Onu heç yaxından görmədim.
Kənd uşağıydım və şəhər mühütündə yaşayan insanların necəliyini televiziyadan görərdim, müəyyən edərdim. Şəhərlilər kəndlilərdən fərqli olardı və bu fərqi biz TV-lərdən müəyyənləşdirərdik.
…Onu bizim kənddə hər kəs sevirdi. O dövrün xəbərləri indinin xəbərləri kimi olmazdı, ütülənmiş sözlər, ifadələr və sair. Amma bu ütülənmə onun səsində, simasında ətrini, təravətini itirməzdi.
Zatən o qədər TV də yox idi ki, seçim də olsun, hər gün görürdük onu və onun həmkarlarını…
Ona acıdığımız vaxtlar da olmuşdu. Bir dəfə kəndimizə səs yayıldı ki, o, həyat yoldaşından, özü qədər məşhur olan diktor Roza Tağıyevadan ayrılıb. Kənd arvadlarının əli üzündə qalmışdı…
Bundan sonra daha qara bir xəbər kəndlilərimizin üstündən qara yaylıq kimi asıldı, camaatı üzdü. Söz söhbət gəzdi ki, onların yeganə oğlanları özünün xalası oğlu tərəfindən qətlə yetirilib.
Rafiq Hüseynov o vaxtlardan yaddaşıma bir az dərdli, bir az acı taleli, şəxsi həyatda bəxti gətirməyən, həm də ağırtaxta, ötkəm, ecazkar səsli bir kişi kimi köçmüşdü. Qəribə idi, mənə elə gəlirdi ki, orta məktəbi bitirib şəhərə oxumağa gəldikdə onunla mütləq qarşılaşacam.
Amma 37 ildir bakılıyam, bu illər ərzində onu heç yaxından görmədim, yenə də ekrandan qonağımız oldu…
Uzun sürən xəstəliklə əlbəyaxa oldu. Amma bu vaxta qədər pedaqoq kimi, təcrübəli bir televiziya işçisi kimi çoxlarına əl uzatdı, dilin, sözün qədrini bilməyi, nəvazişlə ifadə etməyi, şair demişkən, sözün tozunu silməyi öyrətdi…
Tələbələri, dostları, elə özünün şöhrəti onun adının “əlindən tutub” ölkədən kənara çıxardı. O qədər uzağa ki, ölümünü də Almaniyada haqladı.
Qürbətdə dünyasını dəyişmək necə olur görəsən?..
Onu heç yaxından görmədim… Amma onunla söhbət etmək, yaxşı bir yazı yazmaq keçib könlümdən. Həmişə də sonraya saxlamışam. “Vaxt var”, demişəm.
Heç inana bilmirdim ki, o da öləcək…
Faiq Balabəyli