haqqında hələlik bildiklərim bu qədərdir. Onu 69 yaşı münasibəti ilə ürəkdən təbrik edir və söz verirəm ki, 70 illik yubileyində daha ətrafı yazı ilə görüşünüzə gələcəm…
Çox yaşa, doktor!
Hörmətlə, Elman Eldaroğlu