Hay ver mənə, cənab leytenant…
Qələbə … Dilimizdə ən şirin söz, yaşadığımız ən möhtəşəm ilahi hiss. Amma qələbə həm də məğlubedilməz igidlərin qanıdır, qurban gedən canıdır, ölümün özünü sarsıdan cəsarətidir, hünəridir və buna görə …ağırdır! Vətən yanğısıdır, Vətən sevgisidir Qələbə! Erməni qəsbkarlarından azad edilən hər qarış torpağımız ölümün gözünə dik baxan, şəhidlik şərbətini könüllü içən igidlərimizin qanına boyanıb.
Qələbənin ağır yükünün altına çiyinlərini cəsarətlə verən, döyüşün ilk günündən cəhbəyə könüllü yollnan və şəhadət anına qədər mətanətlə döyüşən igidimizdən – 30 yaşlı Şuşa qəhrəmanı , şəhid Vüsal Kazımovdan söz açmaq istəyirəm .
Vüsal Kazımov 1990-cı ildə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində , cənub bölgəsinin tanınmış ziyalısı , LDU-nun sosial məsələlər üzrə prorektoru, filologiya elmləri namizədi, dosent Kamran Kazımovun ailəsində dünyaya göz açmışdı. Vüsal həm Lənkəran Dövlət Universitetinin məzunu, həm tələbəsi idi. Fiziki tərbiyə və gənclərin çağırışa qədərki hazırlığı fakültəsini bitirdikdən sonra ikinci ali təhsil kimi iqtisadiyyat ixtisasını seçmişdi, sonuncu- V kurs tələbəsi idi. Bu ilin əvvəlindən Lənkəran şəhər uşaq gənclər və idman məktəbinin direktoru təyin edilmişdi. Rayonda , universitetdə vətənpərvərlik mövzusunda keçirilən bütün tədbirlərin ön sıralarında idi. Onun sosial şəbəkə üzərindən paylaşımlarına diqqət etsəniz bir gəncdə bu qədər Vətən təəssübkeşliyinin, sevgisinin olmasına həsəd aparacaqsınız. Belə ailədə doğulmuşdu, belə böyümüşdü, belə tərbiyə almışdı Vüsal.
Müharibənin ilk günündən könüllü olaraq cəhbəyə gedəndə nikbin ovqatda “yaxın günlərdə qələbə ilə qayıdacağam” demişdi, amma iki körpə qızını həm həyat yoldaşına, həm anasına əmanət etmişdi, atasından həya etmişdi. Füzulinin, Qubadlının, Cəbrayılın, Zəngilan işğaldan azad olunması xəbərlərini atası ilə hər paylaşanda ürəkdən sevinirdi Vüsal.Amma bu sevincli xəbərlərin davamı oktyabrın 26-da kəsildi. Bir də noyabrın 29-da şəhid olma xəbəri gəldi …Şuşa ətrafındakı döyüşlərdə qəhrəmanlıqla həlak olmuşdu baş leytenant Vüsal Kazımov.
Qəhrəmanlıq –içərək
Acı ölüm tasından
İrəliyə atılmaq və
Sonra dönməməkdir!
Vüsal 3 rəngli bayrağımıza bükülü tabutda döndü ata ocağına… “Ölümün qolları güclü olsa da, Vətən məhəbbəti güclüdür ondan” deyən oğlanı son məzara bütün Lənkəran yola saldı. 30 yaşlı gəncin şəhadəti bütün tanıyanlarını qəlbən sarsıtdı. Vüsalı hicrana dönən igid
Səndən təsəlli bir zabit mundiri,
Bir cüt ulduzlu, aylı paqonlar
Və bir də ata yolu gözləyən iki körpə qız övladı yadigar qaldı … Hələ dil açmayan körpə Aynurun sənə ata deməyə macalı olmadı, 6 yaşlı Nurayı ovutmaq isə çox ağırdır…Yeganə oğlunu itirən Kamran müəllimə təsəlli verəcək qədər ağır… Qələbənin çəkisi qədər ağır…
Esmira İsmayılova
LDU-nun mətbuat xidmətinin rəhbəri.
Müstəqil.Az