Sənət uğrunda ailəni tərk etmək…
Faina Ranevskaya 1896-cı il avqustun 27-də Rostov vilayətinin Taqanroq şəhərində yəhudi ailəsində anadan olub. Onun atası Feldman Qirşi quru boya istehsal edən fabrikin sahibi idi. Anası Feldman Milka isə evdar qadınıydı. Onların ailəsində Fainadan başqa iki qardaş və Fainadan yaşca böyük İzabella adlı bacısı vardı. Fainanın 5 yaşı olanda onun balaca qardaşı dünyasını dəyişir.
Fainanın sakit mehriban ailəsi olsa da o, öz uşaqlığını heç vaxt sevinclə xatırlamır: “Mənim ətrafımda baş verən kədərli hadisələr mənə hər zaman öz tənha uşaqlığımı xatırladır.”
O, öz həmyaşıdları ilə dostluqdan qaçır, heç kimlə yaxınlıq etmir, dərslərini çox pis oxuyurdu. Buna baxmayaraq o, zəngin tacir ailəsində böyüdüyündən evdə onun üçün xüsusi olaraq keçilən musiqi və xarici dil dərslərini səylə mənimsəməyə çalışırdı. 1913-cü ildə Faina ilk dəfə Moskva Bədii Teatrının səhnəsində Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış tamaşaya baxır. Həmin tamaşadan sonra o, teatr vurğununa çevrilir. Sonralar o, “Albalı bağı” pyesinin qəhrəmanının soyadını özünə təxəllüs götürür. Bu isə çox sadə bir əhvalat zamanı baş verir.
Bir o, rəfiqəsi ilə küçədə gəzərkən çantasından çıxartmaq istədiyi pulu əlindən yerə salır. Güclü külək həmin pulları havaya sovurur. Kağız pulların havada uçuşmasına tamaşa edən Faina qəhqəhə ilə gülərək deyir: – Onlar necə gözəl uçurlar. Bunu görən rəfiqəsi təəccüblənib deyir :-siz eynən Ranevskaya kimisiniz. Beləliklə Ranevskaya onun ləqəbinə sonralar isə təxəllüsünə və rəsmi soyadına çevrilir.
Faina aktrisa olmaq üçün qərar verib teatr studiyalarının birində səhnə dərsləri üzrə hazırlığa getməyə başlayır. Atası onun aktrisalığa olan istəyindən xəbər tutan kimi ailədə güclü mübahisə yaranır. Atasının qərarına əsasən aktrisalıqdan söhbət belə gedə bilməzdi. Bu səbəbdən də Faina ciddi olaraq arzuladığı sənətlə məşğul olmaq üçün yaşadığı şəhəri tərk etmək məcburiyyətində qalır. 1915-ci ildə o, Taqanroqu tərk edərək Moskva şəhərinə yola düşür. Lakin, böyük ümidlərlə üz tutduğu Moskva onu xoş qarşılamır. Heç bir teatr məktəbi onu qəbul etmir. Məcburiyyət qarşısında qalan qızcığaz özəl məktəblərin birinə qəbul olunmaq məcburiyyətində qalır.
Peşəkar səhnə uğurları…
Bir müddət sonra isə O, aktrisa Yekaterina Qelser ilə tanış olur. Qelserin məsləhəti ilə o, Moskva yaxınlığında yerləşən Malaxov adına yay teatrına yazılır. Faina ilk olaraq nəzərə çarpmayacaq, epizodik səhnələrdə çıxış etsə də, onun üçün Olqa Sadovskaya, Pevsov kimi aktyorlarla işləmək böyük xoşbəxtlik olur. Həmçinin Fainanın böyük aktrisa olacağını proqnozlaşdıran ilk sənət adamı da Pevsov olur. Faina bir müddət həmin teatrda işləyir. Sonra isə ailəsinin xarici ölkəyə mühacirət etdiyini eşidir. Moskvada baş qaldıran vətəndaş müharibəsi ərəfəsində tənha qalan Faina aktrisa Pavla Vulf ilə tanış olub dostluq etməyə başlayır. Moskvada daimi qalıb yaşaya bilmək üçün ona dramaturq Maks Voloşin köməklik edir. Teatr aktyorları truppasına üzv yazılan Faina rejissor Pavel Rudinin hazırladığı “Roman” tamaşasında Marqarita Kavalina obrazını çox ustalıqla ifa edir. Ardınca o, “Sonuncu qurban”, “Canlı meyit”, “Müfəttiş”, “Fırtına” kimi tamaşalarda aparıcı rolları ifa edir.
1925-ci ildə O, Pavla Vulf ilə birlikdə Moskva Xalq Teatrına qəbul olunurlar. Orda işlədiyi müddətdə onuKamera teatrında işləmək fikri bərk məşğul edir. Faina Kamera Teatrının baş rejissoru Aleksanr Tairova məktub yazmaq qərarına gəlir. İlk məktuba o heç bir müsbət cavab ala bilir. Lakin, sonra rejissor öz qərarını dəyişib Fainanı teatra qəbul edir. Xeyli vaxt həmin teatrda işlədikdən sonra o, Moskva Qızıl Ordu Teatrına, daha sonra Malıy teatrına dəvət olunur. Moskva Qızıl Ordu Teatrı onu buraxmaq istəmir. Faina ilə teatrdan böyük mübahisə ilə ayrılır. Lakin bu dəfə də Malıy teatrı onu qətiyyətlə truppaya qəbul etməkdən imtina edir.
Romen Rollanın və Teodor Drayzerin diqqət mərkəzində.
Aktrisanın kino ilə ilk tanışlığı 1934-cü ildə rejissor Mixail Rommun dəvəti ilə “Toppuş” filmində baş tutur. Həmin ərəfədə Moskvada səfərdə olan yazıçı Romen Rollan filmi seyr edərək Ranevskayanın ifasını xüsusi qeyd edib, filmin Fransada göstərilməsi üçün xahiş etdi. Film fransız tamaşaçıları tərəfindən də yaxşı qarşılanıb, böyük uğur qazanır.
“Toppuş” filmindəki uğurundan sonra Faina təkrar kinoya çəkilmək istəməyərək – “bütün bunlar çox yorucu işlərdi” kimi fikirlər səsləndirdi. Buna baxmayaraq üç ildən sonra işsiz qalan, teatrdan uzaq olan aktrisa rejissor İqor Savçenkonun filminə çəkilməyə razılıq verir. Kino onu ələ almağı bacarır. Ard-arda gələn film təkliflərinin heç birinə yox demir. 1940-cı ildə aktrisa yenidən Mixail Rommun dəvəti ilə “Arzu” filminə çəkilir. Həmin film aktrisanın kinokaryerasında çox önəmli yer tutur. Belə ki, aktrisa öz xatirələrində yazırdı: “Bütün həyatım boyu mən o cür sevinc yaşamamışam. Nə teatrda, nə kinoda. Mixail Romm ilə mənim həmin filmdəki işim unudulmazdı. Mən Mixail müəllimdən aktyora necə davranmağın, insan xasiyyətinə incə yanaşmanın, xeyirxahlığın, əsl müəllim sənətinin sirlərini öyrənmişəm. Həmişə bu böyük insana qarşı olan minnətdarlıq hissimi qoruyub saxlamağa çalışmışam. Hər zaman ona məni məhz “Azru” filminə dəvət etdiyi üçün sonsuz təşəkkür hissləri duymuşam.”
Həmin filmi izləyən yazıçı Teodor Drayzer aktrisanın ifasını çox yüksək qiymətləndirib.
Böyük vətən müharibəsi başlandıqdan sonra o, bir müddət Daşkənd şəhərinə evakuasiya olunur. Lakin, 1943-cü ildə yenidən Moskvaya qayıdıb. Mayakovski adına Dram Teatrına qəbul olunur. Rejissor İsidor Annenskinin “Toy” filmində gəlinin anası rolunu ifa edir. Həmin filmdə aktrisa güclü aktyor ansamblı ilə işləyir. Bu film uzun illər tamaşaçıların sevimli fimi olur. Aktrisanın həmin filmdə işlətdiyi frazalar uzun illər dillərdə gəzir. O, müharibədən sonra 1947-ci ildə “Bahar”, “Küllücə” filmlərinə çəkilir. “Küllücə” filmindəki ögey ana obrazı kinotənqidçilər tərəfindən onun ən yaxşı komik rolu kimi qeyd olunur.
Əzizim, sizin paxıllığınızı çəkirəm
Bütün həyatı boyu aktrisa heç kimlə ailə həyatı qurmayıb. Bir dəfə kiminsə heç sevmisinizmi sualına o, gəncliyində baş vermiş hadisəni nəql edir: “Mən çox uzaq keçmişdə cavan və yaraşıqlı bir aktyoru sevirdim. Bir dəfə axşam o, mənim evimə qonaq gələcəyini bildirdi. Həmin günü çox zəhmət çəkməli olmuşdum. Amma doğurdan da gözəl süfrə alınmışdı. Gözlədiyim sevgili isə içkili vəziyyətdə, üstəlik də yanında cavan bir qızla mənim yanıma gəlib dedi: Əzizim, bəlkə yarım saatlığına çıxıb bir yerdə gəzişib, sonra qayıdasınız. Həmin gündən sonra kişilərə tərəf baxa bilmirəm. Onlar alçaq və sürünənlərdi”
60-cı illərin başlanğıcı aktrisa təklikdən əziyyət çəkir. O, Fransada yaşayan bacısı İzabelladan məktub alır. Həmin ərəfədə bacısının həyat yoldaşı təzəcə rəhmətə getmişdi. Faina israr edirdi ki, bacısı gəlib onunla birgə yaşasın. Mədəniyyət Nazirliyinin köməkliyi ilə o, bacısını öz yanına gətirdə bilir. Xeyli müddət birlikdə yaşayan iki bacı bir gün faciə ilə qarşılaşır. İzabellada xərçəng xəstəliyi aşkar olunur. Bütün müalicələr, keçirilən əməliyyatlar köməksiz olur. 1964-cü ildə İzabella vəfat edir.
Aktrisanın filmdəki son işi “Bu gün yeni attraksion” filmi olur. 60-cı illərin ortalarından başlayaraq aktrisa yenidən teatra qayıdır və ömrünün sonuna qədərə teatra bağlı qalır. Mürəkkəb xarakteri ucbatından Faina Ranevskaya yaşının ahıl çağlarında daha da tənhalaşır və ətrafındakı insanlarla kobud rəftar edir. Onun daima çəkişdiyi, ağlatdığı insanlardan biri də aktrisa İya Saavina olub. Lakin, bir dəfə onun xətrinə bərk dəydikdən sonra o, İyaya zəng vurub üzrxahlıq edir: “Əzizim, mən çox tənhayam. Dostlarımın hamısı dünyadan köçüb. Mənim bütün həyatım işdən ibarətdir. Qəfildən isə hiss etdim ki, sizin paxıllığınız çəkirəm. Bu ərköyünlük, və ya özündən razılıq deyil. Mən çox çətinliklə işləyirəm qızım. Daimi qorxu məni həmişə izləyir. Səhnə, publika, hətta tərəf müqabili qarşısında yaranan bu qorxunu sizə başa sala bilmərəm. Bu mənim həyatımdı. Və bu həyat haqqında düzgün qərarlar tətbiq edə bilməmək çox qorxuludu.”
Əxlaqsızlıq buz üzərində baletdir
Ölümündən bir il əvvəl aktrisa səhnədəki son rolundan imtina edir: Özümü yaşlanmış əşya kimi hiss edirəm. Bütün sümüklərim ağrıyır. Çox yorulmuşam, çox. Bu günə qədər bir çox teatrlarda işləsəm də, heç birində rahatlıq tapmadım. Səksən yeddi il! Mən axı Aleksandra Yabloçkina deyiləm ki, yüz il səhnədə olum. Yox, artıq səhnəyə çıxmayacağam.
Fanevskaya aktrisalıqla yanaşı bir çox məşhur sitatların da müəllifi olub:
“Təklik bundan ibarətdir ki, evdə telefon ola-ola, saatın zəng çalır.”
“Homoseksuallıq, mazoxistlik, sadistlik əxlaqsızlıq deyil. Əxlaqsızlıq buz üzərində balet, ot üzərində xokkey oynamaqdan ibarətdir.”
“Sizə yaxın adamlarla olan münasibətlərinizdə ən bağışlanmaz günah uğurdu”
“Əgər gördüyün yuxunu kiməsə danışa bilirsənsə, deməli tək deyilsən“
Faina Rayevskaya 19 iyul 1984-cü ildə sətəlcəm və infarktdan dünyasını dəyişir.