Heç kim Azərbaycandakı mili həmrəylik mühitinə zərbə vura biləcəyini əsla düşünməsin!

Heç kim Azərbaycandakı mili həmrəylik mühitinə zərbə vura biləcəyini əsla düşünməsin!

Qalib ölkə olmaq və qalib xalq kimi yaşamaq həqiqətən də həm şərəflidir, həm də çox çətindir. Çətinliyi isə ilk növbədə onunla bağlıdır ki, qalib ölkənin qələbəsini, uğurlarını həzm etməyənlər çox olur və onlar qalib ölkənin uğurlarının əhəmiyyətini azaltmaq, onun inkişafının qarşısını almaq üçün hər vasitəyə əl atır.

Biz 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərdən sonra Azərbaycana qarşı da eyni ssenarilərin işə salındığının şahidi oluruq.
Belə ki, torpaqlarımızı təcavüzkar Ermənistanın 30 il davam edənişğalından azad etməyimizlə barışmayan bəzi qüvvələr Azərbaycanı sıxışdırmaq, ölkəmizə qarşı qaralama kampaniyası aparmaq üçün cürbəcür təzyiq metodlarını işə salmağa çalışırlar. ATİŞ adlı bir təxribatçı təşkilatın Azərbaycanda yaşayan talışların hüquqlarının pozulması, onlarının saylarının azaldılması, təhsil almaq hüququndan məhrum edilməsi və s. kimi cəfəng iddialarının yer aldığı qondarma “hesabat”ın yayılması və “Meydan TV” adlı şər-şəbədə media qurumunun həmin “hesabat”ı həvəslə tirajlaması da ölkəmizə qarşı sözügedən təzyiq metodlarının yeni bir komponentidir.
Mən Milli Həmrəylik Partiyasının (MHP) sədri olaraq məlum “hesabat”dakı iddiaları tamamilə əsassız və uydurma hesab edirəm. Çünki Azərbaycan milli azlıqların hüquqlarının hər hansı bir formada – istər etnik zəmində, istər siyasi zəmində, istərsə də irqi ayrı-seçkilik müstəvisində bəlkə də ən az pozula biləcəyi bir ölkədir. Bizim ölkəmizdə ictimai mühitin hər hansı bir sahəsində heç kimə qarşı “sən talışsan”, “sən kürdsən”, “sən tat və ya ləzgisən” deyə fərq qoyulmur, ayrı-seçkilik olunmur. 10 milyonluq toplumumuzdə kimsə milli mənsubiyyətinə görə diskriminasiyaya məruz qalmır. Burda istənilən xalqın, istənilən icmanın nümayəndəsinə qarşı tam tolerant münasibət mövcuddur.
Mən bütün bunları əminliklə deyirəm. Çünki tale və iş elə gətirib ki, mənim dostlarımın arasında talış xalqının nümayəndələri də çoxdur. Həmin dostlarımdan hər hansı birinin indiyə qədər milli kimlik zəminində hər hansı bir təzyiqə, sıxışdırmaya məruz qalması və yaxud məhz talış olduqlarına görə hüquqlarının pozulması barədə şikayətləndiklərini görməmişəm. Bu ölkədə bütün vətəndaşların hüquqları etnik mənsubiyyətindən asılı olmayaraq hamı üçün ümumi xarakter daşıyan vahid qanunlarla qorunur, tənzimlənir. Ölkədə hər hansı problemlər varsa da, o problemlər də hamı üçün ümumi xarakterli problemlərdir. Yəni ki, o problemlərlə, o çətinliklərlə gündəlik həyatımızda ayrıca olaraq məhz talışlar və ya kürdlər deyil, ümumən bütün azərbaycanlılar qarşılaşır. Odur ki, mən sözügedən “hesabat”ı birmənalı şəkildə Azərbaycana qarşı, milli birliyimizə qarşı növbəti təxribat və qərəzli addım kimi dəyərləndirirəm.
Bəzi bədxah qonşumuz tərəfindən qızışdırılan və eləcə də Avropadakı anti-Azərbaycan mövqeli hüquq-müdafiə təşkilatları tərəfindən məqsədyönlü surətdə dəstəkənən ATİŞ kimi destruktiv qurumlar bu cür “hesabat”lar yaymaqla məlum məsələdir ki, qaşınmayan yerdən qan çıxarmağa, süni şəkildə gündəm yaratmağa çalışırlar. Erməni separatizminin məğlubiyyətə uğradığını görən həmin qüvvələr bu cür təxribatçı “hesabat”larla çıxış etməklə indi də Azərbaycanda yeni separatçılıq ocaqları yaratmağı hədəfləyirlər.
Ancaq bu cür əsassız iddialarla, absurd və uydurma ittihamlarla bizim milli birliyimizi pozmaq, Azərbaycan xalqını parçalamaq mümkün deyil. Kimsə buna cəhd göstərməsin. Heç kim Azərbaycandakı mili həmrəylik mühitinə hər hansı bir formada zərbə vura biləcəyini əsla düşünməsin! Zatən talışlar da, Azərbaycan da yaşayan digər xalqlar da Azərbaycan türkləri ilə birlikdə 44 günlük savaşda çiyin-çiyinə verməklə, qəhrəmancasına vuruşmaqla hər kəsə – dostlarımıza da, düşmənlərimizə də bizim birliyimizin gücünü, qüdrətini göstərdilər. Biz birlikdə güclü olduğumuzu hamıya nümayiş etdirdik və bundan sonra da etdirəcəyik!
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: